Tarixi Qələbəmizin memarı
Siyasət

Tarixi Qələbəmizin memarı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi ilk gündən sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, qətiyyətlə xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq həll etməyi bacarıb. Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görürük. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası ərtafında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanı şərəflə yerinə yetirən uzaqgörən lider, Qələbəmizin memarıdır.

Prezident İlham Əliyev dövlətimizin başçısı seçildiyi ilk gündən Azərbaycanı addım-addım strateji hədəflərinə doğru aparıb, ölkəmizin iqtisadiyyatını gücləndirib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib, silahlı qüvvələrinin hərb sənətinin ən müasir komponentlərinə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirib.

Dünyada çox nadir xalqlar, dövlətlər və onların liderləri ola bilər ki, 30 il öz hədəfinə doğru yorulmadan, usanmadan irəliləyə bilsin. Birbaşa əlaqəsi olmasa da, bu illər ərzində keçdiyimiz yolla bağlı bir müqayisə aparmaq istəyirəm: Musa peyğəmbər öz xalqını 40 il Misir səhralarında dolaşdırdı ki, əsarətdən doğan köləlik psixologiyasından xilas olsunlar, öz daxili və toplumsal azadlıqlarına qovuşsunlar, vahid bir millətin azad fərdləri olduqlarını dərk etsinər.

30 ilə yaxın bir zaman kəsiyində də Azərbaycan dövlətinin yürütdüyü siyasətin daxilində həm də işğaldan doğan neqativ psixoloji faktorların aradan qalxmağı, xalqın öz gücünə inanması amili dayanıb.

2003-cü ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə nəyin bahasına olursa-olsun torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən uğrunda həyatından keçməyə hazır olan yeni nəsil - müstəqil Azərbaycanın azad düşüncəli, milli qeyrətli, qürurlu, bayrağını, torpağını canı qədər sevən, intellektual, fiziki cəhətdən və ruhən güclü vətəndaşları formalaşıb, onlara qələbə əzmi, döyüş ruhu, sona qədər mücadilə aparmaq qətiyyəti aşılanıb. Xalqın dövlətlə, orduyla birliyi, bütövlüyü təmin edilib, bütün Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib.

2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarının "Dəmir yumruq" adlandırılması da təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycan xalqının bir yumruq kimi birləşməsini və təbii ki, yumruğun düşmənə endirdiyi zərbəni ifadə edir. Bu yumruq Azərbaycana qarşı məkrini davam etdirəcəyi təqdirdə daim düşmənin başı üzərində "Damokl qılıncı" kimi asılıb qalacaq.

Bu gün Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə nümayiş etdirdiyi əzmlə, qətiyyətlə işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, yenidən qurur və bütün bunları öz gücü, iqtisadi imkanları hesabına reallaşdırır. Bu prosesin müharibədən dərhal sonra başladıldığını nəzərə alsaq, Azərbaycan dövlətinin gücünün və təbii ki, bu gücün meydana gəlməsində müstəsna rolu olan siyasi iradənin sərhədlərini müəyyənləşdirə bilərik.

Bu gün dünyada Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik. Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin anti-Azərbaycan siyasətinə baxmayaraq, dünya hərb tarixinə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi yazmaq sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir. Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, vətəninə, torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir.

Vətən müharibəsinin və antiterror tədbirləri də daxil olmaqla, son 3 ildə diplomatik və digər istiqamətdə atılan qətiyyətli addımların hər biri qürur mənbəyimiz, şərəf tariximizdir. Zaman keçdikcə o təkrarsız anların mənzərəsi göz önündə canlandıqca, üçrəngli bayrağımız düşmən tapdağından azad edilmiş yurd yerlərimizdə qürurla dalğalandıqca, əsarətdən xilas olmuş torpaqlarımız çiçəkləndikcə 2003-cü ildən başlayan 20 illik zaman kəsiyinin 200 ilə bərabər olduğunu hiss edirsən.

30 il ərzində müharibə caniləri, qa

tillər özlərini "qalib" adlandırırdılar, amma bu qalibiyyət özünü yalnız Azərbaycan ərazilərini xarici dəstəklə işğal altında saxlanılmasında büruzə verirdi. Bu müddət ərzində Azərbaycanın yaşayış məntəqələri yerlə bir edilmiş, sərvətləri talanmış, oğurlanmış, amma əvəzində ayrı-ayrı şəxslərə məxsus bir neçə tikilidən başqa heç nə inşa edilməmişdi. Qarabağ erməniləri az qala feodal dövrünə qaytarılmış, vaxtilə Azərbaycan xalqına pənah gətirdikləri, mərhəmətimizə sığındıqları dövrdən də acınacaqlı vəziyyətə düşmüşdülər.

