Taksi fəaliyyətində vəziyyət ürəkaçan deyil
Sosial həyat

Taksi fəaliyyətində vəziyyət ürəkaçan deyil

Xarici taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ölkə daxilində bir sıra problemlər yaradır. Vətəndaşların ictimai nəqliyyatdan istifadəsini olduqca azaldan ucuz taksi tarifləri rəqabəti aradan götürür. Bununla yanaşı, taksi sürücülərinin sərnişinlərə qarşı qeyri-etik davranışı, cinayət tərkibli əməlləri cəmiyyətdə olduqca böyük narazılığa səbəb olur.

Bu gün taksi daşıyıcılarının 90 faizi müxtəlif onlayn platformalar üzərində fəaliyyət göstərir. Qanunvericiliyə zidd olan bu aktla yanaşı, fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə hər hansı tələb qoyulmur. Məhz bu kimi halların xarici taksi şirkətləri tərəfindən tənzimlənməməsi nəqliyyat və digər sahələrdə ciddi problemlərə yol açır. Hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışının nə səviyyədə olması ilə bağlı prosedurun tətbiq olunmaması keyfiyyətsiz taksi fəaliyyətinə səbəb olur. Sərnişinlər sürücülər tərəfindən təhqirlərə məruz qalırlar. Bakı şəhərində çoxdan həllini gözləyən bu problem hələ də qalmaqdadır. Ötən günlərdə Daxili İşlər Nazirliyinin sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranışlarını, əxlaqsız təkliflərini aşkar etmək məqsədilə keçirdiyi əməliyyatlar nəticəsində 63 sürücü müəyyənləşdirilərək saxlanılıb. 

Digər tərəfdən olduqca uzun tıxaclara səbəb olan taksilər avtobus dayanacaqlarını zəbt edərək yollarda 2-3 cərgəli növbələr yaradırlar. Bu isə nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradır və yollarda süni tıxacların əmələ gəlməsinə səbəb olur. Doğrudur, dayanma, durma, parklanma qaydalarının pozulması hallarına qarşı yol polisi tərəfindən mübarizə aparılır, həmin sürücülər məsuliyyətə cəlb olunur. Lakin görülən tədbirlərlə paralel olaraq taksi şirkətləri də öz fəaliyyətini dayandırmayaraq bir növ nəqliyyatın stabilliyinə mane olurlar. Bakıda yol polisi əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində taksi sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə müvafiq protokollar tətbiq edilsə də, bu kimi taksilərin sayı artmaqdadır. Məhz taksi sürücülərinin onlayn işə qəbul olunmasının gətirib çıxardığı vəziyyət bu gün bəzi xoşagəlməz hadisələrə də yol açır.

Qeyd etdiyimiz kimi, taksi sürücüləri artıq bir sıra cinayət tərkibli əməllərin icraçılarına da çevriliblər.  İyunun 2-də taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan sürücü saxlanılıb. Onun üzərinə və idarə etdiyi "Toyota Prius" markalı avtomobilə baxış zamanı iki kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, K.İsmayılov tanışı "Mahal" adlı İran vətəndaşı ilə əlbir olaraq qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğuldur. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.

Qardaş Türkiyədə də bu çərçivədə problemlər var. Oxşar xarakter daşıyan narazılıqların həlli istiqamətində artıq Türkiyədə "Uber" taksi şirkətinin fəaliyyəti qadağan edilib. Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən bu şirkətin fəaliyyətini qadağan edib. İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.  Məhkəmə "Uber"in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisində şirkətin saytına girişi bloklayıb.

Azərbaycanda artıq taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır. Bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq. Ən azından, keyfiyyət yüksəldikcə kəmiyyət, yəni qiymət demək olar ki, ona mütənasib olaraq artacaq. Taksi fəaliyyəti ilə bağlı qəbul ediləcək qərar artıq cəmiyyətdə də geniş müzakirə olunur. Bu məsələ kifayət qədər ciddi məsələdir. 

Nurlan ABDALOV,

"Respublika".