Tarix yazan mərd oğullar
Sosial həyat

Tarix yazan mərd oğullar

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!". Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarımızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər.

Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, örnəyi olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov kimi. Birinci Qarabağ müharibəsi şəhidi Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağırılmış, 1990-cı ildə xidmətini başa vurmuşdur. Tahir 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq, ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.

Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşur. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər. Ancaq erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur. Tahir son anda qumbaranı partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir və qəhrəmancasına şəhid olur. 1992-ci il sentyabrın 29-da Bakıda Şəhidlər xiyabanında dəfn edilir. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verilib. 1994-cü il 4 sentyabr tarixində ümummilli lider Heydər Əliyev həmin məktəbdə Milli Qəhrəman Tahir Həsənovun şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib. Məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu, Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur.

M.MİRZƏ,

"Respublika".