Tarixi Sərəncamın imzalanmasından 20 il ötür
Digər xəbərlər

Tarixi Sərəncamın imzalanmasından 20 il ötür

"Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Qədim zamanlardan Azərbaycan xalqı ətraf aləmi öyrənməyə həmişə maraq göstərib. Bu baxımdan da ən qədim dövrlərdən bəri kitabxanalar yaradılıb, zənginləşdirilib, inkişaf etdirilib. Bir neçə əsr öncə Azərbaycanda təfəkkür sahiblərinin səyləri nəticəsində yaranmış kitabxanalar yalnız öz hüdudlarında deyil, bütün Şərqdə elmi biliklərin öyrənildiyi məkan kimi əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqının kitabxana mədəniyyətinin ümumplanetar əhəmiyyətinin miqyasını dərk etmək üçün Nəsirəddin Tusinin təsis etdiyi Marağa rəsədxanasının kitabxanasını və ya Şah İsmayıl Xətainin sarayının nəzdindəki kitabxananı xatırlamaq kifayətdir.

Bununla belə, bir dövrün digəri ilə əvəz olunması kitabxanaların daim metodoloji, elmi və hətta memarlıq baxımından təkmilləşdirilməsi zərurətini doğurmuşdur. XIX əsrin 80-ci illərində görkəmli dövlət və siyasi xadim, maarifçi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda dövrün tələblərinə cavab verən ilk ictimai kitabxana-qiraətxananın yaradılması məhz bununla bağlı idi.

Azərbaycan kitabxanaları ötən əsrin 70-80-ci illərinin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yüksək inkişaf mərhələsinə çatmışdır. Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsi olan kitabxanaların inkişafı onun bu sahədəki fəaliyyətinin əsas istiqaməti olmuşdur. Kütləvi kitabxanalar şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənməsi, insanların hərtərəfli elmi-populyar bilik mənbələrinə çıxışı məhz onun təşəbbüsü ilə təmin edildi. Həmin illər kitabxanaların qlobal miqyasda həm şəhər, həm də kənd əhalisinin həyatına daxil olması ilə xarakterizə olunurdu. Cəmi bir il ərzində, yəni 1978-ci ildən 1979-cu ilə qədər ölkəmizdə aparılan mərkəzləşdirmə həm şəhər, həm də rayon səviyyəsində bütün kitabxana sistemini əhatə etmişdi. Bir çox şəhər, rayon mərkəzi kitabxanaları nümunəvi (ixtisaslaşdırılmış) binalarda yerləşdirildi, kənd kitabxanaları köklü şəkildə abadlaşdırıldı, əksər kəndlərdə kitabxanalar yaradıldı. Bakının demək olar ki, bütün qəsəbələrində yeni kitabxanalar açıldı.

Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıdan zaman, Azərbaycan xalqı dövlətçiliyin bərpası kimi müqəddəs bir işi dünya miqyasında böyük şəxsiyyət Heydər Əliyevə etibar etdi. Onun iradəsi ilə milli-dövlət suverenliyinə nail olan xalqın mədəni həyatının əsl intibah dövründə Azərbaycan kitabxanalarına praktiki olaraq ikinci nəfəs verildi.

Heydər Əliyev vaxtilə özünün yaratdığı, lakin ictimai xaos və o zaman hakimiyyətdə olan "elita"nın kapitulyativ siyasəti illərində məhv edilmiş infrastrukturu bərpa etdi. Onun tükənməz titanik səyləri nəticəsində müstəqil Azərbaycan Respublikasına onillik rəhbərliyi dövründə bir sıra təxirəsalınmaz hərbi-siyasi, sosial-iqtisadi və s. işlər görüldü. Həmin gərgin dövrdə Ulu Öndər dörd dəfə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasını (Milli Kitabxananı) ziyarət etmişdi.

Kitabxana işçilərinin əməyinə dərin ehtiram əlaməti olaraq Ümummilli Lider şəxsi kitabxanasından Milli Kitabxanaya hazırda bu kitabxananın nadir fondunda qayğı ilə qorunub saxlanılan 300-dən çox kitab hədiyyə etmişdi. Ulu Öndər kitabxanaya və kitabxanaçıların əməyinə yüksək dəyər verərək demişdir: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir… Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm".

Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin dekabrında respublikada kitabxana işinin əsasını təşkil edən, onun fundamental qanunvericilik bazasını yaradan "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanun kitabxanaların informasiya cəmiyyətinin qurulmasında rolu və əhəmiyyəti barədə aydın hüquqi konsepsiyasını vermiş, onların hüquqi və ictimai statusunu müəyyənləşdirmiş, kitabxanaların informasiya cəmiyyətində missiyasını aydınlaşdırmışdı.

Gözəl təchiz olunmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılması da kitabxana sahəsinə olan diqqətin bariz göstəricisi oldu.

Heydər Əliyevin kitabxana siyasəti öz davamlılığı ilə beynəlxalq miqyaslı görkəmli dövlət xadimi, tanınmış siyasi lider, ölkə Prezidenti İlham Əliyev tərəfindən kitabxana-informasiya fəaliyyətinin idarə edilməsi proqramına təbii şəkildə daxil olmuşdur.

2024-cü ildə 20 ili tamam olan Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı kitabxana fondlarının inkişafına yönəldilmişdir.

Məhz bu sənəd əsasında ölkəmizin bütün kütləvi kitabxanalarına, təhsil müəssisələrinin kitabxanalarına hədiyyə edilən Azərbaycan və dünya klassiklərinin əsərlərinin, çoxsaylı lüğət və ensiklopediyaların 2005-2008-ci illərdə 25 və 10 min nüsxə tirajla nəşrinə başlandı. Nəfis şəkildə nəşr olunmuş bu dəyərli kitablar şəhər, rayon mərkəzi kitabxanalarının hər birinə on nüsxə, kitabxana filiallarına isə iki nüsxə olmaqla hədiyyə verildi. 27 dekabr 2004-cü il tarixində "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" Sərəncam imzalanmışdır ki, bu da kitabxana fondlarının Nizaminin, Xaqaninin, Füzulinin, Nəsiminin, M.P.Vaqifin, X.B.Natəvanın, M.Ş.Vazehin, M.F.Axundovun, C.Məmmədquluzadənin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin və digər yazıçıların əsərləri ilə əhəmiyyətli dərəcədə zənginləşməsinə səbəb olmuşdur. Bununla da ballasta çevrilən Azərbaycan dilində kiril qrafikalı kitabxana fondları qısa müddət ərzində çoxsaylı oxucularını tapdı. Bu, dünya kitabxana tarixində analoqu olmayan təcrübə idi.

Eyni zamanda, Prezident İlham Əliyevin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust 2007-ci il tarixli Sərəncamı sayəsində kitabxana fondlarında saxlanılan nəşrlərin coğrafi sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasını ziyarət edən cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kitabxananın informasiyalaşdırılması prosesi ilə ətraflı maraqlanmış, kitabxananın nadir fondunda saxlanılan kitablarla tanış olmuşdurlar.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli Sərəncamı respublikada kitabxanaçılığın gələcək inkişafı üçün həqiqətən də tarixi xarakter daşıyırdı. Sərəncamda Azərbaycan kitabxanalarına yüksək dəyər verilirdi: "Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır".

Bu tarixi sənəd Azərbaycan xalqının əsrlər boyu milli irsi olan kitabxanalarının dəyərini təsbit etdi, onların cəmiyyətin həyatında rolunu və əhəmiyyətini aydın və ardıcıl şəkildə müəyyənləşdirdi. Sərəncamda Azərbaycanda əhaliyə xidmət edən və müxtəlif kateqoriyalara aid olan 12 min müxtəlif tipli kitabxanaların (tabeliyindən asılı olmayaraq) olduğu bildirilmişdir.

Burada erməni işğalı nəticəsində fondlarında dörd milyondan çox kitabı olan minə yaxın kütləvi kitabxananın dağıdıldığı qeyd olunmuşdu. Sərəncam Milli Kitabxananın müasirləşdirilməsi, regionlardaki kütləvi kitabxanaların inkişafı planlarının işlənib hazırlanmasına, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılmasına təkan verdi. Eyni zamanda Akademiya şəhərciyinin ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası üçün müasir, tam təchizatlı bina tikildi.

