Sülh sazişinin imzalanması regiona əmin-amanlıq, sabitlik gətirəcək
Digər xəbərlər

Sülh sazişinin imzalanması regiona əmin-amanlıq, sabitlik gətirəcək

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda sülhün bərqərar olması, xalqların mehriban qonşuluq şəraitində yaşaması üçün qarşı tərəfə sülh təklif etdi. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi 5 baza prinsipindən ibarət sülh müqaviləsi iki ölkə arasında mövcud olan ədavətə son qoyulmasını və münasibətlərin normallaşmasını ehtiva edir. Lakin İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan 10 noyabr Bəyanatının müddəalarına əməl etmədiyi kimi, sülh müqaviləsinin imzalanması istiqamətində də qeyri-konstruktiv mövqe nümayiş etdirir.

Artıq uzun müddətdir beynəlxalq vasitəçilərin təşəbbüsü ilə baş tutan görüşlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi əsas müzakirə mövzusu olsa da, hələ də bu istiqamətdə müsbət nəticə əldə edilməyib. İstər Belçika Krallığının paytaxtı Brüsseldə, istər Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunan üçtərəfli görüşlərdə Azərbaycan ilə Ermənistan arasında sülh təklifinin imzalanmasına razılığını bildirən Ermənistanın baş naziri görüşlərdən bir müddət sonra fikrini dəyişərək hər dəfə bir bəhanə ilə məsələni uzadır. Ötən il oktyabrın 6-da Praqada, "Avropa Siyasi Birliyi" Zirvə Toplantısında iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan görüşlər davam etdirilmiş, bu dəfə Fransa Prezidenti Emmanuel Makron da vasitəçilər sırasına qoşulmuşdur. İki il boyunca dəfələrlə Brüsseldə, eyni zamanda Soçidə və Praqada iki ölkə arasında münasibətlərin normallaşması məqsədilə keçirilən görüşlərdə sülhü dəstəklədiyini deyən, son görüşlərdə isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqqında sənəd imzalayan Ermənistanın bu istiqamətdə atdığı hər bir addım saxtakarlıq və riyakarlıqdan başqa bir şey deyil. Ermənistan sülh danışıqları prosesində manipulyasiya edir, bu isə işğalçı ölkənin sülh istəmədiyini açıq-aydın göstərir.

Bu ilin 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkələri arasında münasibətlərin normallaşması istiqamətində müəyyən məsələlərə aydınlıq gətirmişlər. ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşən nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığa gəlsələr də, əsas məsələlərdə fərqli mövqedə olmuşlar. Lakin buna baxmayaraq, xarici işlər nazirlərinin Vaşinqton görüşü sülh prosesi istiqamətində irəliləyiş kimi qiymətləndirilmişdir.

Vaşinqton görüşündən sonra mayın 14-də iki ölkə arasında sərhəddə yenidən gərginliyin artması fonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan danışıqların növbəti mərhələsində görüşüblər. Liderlər arasında məsələlərin müzakirəsindən əvvəl Aİ prezidenti hər iki liderlə ikitərəfli görüş keçirib. Görüşlərdən sonra mətbuata bəyanatla çıxış edən Avropa Şurasının prezidenti sülh sazişi istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini bildirib: "Birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Sülh müqaviləsi üzrə ABŞ-da aparılan son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürəti qorunmalıdır. Tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən Ermənistanın (29,800 kvadratkilometr) və Azərbaycanın (86,600 kvadratkilometr) müvafiq ərazi bütövlüyünə birmənalı öhdəlik götürməklə, qarşılıqlı dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli danışıqları bərpa etməyə razılaşıblar". Şarl Mişel Ermənistanın cənubundan keçməklə Azərbaycan və onun Naxçıvan ərazisi arasında əlaqə məsələsində də irəliləyişin olduğunu bildirib və qeyd edib ki, tərəflər Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması məsələsində bir-birinə çox yaxınlaşıblar. İşçi qruplarına dəmir yolu əlaqələrinin açılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb, lazımi tikinti işlərinin konkret qrafiklə birlikdə həyata keçirilməsi, həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəlinib.

Azərbaycan və Ermənistan liderləri, Avropa İttifaqı Şurasının prezidenti, Almaniya Federativ Respublikasının kansleri və Fransa prezidenti arasında iyun ayının 1-də Kişineuda keçirilən qeyri-rəsmi görüşü iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya hazırlıq mərhələsi kimi qiymətləndirən Aİ prezidenti deyib: "Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq".

Ermənistan və Azərbaycan liderlərinin may ayının 14-də baş tutan 5-ci Brüssel görüşündən, ardınca isə iyun ayının 1-də Avropa Siyasi İcmasının Kişineuda keçirilən qeyri-formal görüşündən sonra iyun ayının 27-də hər iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə üçtərəfli görüş keçirilib, "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş" layihəsinin müzakirəsi zamanı qarşılıqlı anlaşma şəraitində sazişin əlavə maddələri üzrə razılıq əldə olunub. Azərbaycanın xarici işlər naziri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatını imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmayaraq hərbi-siyasi təxribatları davam etdirdiyini və bununla da regionda sülhün bərqərar olmasına imkan vermədiyini diqqətə çatdırıb.

Bütün görüşlərdə regionda sülhün bərqərar olmasına, münasibətlərin normallaşmasına ciddi səy göstərən, müxtəlif formatlarda görüşlərə qatılmaqla bu istiqamətdə konkret addımın atılmasında maraqlı olduğunu nümayiş etdirən Azərbaycan 5 baza prinsipi əsasında təklif etdiyi sülh sazişinin qarşı tərəfin imzalaması ilə regiona sabitliyin, əmin-amanlığın gələcəyini əminliklə bildirir. Bu il 28 May - Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Ermənistanın artıq bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün hər hansı bir ciddi maneə qalmadığını söyləyən ölkə başçımız demişdir: "Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq".

Mehparə ƏLİYEVA,

"Respublika".