Tanınmış sənət ustası, realist aktyor məktəbinin görkəmli nümayəndəsi
Sosial həyat

Tanınmış sənət ustası, realist aktyor məktəbinin görkəmli nümayəndəsi

Milli teatr və kino  sənətimizin  ənənələrini  layiqincə davam etdirən, fitri istedadı ilə Azərbaycan  mədəniyyətini və incəsənətini zənginləşdirən Həsənağa Turabov  1938-ci ildə  Bakıda anadan olmuşdur. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq  fakültəsini  bitirmiş, elə həmin il, hələ tələbəlik vaxtlarında  sıx əlaqə saxladığı, hətta ikinci və üçüncü dərəcəli rollara təklif aldığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlamışdır. Sənətdə öz dəst-xəttini yaratmaq qabiliyyəti, peşəsinə bağlılığı  sayəsində qısa müddət ərzində Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların qəhrəmanına çevrilmişdir. Teatr səhnəsində Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər"), Xəyyam ("Xəyyam")  rolları  ona böyük  tamaşaçı rəğbəti qazandırmışdır.  Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov kimi sənət korifeyləri ilə  tərəf müqabili olan aktyor yaratdığı maraqlı və yaddaqalan obrazlarla yüksək sənətkarlıq bacarığını  sübut etmişdir. 1987-2001-ci illərdə, təxminən 15 ilə yaxın Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışan Həsənağa Turabov teatrın səhnəsində dünya dramaturgiyasına və klassik milli irsimizə müraciət etməklə  neçə-neçə  əsərin  səhnələşdirilməsinə geniş imkanlar yaratmışdır.

Çoxsaylı bədii filmlərdə, o cümlədən televiziya tamaşalarında yüksək aktyorluq məharəti ilə  unudulmaz obrazlar yaradan Həsənağa Turabov “Yeddi oğul istərəm” filmindəki  Gəray bəyin   bütün çalarlarını  böyük ustalıqla, dəqiqliklə yaradaraq  adını Azərbaycan kino sənəti tarixinə  əbədi olaraq  yazmışdır.  Aktyorun  qızı Sevinc Turabova “Yeddi oğul istərəm” filmində atasının  Gəray bəy rolunda öz obrazını yaratdığını deyir: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başladılar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi ki...”.

Tamaşaçıya müsbət qəhrəmanını sevdirə bildiyi kimi, mənfi personajlara da nifrət hissi oyada bilən aktyorun  “Babək”, “Axırıncı aşırım”,  “Carvadarların izi ilə”, “Ürək...Ürək”, “Sevinc buxtası”, “Dantenin yubileyi”,  “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və s. filmlərdə  oynadığı rollar  öz  ifa tərzi ilə seçilməklə yanaşı, həm də həyatiliyi ilə sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmiş və qəbul olunmuşdur.

Rejissor kimi də sənətdə öz sözünü deyən Həsənağa Turabov “Qanlı zəmi”, “Ailə”,  “Nə gözəldir bu dünya” kimi filmlərə həyat bəxş etmiş,  tamaşaçı məhəbbəti  qazandırmışdır. Tanınmış kinorejissor Tofiq Kazımov  Həsənağa Turabovun realist aktyor məharətini  yüksək dəyərləndirir, demək olar ki, bütün repertuarını onun üzərində qururdu. Oynadığı rolların hər birində təbiilikdən, reallıqdan kənara çıxmaması zaman keçdikcə Həsənağa Turabovu realist aktyor məktəbinin yaradıcısına çevirmişdi. Bütün ruhu ilə sənətinə bağlı olan aktyor istər televiziya tamaşalarında, istərsə də kinofilmlərdə bir-birindən maraqlı, baxımlı rollar yaradaraq  özünü tamaşaçının diqqət mərkəzində saxlayırdı.

 Gecə-gündüz məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmayan,  böyük  ustalıqla yaratdığı mürəkkəb xarakterli obrazları ilə Azərbaycan  teatr və kino sənətinin inkişafına öz töhfəsinin verən  Həsənağa Turabov həm də  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə  də məşğul olmuşdur. O, zəngin təcrübəsi,  yüksək aktyorluq məharəti,  istedadı, qabiliyyəti ilə neçə-neçə aktyorun yetişməsində əvəzsiz rol oynamış,  sənətdə ilk addımlarını atan gənc aktyorlara  sənətin  incəliklərinə yiyələnmək və Azərbaycan teatrının ənənələrini davam etdirməkdə əlindən gələni əsirgəməmişdir.

Tanınmış sənət ustası, fitri istedadı ilə  milli teatr və kino sənətimizə yeniliklər gətirən, özünəməxsus üslub, dəst-xətlə  yaratdığı obrazlarla xalqın bədii təfəkkürünün formalaşmasında  əvəzsiz xidmətləri olan  Xalq artisti Həsənağa  Turabov  Azərbaycan  mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır.

Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrına  rəhbərlik etdiyi dönəmlərdə   teatrın inkişafına, repertuarının zənginləşməsinə,  məhsuldar fəaliyyətinə  böyük  səy göstərmiş, bir rəhbər olaraq  kollektivin  dərin hörmətini qazanmışdır.

Mehparə  ƏLİYEVA,

“Respublika”