“Süd vəzisi xərçəngi ilə mübarizə ayı
Səhiyyə

“Süd vəzisi xərçəngi ilə mübarizə ayı" çərçivəsində növbəti tədbirlər Şirvan şəhərində keçirilib

"Süd vəzisi xərçəngi ilə mübarizə ayı" çərçivəsində regionlar üzrə start verilən profilaktik müayinə və maarifləndirmə tədbirlərinin növbəti ünvanı Şirvan şəhəri olub.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, "Süd vəzisi xərçəngi ilə mübarizə ayı" çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə tədbirləri Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə keçirilir. "Hər kəs bilsin, həyat davam etsin!" devizi altında keçirilən aksiyaya ilk olaraq Gəncədə start verilib. Aksiyanın növbəti ünvanı isə Şirvan şəhəri olub. Şirvan Rayonlararası Onkoloji Xəstəxanasında Milli Onkologiya Mərkəzinin mütəxəssisləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb. Məqsəd qadınlarda süd vəzisi xərçənginin vaxtında aşkarlanması, onların müayinə və müalicələrinin vaxtında tətbiq edilməsindən ibarətdir.

Müayinələr ümumilikdə 155-dən çox sakini əhatə edib və 3 nəfər şəxsdə şübhəli diaqnoz qeyd alınıb. Müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkarlanan xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

AZƏRTAC