Təhsilə qayğı gələcəyin açarıdır
Elm və təhsil

Təhsilə qayğı gələcəyin açarıdır

Azərbaycanda təhsil islahatları bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin təhsil sisteminin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Onun təhsil siyasətinin əsas istiqamətini tədris müəssisələrinin geniş şəbəkəsinin yaradılması, zəngin maddi-texniki bazasının formalaşdırılması, ölkə gənclərinin respublikadan kənarda ali məktəblərə göndərilməsi, hərbi kadrların yetişdirilməsi, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev həmişə elmə, təhsilə, elm xadimlərinə böyük qayğı göstərib, təhsilin problemlərini həyata keçirməyə çalışıb.

Ulu öndər dilimiz, tariximiz, ədəbiyyatımız və təhsilimizin tərəqqisinə böyük qayğı göstərib. Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında 2000-ci il 13 iyun tarixli Fərman milli təhsilin dünya standartları səviyyəsinə qaldırılmasına və dinamik inkişafına böyük təkan verdi, ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi. Fərmana əsasən məktəbəqədər təhsil və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlandı, müəllimlərin əlavə təhsili, müasir tələblərə cavab verən attestasiya mexanizmi yaradıldı, təhsil sistemində yeni şəraitə uyğun idarəetmə şəbəkəsi quruldu. Təhsil müəssisələrinin özünüidarəetmə əsasında fəaliyyətinin təşkili, tədris prosesinin səmərəliliyini artırmaq nəzərdə tutulan başlıca vəzifələr idi. Nəticədə icbari ümumi orta təhsilin optimal müddətinin, müəllimlərin illik və həftəlik tədris yükünün minimum həddi müəyyənləşdirildi, təhsil sisteminin maddi-texniki bazası möhkəmləndirildi, təhsil işçilərinin sosial müdafiəsi gücləndirildi, təhsilin keyfiyyətinə nəzarət mexanizmi hazırlandı. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev uğurlu təhsil islahatları aparır. Ölkə başçısı 2017-ci ildə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli Fərmanda dəyişiklik edilməsi barədə Sərəncam verib.

Ulu Öndərin ötən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi ali təhsil sahəsindəki uğurlu siyasəti nəticəsində o dövrdə 15 mindən çox azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. Ümummilli Lider Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, hər cür qayğı göstərir, onları "Azərbaycanın milli sərvəti" adlandırırdı. Həm də istedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün ali məktəblərə qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü. Onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda beş ali təhsil müəssisəsi açılıb, ali məktəblərdə yüz minə qədər tələbə təhsil alıb, yeni kadrlar yetişdirilib. Təhsilimizin dünya standartlarına uyğunlaşdırılmasına xüsusi diqqət və qayğısı ilə yanaşı, Ümummilli Lider Heydər Əliyev milyonların qəlbində özünə əbədi abidə qurub, qəlbimizdə daim yaşayacaq.

Jalə QƏHRƏMANOVA,

"Respublika".