Sülhə doğru uğurlu addım
Siyasət

Sülhə doğru uğurlu addım

Prezident İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti bu gün müstəqil dövlətimizi qələbədən-qələbəyə aparır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzun illər ərazilərinin bir hissəsi düşmən əsarətində qalan, bir milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətində yaşamağa məcbur olan Azərbaycan bu gün beynəlxalq aləmdə ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş, güclü iqtisadiyyata, yenilməz orduya sahib qüdrətli dövlət olaraq tanınır. Son illərdə əldə olunan uğurlar, ard-arda qazanılan nailiyyətlər Azərbaycanı dünyanın aparıcı, qərarlarına hörmətlə yanaşılan ölkələri sırasına yüksəldib.

İkinci Qarabağ müharibəsi öz haqq işi uğrunda mübarizə aparan Azərbaycanın qələbəsi ilə nəticələndi. Özgə torpağında vuruşan düşməni diz çökdürən, kapitulyasiya aktı imzalamağa məcbur edən rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya sübut etdi.

Şanlı tariximizi yazan qəhrəman oğullarımızın sayəsində azadlığına qovuşan əzəli torpaqlarımızda üçrəngli bayrağımız ucaldıldı. 44 günün hər anını tarixləşdirən, bu tarixin hər səhifəsini qəhrəmanlıq dastanına çevirən vətən fədailəri bir addım belə geri çəkilmədən, böyük qəhrəmanlıq, şücaət göstərərək qələbəyə doğru irəlilədi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan, o cümlədən 300-ə yaxın yaşayış məntəqəsi düşmən işğalından azad edildi.

İqtisadi-hərbi güc, milli ruh, yüksək vətənpərvərlik hissi Vətən müharibəsində qələbəmizin əsas qayəsinə çevrildi. Ordumuzun Şuşa Zəfərindən sonra məğlubiyyətini etiraf edən işğalçı ölkə təslimolma aktını imzaladı və bu sənədin müddəalarına əsasən Laçın, Kəlbəcər və Ağdam rayonlarını qeyd-şərtsiz geri qaytardı. 30 il ərzində dünyanın güc dövlətlərinin, nüfuzlu təşkilatların edə bilmədiklərini Azərbaycan öz daxili potensialı hesabına etdi. Şuşanın düşməndən azad edildiyi gün- 8 noyabr Zəfər bayramı elan edildi . 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev qürurla, iftixarla dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!".

Qarabağ zəfərindən sonra müasir Azərbaycanın tarixinə daha neçə-neçə qələbələr yazıldı. Suveren ərazilərimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz tam bərpa edildi. Müstəqil siyasət yürüdən dövlətimiz ermənilərə və havadarlarına qətiyyətlə bir daha bəyan etdi ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır. "Laçın Şəhəri Günü"ndə bu barədə ölkə başçımız demişdir: "Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik... Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir".

İstər hərb meydanında, istər diplomatiyada Azərbaycana yenilən Ermənistan məğlubiyyətlərindən ibrət götürmür, ölkəmizlə sərhəd zonalarda təxribatlara davam edirdi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağdan qanunsuz silahlı birləşmələrini çıxarmır, əksinə, onları havadarlarının dəstəyi ilə silah-sursatla təmin edirdi. Dövlətimiz tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, öz çirkin siyasətini yürüdən Ermənistan bu dəfə layiqli cəzasını cəmi 23 saatda aldı. Ötən il sentyabr ayının 19-20-də Qarabağ və ətraf rayonlarda keçirilən antiterror tədbirləri nəticəsində bölgədəki qanunsuz erməni silahlı qüvvələrin tərk-silah edilməsi, qondarma rejimin özünü buraxması ilə bütün ərazilərində suverenliyinin bərpa olunması dövlətimizin çoxəsrlik tarixində parlaq qələbə oldu. Qəhrəman əsgərlərimiz birgünlük antiterror tədbirlərində düşmənə növbəti dəfə hünərini göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi.

Həyata keçirdiyi siyasətdə hər zaman prinsipial və ədalətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Ermənistanın işğal altında saxladığı, anklav olmayan kəndlərin geri qaytarılmasının vacibliyini vurğulayaraq, "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır", - deyərək qətiyyətli mövqeyini bəyan etmişdir. Aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Azərbaycan ilə Ermənistanın heç bir vasitəçi olmadan sərhədlərinin delimitasiyası üzrə işçi qrupu səviyyəsində qəbul etdikləri Bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Qazax rayonunun Ermənistanın işğalı altında olan anklav olmayan kəndlərindən dördünün Azərbaycana qaytarılmasının təmin edilməsi bu qətiyyətin, prinsipiallığın təzahürüdür. İkinci Qarabağ müharibəsinə son nöqtəni qoyan 10 noyabr üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər rayonları kimi Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli yaşayış məntəqələrinin də hərbi əməliyyatlarsız geri qaytarılması sözü imzası qədər keçərli olan Azərbaycan Prezidentinin siyasi iradəsinin nümunəsi, eyni zamanda xalqına bəxş etdiyi növbəti qalibiyyət sevincidir. Xalqımız öz liderinin rəhbərliyi ilə hələ çox qələbələrin, zəfərlərin sevincini yaşayacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".