Füzuli doğma sakinlərini qarşılayır
Sosial həyat

Füzuli doğma sakinlərini qarşılayır

Onilliklər ərzində torpaqlarımızda "güclü" istehkamlar quran, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayan işğalçı qüvvələr düşünürdülər ki, Azərbaycan bu ədalətsizliklə əbədi yaşayacaq.

Bu müddətdə sülh təkliflərini, dinc yolla torpaqlarımızın işğaldan azad edilməsini qəbul etməyən Ermənistan hətta yeni ərazilər iddiasında çıxış edirdi. Səbir kasamızı daşıran düşmənin bu arzusu onu siyasi, iqtisadi və hərbi çöküşün astanasına gətirib çıxardı. Qüdrətli Azərbaycan dövləti zərgər dəqiqliyi ilə planlanmış diplomatiya hesabına qələbə çaldı. 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri bir daha göstərdi ki,  Azərbaycanla hədə-qorxu dili ilə danışmaq nələrə səbəb ola bilər.

Yurdumuzun hər yerində insanlar torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, qüruru ilə yaşayırlar. Soydaşlarımız gələcəyə daha inamla baxırlar. Xüsusilə qeyd edək ki, keçən bu müddət ərzində ağrılı-acılı günlər yaşayan, doğma evlərindən, isti yuvalarından ayrı salınan keçmiş məcburi köçkünlərimiz artıq öz yurd yerlərinə qayıdırlar. Bununla bağlı 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası olduqca böyük önəm daşıyır. Qeyd edək ki, bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və digər işğaldan azad edilən ərazilərimizdə müvafiq infrastruktur qurulur.

Doğma sakinlərinə qucaq açan ərazilərimiz böyük tikinti meydançalarını xatırladır. Məhz belə guşələrimizdən biri də tarixiliyi ilə seçilən Füzuli rayonudur. Bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır. Vurğulamaq lazımdır ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinin başa çatması ilə bura "Qarabağın hava qapısı" elan olunmuşdur. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi Qarabağın, digər bölgələrimizin, eyni zamanda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək. Füzuli şəhərinin Baş Planına əsasən 180 çarpayılıq xəstəxananın tikintisi, Dövlətyarlı kəndində "ağıllı kənd"in ərsəyə gətirilməsi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin qurulması, çoxmənzilli yaşayış məhəlləsinin salınması və digər genişmiqyaslı layihələrin tezliklə reallaşacağını qeyd etmək olar. Bununla yanaşı, məhz birinci şəhərsalma layihəsi Füzulidə icra olunur.

Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında yaradılan rayona ilk dəfə Qaryagin adı verilmişdir. Daha sonra 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə isə yaşayış məskəni Füzuli rayonu adlandırılmışdır. Əfsuslar olsun ki, dini abidələri ilə seçilən Füzuli rayonu da erməni qəsbkarlarının vandalizm əməllərinə məruz qalmışdır. İşğal dövründə Füzuli rayonunda Qarğabazar kəndinin mərkəzində 1681-ci ildə tikilmiş məşhur tarixi Karvansaray və digər tarixi memarlıq abidələri ermənilər tərəfindən dağıdılmış, üzərlərində vandalizm aktları törədilmişdir. Qəsbkarlar müqəddəs ocaqların, tarixi abidələrin bir qismini mal tövləsinə çevirmişlər.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli şəhəri və rayonun kəndlərinin böyük hissəsi misli görünməmiş vəhşiliklə üzləşdi. Sakinlər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışdılar. Qeyd edək ki, o dövrdə Füzulinin bir hissəsini xilas etmək mümkün olmuşdu. 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Yalnız 27 il sonra müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində rayon tam işğaldan azad edilmişdir. Məhz bu münasibətlə 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsisi çərçivəsində 17 oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Füzuli rayonu bu gün sevincli günlərini yaşayır, yeni görkəmi ilə öz sakinlərinə qucaq açır. Artıq köç karvanları Füzuli istiqamətində də hərəkət edir. Belə ki, yurdlarından didərgin salınaraq, müxtəlif yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin Füzuliyə köçü baş tutur. Yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə daha 30 ailə - 106 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Füzuli şəhərində 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.

Nurlan ABDALOV,

"Respublika".