Təbiətə vurulan yaralar sağalır
Ekologiya

Təbiətə vurulan yaralar sağalır

Ekosid transmilli cinayətdir və ekosistemin tamamilə və ya qismən məhv edilməsi məqsədilə törədilir. Beynəlxalq hüquqa görə ekosid həm də canlı orqanizmlərə, ilk növbədə, insanın yaşadığı ətraf mühitə qarşı, habelə bəşəriyyətin ekoloji təhlükəsizliyi əleyhinə yönələn ictimai təhlükəli əməldir.

"Ekosid". Bu termini A.Qalston Hind-Çindəki hadisələri araşdırarkən 1970-ci ildə elm aləminə gətirib. Bu əməl müxtəlif beynəlxalq konvensiya və müqavilərlə qadağan edilmişdir və onu törədənlər müvafiq beynəlxalq hüquqi məsuliyyət daşıyır. XX və XXI əsrlərdə çoxsaylı beynəlxalq cinayətlər törətmiş Ermənistana isə heç vaxt "gözün üstündə qaşın var" deyən olmayıb...

Ermənistan Azərbaycana qarşı hərbi və ekoloji təcavüzə 1988-ci il noyabrın 15-də başladı. Şuşada tarixi Topxana meşəsi məhz həmin gün yandırıldı, nadir ağaclar buldozerlərlə məhv edildi, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd olundu, ekoloji soyqırımı törədildi. Ermənistan SSR-in alüminium zavodlarından birinin filialının Topxana meşəsində tikintisinə başlanıldı. Xalqımızın tarixi, milli irsi, özünümüdafiə simvolu və qürur mənbəyi olan Topxana meşəsinin qırılması respublikamızda etirazlara səbəb oldu. Sonrakı illərdə ermənilərin Qarabağ və Şərqi Zəngəzurda ekoloji cinayətləri daha geniş vüsət aldı.

Ümumiyyətlə, ekoloji cinayətlər hər zaman bəşəriyyəti narahat edib. 2010-cu il aprelin 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin yaz sessiyasında Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər, o cümlədən ermənilərin ekoloji cinayətləri də müzakirə edilmişdi. Həmin müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu və bunun nəticəsində meşələrə ciddi ziyan dəydiyini diqqətə çatdırmışdı. Yeri gəlmişkən qeyd edək ki, işğal altında olan ərazilərin böyük hissəsi meşələrdən ibarətdir. Qırılan, məhv edilən həmin meşələrdəki ağacların əksəriyyəti "Qırmızı kitab"a düşmüş kökü kəsilməkdə olan nadir növlərdir. Meşələr heç bir fərq qoyulmadan talan edilmiş, mebel sənayesi üçün xammal kimi istifadə olunmuşdu. İndi Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki "Ayı fındığı meşələri"nin yerində boş ərazilər qalıb. Meşələr qırılıb, onların yerində nüvə tullantıları, zəhərli maddələr basdırılıb.

30 illik işğal dövründə Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın "Qırmızı kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki, heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Bundan başqa, təmiz su mənbələri də kimyəvi çirklənməyə məruz qalıb. Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayın çirklənməsi, Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların qeyri-qanuni emalı zamanı əmələ gələn tullantıların axıdılması çayda ekoloji problemə səbəb olub. Bu çayın hazırkı vəziyyəti Xəzəryanı dövlətlər üçün də ekoloji çətinlik yaradır.

Bəsitçay Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarı meşəsi qorunub saxlanılırdı və 107 hektar ərazidə yaradılmışdı. Ermənilər təbiətin bu nadir incisini də yararsız vəziyyətə salıblar.

Ermənilər işğal altında saxladıqları ərazilərdə qəsdən yanğınlar da törədirdilər. Bu yanğınlar nəticəsində ümumilikdə 110 min hektardan çox ərazi yararsız vəziyyətə düşüb. Yanğın zamanı torpağın münbit yuxarı təbəqələri, ot və kollarla birlikdə bütün canlı orqanizmlər də məhv edilmişdir. İşğal altında olan ərazilər düşmən üçün qeyri-qanuni fəaliyyət baxımından da əlverişli olmuşdur. Burada Ermənistan şirkətləri ilə yanaşı, iri beynəlxalq şirkətlər də fəaliyyət göstərirdilər. Onların qanunsuz fəaliyyətinin əsas istiqamətləri dağ-mədən sənayesi və telekommunikasiya sektoru idi. Bu da təəcüblü deyil, çünki Azərbaycanın işğal olunmuş ərazisində 160-dan çox müxtəlif qiymətli metal yataqları, o cümlədən 5 qızıl, 7 civə, 2 mis, habelə 1 qurğuşun və sink, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikuli, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı mövcuddur.

Azərbaycanın iqtisadi potensialı üçün böyük əhəmiyyət kəsb edən bu ehtiyatlar işğal davam etdiyi uzun illər ərzində ermənilər tərəfindən talan edilərək xaricə ixrac olunmuş, ölkəmiz bu torpaqlarda geoloji tədqiqatlar aparmaq və o yerlərin zəngin mineral-xammal bazasından istifadədən məhrum edilmişdi. Ermənilər 2003-cü ildə "Söyüdlü" yatağından 2 ton, 2004-cü ildə 2,5 ton qızıl hasil ediblər. Qarabağda təbii ehtiyatların istismarı iqtisadi ziyanla yanaşı, ciddi ekoloji risklər də yaradıb.

Tarixi qələbədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Zəfər gününün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər. Bununla da Topxana meşəsinin bərpasına başlanılıb. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri sürətlə davam edir, eyni zamanda ermənilərin ekologiyamıza vurduğu zərərin aradan qaldırılması istiqamətində də tədbirlər görülür. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransının iştirakçıları da bunun şahidi olacaqlar.

İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında qələbə əldə edən xalqımız Qarabağ və Şərqi Zəngəzurun təbiətinə düşmənin vurduğu yaraları da tezliklə sağaldacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".