Ermənistan cəmiyyəti 30 il ərzində heç bir dəyişikliyə nail ola bilmədi. Düşdükləri duruma görə, hətta torpaqlarını uzun illər işğal altında saxladığı, viran qoyduğu Azərbaycanı, əbədi düşmən saydıqları Türkiyəni, hətta Ermənistanın bir dövlət olaraq mövcudluğunu təmin edən Rusiyanı da ittiham etdilər, faydası olmadı. Siyasi liderlərini, mövqelərini, üz tutduqları qütbləri və daha nələri... dəyişdilər. Amma unutdular ki, fərd və cəmiyyət olaraq problemlərinin kökü əsassız nifrət, kin və qəzəb, saxta tarix, mif və əsatirlər üzərində formalaşmış düşüncələrindədir. Anlamadılar ki, məğlubiyyətlərinin, "dalan ölkə"yə çevrilmələrinin səbəbi Ermənistanın, erməni diasporu və lobbisinin, onları himayə edən çoxsaylı qüvvələrin zəifliyində deyil, İlham Əliyevin strateji zəkası, xarakteri, qətiyyəti, öz xalqına, Vətəninə sonsuz sevgi ilə bağlı olmasıdır.

Beynəlxalq hüquq normalarının və mexanizmlərinin işləmədiyi, geosiyasi və geoiqtisadi maraqların bəşəri dəyərləri, humanizm prinsiplərini üstələdiyi bir zamanda dövlətlərin təhlükəsizliyi və inkişafı üçün əsas faktor daxili sabitliyin təmin olunması və qorunmasıdır. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda dayanıqlı sabitliyin təmin edilməsi və bunun siyasi, iqtisadi, sosial əsaslarının möhkəmləndirilməsi çox böyük tarixi uğurdur.

Son 20 ildə dünyada gedən proseslərə diqqət yetirsək, nə qədər ciddi kataklizmlərin baş verdiyinin şahidi olarıq. İqtisadi müharibələr, qlobal maliyyə böhranları, terrorizm, vətəndaş qarşıdurmaları, xarici müdaxilələr bu gün dünyanın bir sıra zəngin enerji ehtiyatlarına malik olan ölkələrini xəritədən silinmək təhlükəsi qarşısında qoyub. Belə bir zaman kəsiyində, xüsusilə də Azərbaycan kimi həssas bir bölgədə yerləşən ölkələr üçün daxili sabitliyi təmin etmək, qlobal enerji və nəqliyyat layihələrini uğurla icra etmək və çeşidli diplomatik səylərlə ölkənin geosiyasi önəmini artırmaq olduqca dərin zəka, çevik və qətiyyətli iradə tələb edir. Bu gün keçdiyimiz yola, ətrafımızda baş verən hadisələrə, əldə etdiyimiz nəticələrə vahid analitik təhlil kontekstindən yanaşsaq, o zaman nə qədər böyük bir məsafə qət etdiyimizin şahidi olarıq. Ən önəmli məqamlardan biri də əldə olunan nəticələrlə kifayətlənməyərək daim irəliyə baxmağımız, islahatlara, yeniliklərə açıq olmağımızdır.

Bu illər ərzində İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında vətəndaş məmnunluğunun artırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, dövlət idarəçilik sisteminin modernləşdirilməsi dayanır ki, bütün bunlar da son nəticədə ölkənin sabit və dayanıqlı inkişafına xidmət edir.

Azərbaycan Prezidentinin siyasətinin təməlində hər zaman ölkə vətəndaşı, insan amili dayanıb. Həyata keçirilən bütün islahatların, görülən işlərin məqsədi vətəndaşlarımızın daha təhlükəsiz, sosial baxımdan sığortalanmış, rahat və firavan həyatını təmin etməkdən ibarət olub. Bu illər ərzində Azərbaycan vətəndaşları dövlət başçısının həyata keçirdiyi siyasəti aydın qavrayaraq, onunla həmrəylik nümayiş etdirib, ona güvənib və etimad göstəriblər.

Dövlətimizin başçısının ölkənin xarici siyasətinin vektorlarını dəqiq müəyyənləşdirməsi, regional, subregional və qlobal dəyişikliklərə münasibətdə nümayiş etdirdiyi çevik reaksiya, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində atdığı addımlar, Azərbaycanı qlobal problemlərin müzakirə edildiyi, müxtəlif geosiyasi qütblərin bir araya gələ bildiyi dialoq məkanına çevirmək bacarığı, reallaşdırılmış və reallaşdırılmaqda olan enerji və nəqliyyat dəhlizləri layihələri vasitəsilə təhlükəsizliyimizə təhdid yarada biləcək amillərin və ölkədaxili proseslərə xarici müdaxilələrin qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlər, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş qabiliyyətinin artırılması bu sahədə də vətəndaşlarımızın tam etimadını təmin edib.

Bu illər ərzində respublikamızda məşğulluğun təmin edilməsi üçün reallaşdırılan çoxşaxəli və ölkə həyatının bütün sahələrini əhatə edən proqramları xüsusi qeyd etmək lazımdır. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, vergi islahatları və bütün bu fəaliyyətlərin uzunmüddətli yol xəritələri əsasında həyata keçirilməsi bu sahədə də ciddi, inqilabi irəliləyişlərin olacağını söyləməyə əsas verir.

