“TEKNOFEST
Türk dünyası

“TEKNOFEST" aerokosmik və texnologiya festivalı

Ankaranın  Etimesgut Hava Limanında dünyanın ən böyük aerokosmik və texnologiya festivalına  "TEKNOFEST"ə start verilib. İlk dəfə 2018-ci ildə keçirilən ''TEKNOFEST'' bu il Türkiyədə 7-ci, ümumilikdə isə biri Azərbaycanda olmaqla 8-ci dəfə keçirilir.  Bazar gününədək davam edəcək festivalda 103 təşkilat, 16 sponsor, 11 sektordan 90 şirkət daxil olmaqla 131  şirkət   iştirak edir.

"TEKNOFEST" milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən, Türkiyə Texnologiya Komandası ("Türkiye Teknoloji Takımı" - T3 Vəqfi) ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır.  Milli texnologiyaların təbliği və inkişafı, insanların bu sahədə məlumatlandırılması  məqsədi daşıyır. Tədbirdə ASELSAN, ROKETSAN, "Baykar", BMC, HAVELSAN, TÜBİTAK, STM, "Türk Aerokosmik Sənayesi", TUSAŞ, "Türk Hava Yolları", "Türk Hava Qurumu", "Türksat" və "Turkcell" kimi qurumlar, Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Qaradəniz Texniki Universiteti kimi ali təhsil müəssisələri maraqlı tərəf kimi çıxış edib.  

Festival çərçivəsində seminarlar, mükafatlı texnologiya yarışmaları və yerli texnologiya sərgiləri, Paraşüt, Solo Türk, Türk Ulduzları və bu kimi yerli-beynəlxalq təşkilatların hava şouları da keçirilib. Ziyarətçilər "TEKNOFEST" çərçivəsində gənclər arasında keçirilən raket yarışmasında Planetarium, Virtual Reallıq Tuneli, T3 Vəqf Çadırı, Seminarlar, TUA İmza Günü, Əsas Səhnə Konsertləri, Şaquli Külək Tuneli, İqlim Tuneli, Günəş Müşahidəsi, Elm Küçəsi, Kosmos Temalı Şişmə Oyun Meydançası, İsti Hava Balonu və Gənclik Sahələri, Sərgi Sahələri ilə də yaxından tanış olublar.

Festivalda Azərbaycana məxsus Su-25 ML hücum təyyarəsi də nümayiş etdirilib. "Laçın" adlı modernləşdirmə təyyarəsinin hissələri Azərbaycan tərəfindən təmin olunub və Türkiyədə modernizə edilib. Qeyd edək ki, Azərbaycanın "Laçın" versiyalı qırıcıları istənilən hava şəraitində gecə-gündüz fəaliyyət göstərmək imkanına malikdir.  Təyyarə həmçinin "F-16" və "F-4" ilə sinxron fəaliyyət göstərə və yeni hədəflərə yönələ bilir.

''TEKNOFEST''də "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar media nümayəndələrinə verdiyi açıqlamada,  Bakıda yenidən "TEKNOFEST" keçirməyə hazır olduqlarını bildirib. O deyib ki, Qarabağ zəfərindən sonra Bakıda möhtəşəm "TEKNOFEST" təşkil edilib: "Ən yaxın zamanda Bakıda yenidən görüşərik".

Onu da qeyd edək ki, Türkiyə tezliklə öz hava hücumundan müdafiə (HHM) sistemlərini satmağa başlayacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hərbi akademiyada çıxışı zamanı bildirib: "Daha əvvəl öz istehsalımız olan "Siper" hava hücumundan müdafiə sistemimizi uğurla sınaqdan keçirmişik. Tezliklə biz müxtəlif bəhanələrlə bu sistemləri bizə satmayanlara öz HHM sistemimizi satan ölkəyə çevriləcəyik". Ərdoğan, bunu  ABŞ ilə "Patriot" sistemlərinin alışı ilə bağlı uzun sürən və nəticəsiz qalan danışıqlara eyham vuraraq deyib.

"Siper" istənilən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş uzaq mənzilli zenit-raket kompleksidir. "Müdafiə sənayemiz ölkəmizi yüksək liqalaya çıxarıb. Bu ilin sonuna kimi yerli istehsalımız olan "Kaan" beşinci nəsil qırıcısının ilk uçuşunu da görəcəyik. "Bayraktar Kızılelma" pilotsuz uçuş aparatının sınaqlarını başa çatdırmaq və onu ordunun arsenalına qatmaq istəyirik", - deyə Ərdoğan bildirib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.