TDT-nin 2023-cü ildə nailiyyətləri
Siyasət

TDT-nin 2023-cü ildə nailiyyətləri

1992-ci ildən davamlı şəkildə keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış TDT müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, həmçinin turizm də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platformadır. Təşkilatın fəaliyyəti çoxşaxəlidir. Aparıcı istiqamətlər regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, habelə beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraqlara əsaslanan bütün sahələrdə regional və ikitərəfli tərəfdaşlığın genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılmasıdır.

Azərbaycan və Türkiyənin tarixi birliyi TDT-nin fəaliyyətinə daha böyük stimul verdi. Bunun nəticəsidir ki, təşkilata üzv olan digər türkdilli ölkələr bu birliyin timsalında qarşılıqlı əməkdaşlığı gücləndirirlər. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də buna əyani sübutdur. Həyata keçirilən layihələr türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı əlaqələri dərinləşdirir.

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasında qarşılıqlı etimad mühitini möhkəmləndirmək, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlıq imkanlarını sürətləndirmək və s. yönündə böyük işlər görüb. 2023-cü ildə TDT-nin üzv dövlətləri və müşahidəçi ölkələr arasında həmrəyliyin artdığı nəzərə çarpır. Həmçinin qeyd etmək lazımdır ki, əməkdaşlıq sahələri 30-a çatıb, təşkilat çərçivəsində siyasət, iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, səhiyyə, təhlükəsizlik və təhsil üzrə 110-dan çox tədbir təşkil olunub. TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi təşkilatların fəaliyyəti də uğurlu olub. 2023-cü ilin xronologiyasına nəzər salsaq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyırdı. 2022-ci ildə TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb.

31 mart tarixində Budapeştdə Macarıstanın sədrliyi ilə TDT-yə üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclası keçirilib ki, bu iclasda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Sözügedən iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər də təşkil edilib.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi. Son iki ildə Qazaxıstana üçüncü səfərini edən dövlət başçısı Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: "Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir".

2024-cü ildə Qazaxıstanın sədrliyi ilə TDT müxtəlif əməkdaşlıq sahələrində daha böyük nailiyyətlər əldə etməyi hədəfləyir. Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də davamlı uğurlara imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

Röya RÜSTƏMLİ,

"Respublika".