İlham Əliyevin prezidentliyi dönəmində ölkəmizdə insan hüquqlarının qorunması, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi sahəsində də genişmiqyaslı tədbirlər görülüb. Məlum olduğu kimi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində istər qanunvericilik, istərsə də məhkəmə qərarlarının icrası müstəvisində görülən işlər, məhkəmə-hüquq sistemində aparılan və aparılması nəzərdə tutulan islahatlar ölkəmizdə qanunun aliliyinə maneə yarada biləcək bütün amillərin qarşısının alınması üçün ciddi siyasi iradənin olduğunu təsdiqləyən başlıca faktor kimi qiymətləndirilməlidir. Bununla yanaşı, ölkəmizdə aparılan kadr və struktur islahatlarını da xüsusi qeyd etmək lazımdır.

Son 20 ildə Azərbaycan qlobal məsuliyyətini yüksək səviyyədə dərk etdiyini əməli addımlarla nümayiş etdirən, bəşəriyyəti narahat edən çağırışlara qarşı birgə mübarizəni, humanizm prinsiplərini təşviq edən bir ölkə kimi beynəlxalq münasibətlər sistemindəki mövqeyini kifayət qədər gücləndirib. Bu isə öz növbəsində dövlətimizin başçısının yalnız Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin gələcəyinə münasibətdə aydın baxış bucağına malik olduğunu ən yüksək səviyyədə təsdiqləyir. Azərbaycan daşıdığı yüksək dəyərləri Prezident İlham Əliyevin liderliyi sayəsində beynəlxalq müstəviyə çıxarıb və ölkəmizin timsalında qlobal məsuliyyətliliyin yeni nümunəsini yaradıb.

Prezident İlham Əliyevin atdığı hər addım əvvəlki addımın məntiqi davamı olub. Çünki xalqımızın və dövlətimizin vahid hədəfləri, bu hədəflərlə bağlı strateji yol xəritələri, bütün bunların icrası üçün milli iradə, güc və potensialı var. Ölkəmizdə həm siyasi, həm iqtisadi, həm sosial, bütövlükdə ölkə həyatının bütün sahələri üzrə həmrəylik hökm sürür. Azərbaycan xalqı və dövləti monolitdir. Heç bir qüvvə bu monolitliyi sarsıda bilməz.

Prezident İlham Əliyevin bu illər ərzində xalqımıza qazandırdığı uğurlardan biri də əcdadlarımızın yüz illər boyu həyata keçirilməsi mümkün olmayan ideyalarının reallığa çevrilməsidir.

Azərbaycanın və Türkiyənin misilsiz qardaşlıq münasibətlərinin, strateji müttəfiqliklərinin, həyata keçirdikləri birgə layihələrin uğurlu nəticələri türk dövlətlərinin ortaq tarix və mədəniyyət platforması üzərindən təşkilatlanması ideyasının cazibədarlığını daha da artırdı, bu prosesin bütün türk dövlətlərini əhatə etməsi qarşılıqlı etimad mühitinin formalaşması üçün əlverişli zəmin yaratdı.

Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə "Bir millət - iki dövlət" ideyası üzərindən Azərbaycan-Türkiyə münasibətlərini tarixinin ən yüksək zirvəsinə yüksəltdi, iki qardaş ölkənin sarsılmaz birliyinin polad dayaqları üzərindən bütün qardaş xalqların və dövlətlərin bir araya gəlməsinə, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinə, firavan həyatına təminat verən əməkdaşlıq modelinin ortaya çıxmasına şərait yaratdı. Prezident İlham Əliyev türk dünyasının böyük söz və düşüncə adamlarından biri olan İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" ideoloji düsturunun tarixin heç bir dönəmində sonunadək baş tutmayan, real nəticə verməyən hissəsinin - işdə, əməldə birliyin həyata keçirilməsi kimi ən ağır, ən məsuliyyətli missiyasına siyasi həyatının ən müqəddəs məfkurələrindən biri kimi sahibləndi, sözün, fikrin və işin vəhdətindən yeni və strateji baxış bucağına malik olan əməkdaşlıq modelinin formalaşmasına nail oldu.

Prezident İlham Əliyevin adı türk dünyasının tarixinə Çanaqqala zəfərindən sonra ən böyük qələbəyə imza atan, türk xalqlarının qürurunu yüksəldən, özünəinam hissini qaytaran Ali Baş Komandan kimi yazıldı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin torpaqlarımızın azad edilməsi uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri türk dünyasını silkələdi, özünə qaytardı, gələcəyə daha böyük inamla baxmasına imkan verdi. Dövlətimizin başçısının Ali Baş Komandan kimi döyüş əməliyyatlarının həyata keçirilməsində, Azərbaycan Respublikasının Prezidenti kimi diplomatik müstəvidə və informasiya müharibəsində nümayiş etdirdiyi yüksək liderlik keyfiyyətləri türk tarixinin şərəfli səhifələrinin yenidən yazıldığına və bundan sonra da yazılacağına əminlik yaradır.

Bütün bunlar və Liderimiz İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətləri onun adını yüz illər, min illər boyu mübarizə əzminin, cəsarətin, parlaq zəkanın və gerçək Vətən sevdasının simvolu kimi yaşadacaq, gələcək nəsillərimiz üçün təkrarsız fədakarlıq nümunəsinə çevirəcəkdir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.