2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi, İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
2021-ci il iyunun 15-də tariximizdə ilk dəfə olaraq Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı. Və Qarabağın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk olundu. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Prezident İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu saziş, Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcına çevrildi. Bəyannamə, həmçinin regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Türkiyə-Azərbaycan tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcına təkan vermiş oldu.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsindən artıq iki il keçib. Bu bəyannamə ilə Türkiyə və Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə ucalmışdır. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, sosial sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan edib. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birini qoruyacaqlar. Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi zamanı, öz ordusu ilə Azərbaycanın yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təşviq olunması ilə bağlı da razılığa gəliblər. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılığın əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, hər zaman olduğu kimi, bundan sonra da Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.
Bəli, artıq Türkiyə-Azərbaycan İttifaqı dünyaya meydan oxuyur. Bu günlərdə Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsindən sonra əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca məhz ilk rəsmi səfər kimi Azərbaycana gəlməsi ilə bütün dünyaya, o cümlədən də Türk Dünyasının düşmənlərinə ciddi geopolitik mesajlar verildi. Hər kəsə xəbərdarlıq edilmiş oldu ki, "Türk əsri" layihəsi qaldığı yerdən eyni strateji hədəflərlə davam etdiriləcək. Buna rəqib dövlətlər nə qədər müqavimət göstərməyə çalışsalar da, yeni qlobal güc mərkəzinin yaradılması niyyətindən heç bir halda imtina edilməyəcək. Əksinə, daha da qətiyyətli davranılacaq.
Göründüyü kimi, Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməklə yalnız dünyaya verdiyi mesajla kifayətlənmədi, həmçinin Türkiyənin Şuşada baş konsulluğunun açılacağını anons etdi. Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılması ilə bağlı verdiyi mesaj da bu baxımdan böyük önəm daşıyır: "Azərbaycan nə vaxt uyğun hesab edərsə, Türkiyə Şuşa şəhərində baş konsulluğunu açmağa hazırdır. Türkiyənin Şuşada diplomatik nümayəndəliyinin açılması yalnız Ermənistana deyil, ümumiyyətlə, bütün dünyaya açıq mesaj olacaq". Və bu o deməkdir ki, Cənubi Qafqazda maraqları olan güc dövlətlər, Türkiyə-Azərbaycan İttifaqının maraqları, eləcə də müəyyən edəcəyi geopolitik şərtlərlə hesablaşmaq məcburiyyətində qalacaqlar.
Beləliklə, iki il öncə imzalanmış Şuşa Bəyannaməsi tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Bu Bəyannamə Türkiyə ilə Azərbaycanın qardaşlığını bütün dünyaya bildirən bir mesaja çevrildi. Şuşa Bəyannaməsi həmçinin iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla Türkiyə-Azərbaycan münasibətlərinə öz möhürünü vurmuş oldu. Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir və bu, belə də davam edəcək.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.