Strateji əhəmiyyətli layihə
Digər xəbərlər

Strateji əhəmiyyətli layihə

"Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verildiyi gündən 5 il keçir. 30 oktyabr 2017-ci ildə Azərbaycanda beynəlxalq əhəmiyyətli tarixi bir gün yaşandı. Həmin gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və digər respublikalardan rəsmi nümayəndə heyətləri iştirak etdi.

Açılışda Prezident İlham Əliyev çıxış edərək bildirmişdir: "Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq".

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Bu yol Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasını təmin edir. Dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanı əhəmiyyətli tranzit daşımalar mərkəzinə çevirir.  

BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilkin danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıblar. 2007-ci il fevralın 7-də Azərbaycan dövlət başçısı Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolu xəttinin tikintisinin başlanması ilə bağlı saziş, bütün bunların davamı kimi isə həmin il fevralın 21-də yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdır. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisi başlayıb.

 BTQ dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel tikilib. Sərnişin daşımalarına gəlincə isə ilk illərdə dəmir yolu xəttindən ildə bir milyon insanın istifadə etməsi nəzərdə tutulurdu.

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndən bəri, yəni 2017-ci il oktyabrın 30-dan başlayaraq bu yolla artıq bu günə kimi təqribən 1 mln. 300 min ton yük daşınıb. 2021-ci ildə 11 min 84 TEU (20 fut ekvivalenti) konteyner daşınıb. İlin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 min 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə isə ən çox konteyner 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb.

BTQ dəmir yolu ilə cari ilin 6 ayında 200 min tondan artıq yük daşınıb və bu göstərici ilin sonuna kimi daha da artacaq. Çin-Avropa yük daşımaları üzrə ən çox konteyner daşımalarında artım müşahidə olunur. Yaxın zamanda bu artımın yüksələcəyi gözlənilir.

Hazırda yüklər qatarlarda orta hesabla 10-12 günə Çindən Avropaya çatdırılır ki, bu da BTQ-nin əsas üstünlüklərindən biridir. Yüklər Avropaya iki istiqamət - Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilir.

BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin "Stadler" şirkətinə "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyadan ibarət 30 ədəd yataq tipli vaqon alınmışdır və bu vaqonlar sərnişindaşımada istifadə edilir.

BTQ həm də təhlükəsizliyə təminat layihəsidir. Bölgə dövlətlərinin iqtisadi cəhətdən inkişafı üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu layihəyə vaxtilə qarşı çıxanlar da var idi. Ancaq üç dövlətin səyi nəticəsində BTQ reallığa çevrildi. Beynəlxalq əhəmiyyətə malik Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri isə Azərbaycanın Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olmasıdır. Bu da iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir.

Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 iri layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında mühüm strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa xidmət edir.

Əli SADIQOV,

"Respublika".