Tarixi Zəfərə əbədi imza
Siyasət

Tarixi Zəfərə əbədi imza

30 ildən çox gecə-gündüz səbirsizliklə gözlədiyimiz, həsrətini çəkdiyimiz əzəli və əbədi yurd yerimiz Xankəndiyə qovuşduq. İlham Əliyev Azərbaycan tarixinə əbədi izini, əbədi imzasını atdı. Xalqımızın narahatlıqlarına həmişəlik son qoydu: "Xankəndini, Xocavəndi, Xocalını, Ağdərəni tikib quracağıq, cənnətə çevirəcəyik" dedi. Artıq Xankəndi də, Xocavənd də, Xocalı da, Ağdərə də Azərbaycandır... Türk dünyasının fenomeni əbədiyaşar Heydər Əliyevin "Mən əminəm ki, mənim yarımçıq qalan işlərimi İlham Əliyev başa çatdıracaq" kəlamı bu günləri xarakterizə edir. Bu, ulu öndər Heydər Əliyev siyasətinin və dühasının təntənəsidir... Ümummilli lider Qarabağa qayıdacağımıza tam əmin idi. Bu qayıdışın, qələbənin təmin olunması üçün dövlət siyasətini və var qüvvəsini bu prosesə yönəltmişdir. Ulu öndərin mükəmməl inkişaf strategiyası və ordu quruculuğunda apardığı dərin islahatlar nəticəsində Azərbaycan bütün sahələrdə gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Bu gün inkişaf və tərəqqi yolu ilə gedən dövlətimizlə dünyada hesablaşırlar, Azərbaycan önəmli təşəbbüslərin müəllifidir.

Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrikliyi nəticəsində Xankəndi şəhərində heç bir dağıntı olmadı, bir nəfər belə xəsarət almadı. Bu, təbii, misilsiz qələbədir! Dövlətimizin, Ordumuzun, diplomatiyamızın uğurudur. Həm də praqmatik dövlət başçısı İlham Əliyev şəxsiyyətinin böyüklüyünü, müdrik lider olduğunu, düşmənlə də ləyaqətlə davrandığını bir daha nümayiş etdirdi. Həmçinin sülhsevər Azərbaycan xalqının yüksək mədəniyyəti və əxlaqının göstəricisidir ki, əliyalın insanlara, qadınlara, uşaqlara, yaşlılara heç vaxt toxunulmur. 44 günlük Vətən müharibəsində də dinc əhaliyə atəş açılmadı, amma separatçı, işğalçı ermənilər Gəncədə, Bərdədə, Mingəçevirdə və digər bölgələrdə əhalinin sıx yerləşdiyi yerləri, yaşayış binalarını, inzibati binaları atəşə tutdu, insan tələfatına bais oldu, neçə-neçə uşaqları valideynsiz qoydu, onların arzularını puç etdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev üçün ümdə məsələ insan amilidir. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan zaman demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allah şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək".

Xocalı sakini Məmməd Nağıyev böyük sevinc və fəxarət hissi ilə deyir: "Ölkə Prezidentimizə minnətdarıq. Bu bir möcüzədir... Prezidentimiz bütün dediklərini həyata keçirdi. Allah qorusun! Azərbaycanın şanlı qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında, həmçinin onların ailələri qarşısında baş əyirik. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə şəhid, qazi və müharibə iştirakçılarının övladları və ailələrini diqqətdə saxlayır və onlara qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Bu Qələbələrdə xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər, "el bir olsa dağ oynadar yerindən".

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımızın, bütövlükdə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, "Dəmir yumruq" əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Ölkə başçısı Azərbaycan xalqı, onun əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə qürur duyduğunu bildirərək demişdir:-"Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Zabit XƏLİLOV,

"Respublika".