Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
Sosial həyat

Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov 26 yanvar tarixində Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Bərdə, Göygöl, Xaçmaz, Xızı, İmişli, Quba, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Yardımlı və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir Siyəzən DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyuna olan təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib. Siyəzən DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

Nəriman CAVADOV,

“Respublika”.