Sülhdən danışıb silahlanan ölkə
Siyasət

Sülhdən danışıb silahlanan ölkə

İkinci Qarabağ müharibəsində Azərbaycanın düşmən ölkəni cəmi 44 gün ərzində kapitulyasiya aktı imzalamağa məcbur etməsi, əslində Ermənistandan daha çox ona himayədarlıq edən güc mərkəzlərinin məğlubiyyəti idi.

Çünki 30 il bundan əvvəl ölkəmizin ərazi bütövlüyünü pozması və bu illər ərzində işğalçılıq siyasətini davam etdirməsi Ermənistanın "məharəti" deyildi. Bu ssenarinin həmmüəllifləri, quruluş verənləri var idi. Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabr ayının 29-da Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı demişdir: "...İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq".

Azərbaycanın ciddi cəhdlərinə baxmayaraq, düşmən çirkin xislətindən əl çəkmədi, işğalçı dövlətə havadarlıq edənlər münaqişənin sülh yolu ilə həllinə, Cənubi Qafqazda gərginliyə son qoyulmasına imkan vermədilər. Yeni ərazilər iddiasına düşən düşmən daha da azğınlaşır, işğalçılığı dövlət səviyyəsində həyata keçirirdi. 2020-ci ilin sentyabrında erməni silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusu layiqli cavab verdi, elə ilk gündən əks-həmlə əməliyyatı ilə geri oturduldu. Düşmənin 30 il boyu qurduğu istehkamlar darmadağın edildi, hərbi texnikası sıradan çıxarıldı. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müharibənin bitdiyi ilk günlərdən dövlətimiz Cənubi Qafqazda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün qarşı tərəfə sülh təklif etsə də, 3 ildən artıqdır ki, bu istiqamətdə müsbət nəticə əldə olunmayıb. Ermənistan baş naziri beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən müxtəlif formatlı görüşlərdən sonra münasibətlərin normallaşması istiqamətində addımlar atmaq istəsə də, Ermənistandan forpost ölkə kimi istifadə edən Avropa Birliyi, Fransa, ABŞ regionda üstünlük qazanmaq və geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək uğrunda rəqabət aparırlar. Cənubi Qafqaza olan meyillərini Ermənistan üzərindən həyata keçirməyə çalışan Qərb ədavətin qızışması, münaqişənin alovlanması üçün əlindən gələni edir. Bu günlərdə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçüncü tərəflərin destruktiv fəaliyyətinin regionda sülhü təhdid etdiyini bildirmişdir.

Regional əməkdaşlığın genişlənməsinə, xalqların mehriban qonşuluq şəraitində yaşamasına töhfə verən müstəqil dövlətimiz bölgənin inkişafına yönəlmiş mühüm addımlar atır. Sentyabrın 19-20-də Qarabağda qanunsuz məskunlaşan separatçıların ərazilərimizdə varlığına son qoymaq üçün rəşadətli ordumuz tərəfindən keçirilən lokal antiterror tədbirlərindən sonra xalqa müraciətində regionda sülhün, təhlükəsizliyin vacibliyini diqqətə çatdıran ölkə başçımız demişdir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın".

Humanistlik, sülhsevərlik örnəyi olan Azərbaycan regionda sülhün bərqərar olmasına çalışır. Prezident İlham Əliyev yüksək tribunalardan dəfələrlə bəyan edib ki, Azərbaycan gələcək sülh, birgəyaşayış, ölkələr arasındakı əlaqələrin qurulması, ən əsası isə müharibə riskinin sıfra endirilməsi naminə məğlub etdiyi düşməni ilə münasibətlərini normallaşdırmaq istəyir. Lakin iki ölkə arasında sülhün vacibliyindən danışsa da silahlanan, səngərlər qazan, yeni müharibəyə hazırlaşan Ermənistan köləsi olduğu Qərbə meyil etdikcə regionda əmin-amanlığın, təhlükəsizliyin təmin olunması real görünmür. ABŞ və digər qərb dövlətlərinin təzyiqi altında olan, onların əlində alətə çevrilən bu ölkə onu silahlandırmaqla yeni müharibəyə sövq edən "himayədarlarının" əsl məqsədini hələ də dərk edə, düzgün yol müəyyənləşdirə bilmir. Qeyd edək ki, oktyabr ayının 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirləri - Sebastyan Lökornü ilə Suren Papikyan arasında bağlanan müqavilədə hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, Ermənistana bir sıra silahların tədarükü nəzərdə tutulub və artıq Fransa bu istiqamətdə fəaliyyətə başlayıb. Bütün bunların Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək məqsədi daşıdığı hər kəsə bəllidir. Reallıqda isə iqtisadi cəhətdən zəif, məğlubiyyətə uğrayan, müstəqil siyasəti olmayıb, daima başqalarının ətəyinə sığınan bir dövlət olaraq nə Ermənistanın, nə də erməni xalqının taleyi güc mərkəzləri hesab olunan bu ölkələri heç də maraqlandırmır. İllərdir özünü regionda reallaşan layihələrdən kənarda qoyan, iqtisadiyyatı çökən, büdcəsini dilənib dolduran Ermənistan qəflət yuxusundan ayılmalı, Azərbaycanın uzatdığı sülh əlini sıxmalı, yeni reallığı qəbul etməlidir. Bu reallıq isə sadəcə bundan ibarətdir: diktə edən tərəf Azərbaycandır...

Mehparə ƏLİYEVA,

"Respublika".