Azərbaycanın mədəni irsinin müasir elmi-texniki və texnoloji tərəqqi tempinə bundan sonra uyğunlaşdırılması və daxil edilməsi proqramı yeni kitabxanaların tikilməsini və mövcud kitabxanaların müasirləşdirilməsini özündə ehtiva edir.

Bu kontekst Prezidentin "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı"nın təsdiq edilməsi haqqında" 27 fevral 2006-cı il tarixli Sərəncamı ilə əhəmiyyətli dərəcədə aktuallaşdı. Qısa müddət ərzində Nardaran, Maştağa, Ramana, Kürdəxanı, Binəqədi, Lökbatan, Sahil, Sanqaçal, Qobustan, Mərdəkan, Qala, Buzovna, Şüvəlan qəsəbələrində mövcud kitabxanalar təmir və təchiz olundu. Binə qəsəbəsində isə yeni kitabxana inşa edildi.

Prezident İlham Əliyevin dövlət inkişafı vektorunda ardıcıl fəaliyyəti çərçivəsində 2008-ci ilin oktyabr ayında müstəqil Azərbaycan tarixində ilk dəfə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın və Tədbirlər Planının təsdiqlənməsi haqqında Sərəncam imzalandı. Bu Dövlət Proqramının həyata keçirilməsi kitabxanalarda modernləşdirmə və təmir işlərinin aparılmasına səbəb oldu, bir çox kitabxanalarda İnternet və "Nağıl otaqları" yaradıldı. Qlobal İnternet şəbəkəsi bütün şəhər və rayon mərkəzi kitabxanalarını əhatə etdi. Kitabxanaların bir çoxunda Elektron kataloqlar və Elektron kitabxanalar, bütün şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb saytları yaradıldı. Bakının doqquz rayonunda mərkəzləşdirilmiş kitabxana sistemləri təşkil edildi, bu da kitabxanaların idarə edilməsi sisteminin optimallaşdırılmasına öz töhfəsini verdi. 10 mindən çox elektron kitabı özündə cəmləşdirən "Azərbaycan ədəbiyyatının virtual kitabxanası" yaradıldı.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun elmi kitabxanalarında, Respublika Elmi-Texniki Kitabxanasında, Respublika Elmi-Tibb Kitabxanasında, Ədliyyə Akademiyasının Elmi kitabxanasında, bir çox şəhər və rayon mərkəzi kitabxanalarında kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirildi.

2008-ci ildən başlayaraq bütün şəhər və rayonlarda may ayında Ulu Öndərin anadan olması münasibətilə ənənəvi kitab bayramları keçirildi. "İlin kitabxanası", "İlin kitabxanaçısı", "İlin ən yaxşı Mərkəzi Kitabxanası", "İlin ən yaxşı kitabxana filialı" nominasiyaları üzrə müsabiqələr təşkil olundu. Dövlət Proqramının icrası nəticəsində ölkəmizdə Beynəlxalq konfranslar təşkil edildi, Azərbaycan kitabxanaçıları Beynəlxalq kitabxana forumlarında iştirak və çıxış etdilər. Kitabxana-informasiya sahəsinin inkişafına dair müasir kitablar nəşr olundu, "Azərbaycanın kitab abidələri"nin Dövlət reyestrinin yaradılması işinə başlandı. Azərbaycan kitabxana tarixində ilk dəfə olaraq "Azərbaycan kitabxana ensiklopediyası" nəşr olundu.

Azərbaycan xalqının maariflənməsi, intellektual və sivil inkişafı üçün göstərdiyi diqqət və qayğının daha bir sübutu "Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı oldu. Milli Kitabxananın 85, 90 və 95 illik yubileylərinin qeyd edilməsi də bu sahəyə qayğının təzahürü idi.

Lətifə MƏMMƏDOVA,

Yasamal Rayon

Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin

direktoru,

Fəxri mədəniyyət işçisi,

tarix üzrə fəlsəfə doktoru.