Tam suveren dövlətimizin ilk prezident seçkiləri hər birimizə qürur yaşatdı
Siyasət

Tam suveren dövlətimizin ilk prezident seçkiləri hər birimizə qürur yaşatdı

Növbəti yeddi ildə ölkəmizi daha böyük uğurlar gözləyir

Seçkilərdən-seçkilərə... Hər bir cəmiyyətin inkişaf səviyyəsi məhz belə ölçülür: seçkilərdən-seçkilərə gedən yolun tərəqqiyə, yüksəlişə yaratdığı imkanların təhlili fonunda.

Ölkəmizin müstəqillik dövründə bir çox seçkilərdə iştirak etmişik və onların hər biri müəyyən məqamları ilə yadda qalıb. Sözsüz ki, 2024-cü il 7 fevral tarixli növbədənkənar prezident seçkiləri isə xalqımızın yaddaşında əbədi qalacaq. Bu seçkinin dəyəri zaman keçdikcə, daha aydın görünəcək. Müstəqil, tam suveren dövlətimizin ilk prezident seçkiləri hər birimizə böyük qürur yaşatdı, milli kimliyimizi, haradan gəlib haraya getdiyimizi bir daha anlatdı bizə. Qalib dövlətin vətəndaşı olmaq doğrudan da böyük xoşbəxtlikdir. Bu qalibiyyəti bizə Azərbaycan Ordusu və Ali Baş Komandan yaşatdı...

Azərbaycan seçkilərdən-seçkilərə inkişafa doğru aramla irəliləyir, həyatın bütün sahələrində uğurlar əldə edilir, beynəlxalq aləmdə nüfuzu artır, öz reallıqlarını dünyaya çatdıra bilir. Uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının yolları axtarılırdı. Beynəlxalq təşkilatlar, ATƏT-in keçmiş Minsk qrupu münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkünlüyünü desələr də, Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycanın lazım gələrsə, hərbi yolla öz torpaqlarını qaytaracağını diqqətə çatdırırdı. Dəfələrlə düşmən təxribatlarına layiqli cavab verilirdi, xain qonşularımız isə öz mövqeyindən geri çəkilmirdi. Çünki Birinci Qarabağ müharibəsinin "qalibiyyət" havası hələ də başlarında idi və Azərbaycanın reallıqlarını görmürdülər. Bu proses 2020-ci il sentyabrın 27-dək davam etdi... Böyük qalibiyyətə gedən yol buradan başladı və həm də növbədənkənar prezident seçkilərinin tam qələbəsini təmin etdi. Respublikamızda 2003-cü ildən 2018-ci ilədək dörd prezident seçkisi keçirilib. Müstəqilliyimizin və suverenliyimizin tam şəkildə təmin edilməsinin yaratdığı reallıqlar növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. Bu seçkinin nəticəsi indi bütün dünyaya bəllidir. Yuxarıda qeyd etdiyim kimi, bu qalibiyyəti bizə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri, zabiti yaşatdı...

2020-ci il 27 sentyabr. Vətən oğlu döyüşlərə atıldı. Yastığı Vətən daşı, yorğanı qar oldu, yaralandı, lakin geri dönmədi. Bunu Vətən, torpaq, illər uzunu verdiyimiz qurbanlar, qətlə yetirilən körpələr, şəhid ruhları tələb edirdi.

Ermənistanın, onun havadarlarının da dərsini verdi Azərbaycan əsgəri, dönmədi, qələbəyədək getdi. Bunu ondan Ali Baş Komandan istədi. Prezident siyasi meydanlarda kar olan qulaqları, kor olan gözləri açdıqca, qəhrəman oğullarımız da Zəfərə doğru yol açdı. Dönmədi, sıldırım qayalara dırmaşa-dırmaşa, dişi, dırnağı ilə erməni səddini söküb aldı Şuşanın azadlığını. Elə əziz Şuşamızın azad olunması ilə də yazdıq qalibiyyətimizi!.. O günlərdə bizi bu mübarizədən çəkindirmək istəyənlər də tapıldı, haqqı görmək istəməyənlər də oldu.

Ancaq dost, qardaş ölkələr bu haqq savaşımızı dəstəklədilər. Müharibənin ilk saatlarından Azərbaycanın yanında olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan torpaqlarımızın ermənilər tərəfindən işğalını hər zaman pisləyir, ən mötəbər tədbirlərdə, yüksək kürsülərdə Ermənistanı işğala son qoymağa səsləyərək deyirdi: "Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan, insanları öz evlərindən didərgin salan və kütləvi qırğınlar törədən Ermənistanın hərəkətləri bəşər tarixində qara ləkədir".

Ermənistan və bütün ermənilik məğlub oldu, məğlub ölkə üçtərəfli Bəyanata imza atmağa məcbur edildi. Digər rayonlarımızın qaytarılacağı barədə öhdəlik götürdü. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münasibəti də maraqlı idi. Həmin tarixi günlərdə o deyirdi: "...Heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan nəinki özü, hətta bütün dünya birliyinin Azərbaycan ərazisi hesab etdiyi əraziləri geri qaytardı".

Kapitulyasiya aktından sonra noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri, dekabrın 1-də Laçını düşmən geri qaytardı. İkinci Qarabağ müharibəsində qələbəni təmin edən başlıca amil Azərbaycan əsgər və zabitinin rəşadəti, vətənin azadlığı və müstəqilliyi, onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda fədakarlığa hazır olması idi. Silahlı Qüvvələrimizin minlərlə hərbi qulluqçusu şəhid, qazi oldu. Bax, bu qurbanlar hesabına Azərbaycan xalqı, Azərbaycan Ordusu ədaləti bərpa etdi. Ölkə başçısı dekabrın 10-da Azadlıq meydanında Zəfər paradındakı çıxışında dedi: "Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət Zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".

Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda Azərbaycan xalqının, onun qüdrətli dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza qəti dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan ölkəmizin qüdrətini artırır. Elə bu səbəbdən də, Azərbaycan dünyanın qarşısına üzüağ, alnıaçıq çıxır, heç kəsə onunla təhdid dilində danışmağa izin vermir.

2003-cü ildən 2024-cü ilədək ötən dövrdə yaşananları təhlil edərkən bir daha aydın olur ki, nə qədər haqsızlıqlarla qarşılaşsaq da, ikiüzlü siyasət yeridənlərin maskasını asanlıqla aça, dostumuzu-düşmənimizi seçə bildik. Haqq tərəfində duranların dəstəyini qazandıq. Beləliklə, seçkilərdən-seçkilərə əmin addımlarla gedən Azərbaycanı növbəti yeddi ildə daha böyük uğurlar gözləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".