Siyasət

"Sülhsevər quldur"

Azərbaycan ötən il 23 saatlıq antiterror tədbirləri ilə regionda separatizmin kökünü birdəfəlik kəsdi. Qarabağda yaşayan erməni sakinlərə reinteqrasiya imkanları yaradıldı, köçüb getmək istəyən sıravi vətəndaşlara heç bir əngəl törədilmədi. Lakin bölgədə kök salan xuntanın "rəhbərlər"i, həmçinin əli azərbaycanlıların qanına batan quldurlara qarşı elan olunan bütün axtarış prosesi qüvvədə qaldı. Nəticədə qondarma rejimin bəzi "yüksək vəzifəli" şəxsləri saxlanılaraq Bakıya gətirildi.

İkinci Qarabağ müharibəsi zamanı əli sıravi şəxslərin qanına batan, Gəncənin bombalanmasını əmr edən Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, Davit Babayan, "Daşnaksütyun" Partiyasının üzvü Davit İşxanyan, Davit Manukyan, Levon (Lyova) Mnatsakanyan, "general-leytenant" Arşavir Qaramyan, Xocalı qatili, Meşəli kəndində 27 insanın ölümündə əli olan separatçı Vaqif Xaçaturyan və qondarma rejimdə "dövlət naziri" "post"unda 4 ay qalan Ruben Vardanyan antiterror tədbirlərindən əvvəl və sonrakı dövrdə həbs edildi. Onların arasında zənginliyi ilə seçilən R.Vardanyan bu gün digərləri kimi, təcridxanada əsl Azərbaycan tarixini öyrənir.

Ruben Vardanyanın həbsindən 9 ay keçməsinə baxmayaraq, o, Qərb üçün hələ də vacib fiqur hesab olunur. Belə ki, Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" Nobel sülh mükafatına namizəd göstərilib. Erməni milyarderin namizədliyi bir sıra şəxslər tərəfindən irəli sürülüb. Nobel sülh mükafatına təhqir sayıla biləcək bu hadisə bir daha Qərbin qərəzli dairələrinin anti-Azərbaycan siyasətindən ikiəlli yapışdığını təsdiqləyir. Tanınmamış rejimdə özünü "dövlət naziri" elan edən, çirkli pulların yuyulmasında "peşəkar" olan bir quldurun bu cür təqdim edilməsi siyasi oyunbazlıqdır. Qanunsuz əməllərinin üstü hələ də açılmaqda davam edən Rubenin təcridxanada ola-ola mükafata namizəd göstərilməsi əsl erməni xislətidir. İyirmi ildən artıq bir müddətdə Qərb tipli investisiya bankçılığının siması, Rusiya kapitalizminin doğulduğu dövrdə "Troyka Dialoq"un yaradıcısı olan Vardanyan çirkli pulları öz şirkəti vasitəsilə yuya bilib. Qondarma rejimin "dövlət naziri" "Troyka Dialoq" və bütöv ofşor şirkətlər sisteminin çirkli maxinasiyalarını və onların vasitəsilə nüfuzlu adamların pullarını gizli şəkildə xaricə ötürüb.

2023-cü il 19-20 sentyabrında Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 8 gün sonra, sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Hazırda bu qaçaq-qulduru Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən 14 ilə qədər həbs gözləyir. 2011-ci ildə "Forbes" tərəfindən Rusiyanın ən varlı adamları siyahısına daxil edilib, 2021-ci ilə qədər sərvəti 1 milyard dollara qədər artan Vardanyan bu baxımdan bu gün Qərbin gözündə "ən varlı quldur" olaraq nüfuzlu mükafata təqdim edilir. Guya bölgədə sülhü dəstəkləyən tanınmamış rejimin "dövlət naziri" "Canadian Geopolitical Monitor"un məlumatına görə, rəsmi Bakı ilə rəsmi İrəvan arasında sülh sazişinin əldə edilməsində potensial uğurun qarşısının alınmasında fəal iştirak edib.

Bütün bunları nəzərə alaraq, demək olar ki, sülhün və sabitliyin bərqərar olmasına çalışanlar, dünyada artan təhdid çağırışlarına qarşı təşkil olunan dəyirmi masalarda aktor olaraq çıxış edənlər Nobel sülh mükafatına ən real namizəd olmalıdır. Əgər Qərb hələ də öz xislətindən əl çəkə bilməsə, bu nüfuzlu titul da öz şərəf və şöhrətini tədricən itirəcək. Lakin üç meymunu oynayan bəzi beynəlxalq qurumlar hansısa terrorçunu "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" mükafata namizəd görürsə, bu, o deməkdir ki, həmin dairələrin vicdan anlayışında qüsuru var.

Tacir SADIQOV,

"Respublika".