Sosial sahədə aparılan islahatların davamı
Sosial həyat

Sosial sahədə aparılan islahatların davamı

Dövlət başçısının fevralın 5-də imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılır. Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Qeyd edək ki, 1,1 milyon pensiyaçıya şamil olunan indeksləşmə üçün illik əlavə olaraq 630 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu da onların sosial müfadiəsinin gücləndirilməsinə xidmət edəcək. Pensiyaların artması bir daha onu göstərir ki, Azərbaycan dövlətinin əsas siyasi qayəsi əhalinin rifahını yüksəltmək və sosial müdafiəsini gücləndirməkdir. Artıq heç bir şübhə yoxdur ki, ölkəmizdə aparılan çoxşaxəli siyasətin əsas istiqamətlərindən biri də sosial islahatların həyata keçirilməsidir. Uzun illərdir ənənəyə çevrilən bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Digər ölkələrin timsalında əhalinin bir sıra hallarda iqtisadi islahatlardan əziyyət çəkdiyinin şahidi olsaq da, respublikamızda tətbiq edilən model ölkə vətəndaşlarının iqtisadi islahatlar nəticəsində baş verən dəyişikliklərin mənfi təsirlərindən qorunmasına yönəlib.

Xatırladaq ki, son 5 ildə imzalanan Fərman və Sərəncamla əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması istiqamətində 4 sosial islahat paketi həyata keçirilib, 4 milyondan çox vətəndaşımıza 7 milyarda yaxın vəsait ayrılıb. Həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz (545 manat - 933,8 manat), median əməkhaqqı 2,2 dəfə (486 manata çatıb) və əməkhaqqı fondu 2,7 dəfə artıb. O cümlədən sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artaraq illik 400 milyon manatdan  1,9 milyard manata yüksəlib. Bundan başqa ünvanlı yardımın orta aylıq məbləğində 2,8 dəfə (175 manat - 487 manat), ehtiyac meyarı 2,3 dəfə (116 manat - 270 manat) artıb, habelə, 10 yeni sosial ödəniş növü təsis edilib.

2018-2023-cü illərə nəzər salsaq, görərik ki, respublikamızda pensiyaların artırılması ənənə halını alıb. Aparılan sosial islahatların mühüm bir hissəsini pensiya təminatı əhatə edib və son 5 ildə 4 sosial islahat paketinin hər birində pensiyalar artırılıb. Nəticə etibarilə, bu illər ərzində minimum pensiya 2,5 dəfə (110 manat - 280 manat), orta aylıq pensiya isə 2,1 dəfə (208 manat - 436 manat) artıb. Yaşa görə orta aylıq pensiya da 2 dəfə artaraq, yəni 234 manatdan 467 manata çatıb. O cümlədən ötən ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Diqqətçəkən əsas məqamlardan biri də odur ki, təkcə 2023-cü ildə pensiya ödənişləri əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib.

Son beş ildə yuxarıda qeyd olunan işlərlə yanaşı, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. Belə ki, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişilik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib.

Onu da qeyd edək ki, yeni Sərəncamın imzalanması sosial sahədə aparılan islahatların bu il də davam edəcəyindən xəbər verir. Ümumilikdə bu artım nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardan biridir. Bu günə kimi böyük sosial paketlərin icra edilməsi bir daha onu göstərir ki, dövlətimiz daim öz vətəndaşının yanındadır və Azərbaycan sosial dövlətdir.

Musa BAĞIRLI,

"Respublika".