Siyasətdən bixəbər
Siyasət

Siyasətdən bixəbər "namizəd"

"Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur". Yunan filosofu Antisfen bu fikirləri hələ eramızdan əvvəl V əsrdə söyləsə də, onun dedikləri günümüzdə də öz aktuallığını qoruyur. Vay o dövlətin halına ki, ona başçılıq edən yaxud etmək istəyən şəxs nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Eynilə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Vivek Ramasvami kimi...

Maraqlıdır, kimdir bu həqiqətlərdən bixəbər şəxs? Hind əsilli Vivek Qanapati Ramasvami deyilənə görə, "mühafizəkar siyasətçidir". Respublikaçıların vahid namizədi olmaq xəyalı ilə yaşayan Ramasvaminin hazırda ən böyük rəqibi ABŞ-ın keçmiş prezidenti Donald Trampdır. Görünür, Trampın populizm və qəzəbli çıxışlarla yadda qaldığını iddia edən Ramasvaminin özünün rəzil durumundan xəbəri yoxdur. Belə ki, o, ermənilərin Gəncə və Bərdəyə atdığı raketlərin çoxsaylı insan ölümünə səbəb olduğunu göstərən videokadrlara istinad edərək, bunu Azərbaycanın ermənilərə qarşı törətdiyini iddia edib. Ramasvaminin bu çıxışı Prezident İlham Əliyev tərəfindən sərt şəkildə tənqid olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı məsələyə münasibət bildirib: "Elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür". Dövlətimizin başçısı, həmçinin erməni sevdalılarının qitələrarası lobbiçilik fəaliyyətini intensiv olaraq dərinləşdirdiklərini diqqətə çatdırıb. Elə Ramasvaminin bu cür yanlışlığa yol verməsi onun siyasətin "s" hərfindən belə xəbərdar olmadığının əyani sübutudur. Azərbaycanın bütün dünyaya duyurduğu Gəncə hadisələrini tanımayan və bu cür qlobal məsələyə səthi yanaşan insanın sözsüz ki, siyasətdə yeri ola bilməz. Söylədiyi sözün, iddianın, ittihamın məsuliyyətini dərk etməyən birinin seçkidə uğur qazanması qeyri-mümkündür. Lap bu baş versə belə, Ramasvaminin uğurlu dövlət başçısı olmayacağı bəllidir. Çünki onun kimilər bu cür rəzil çıxışları ilə təmsil etdikləri dövlətin nüfuzuna xələl gətirməkdən başqa bir işə yaramırlar. Görünür, Trampı bəyənməyən, siyasətçi kimi uğursuz hesab edən Ramasvaminin öz vəziyyəti də heç də onunkundan yaxşı deyil.

ABŞ prezidentliyinə namizəd olan bu şəxs son dövrlər bu cür qalmaqallı çıxışlarla yadda qalıb. Bundan öncə Ramasvami Rusiya-Ukrayna müharibəsinin dayandırılacağını vəd etmişdi. Ramasvami digər bir sərsəm çıxışında isə Çini dayandırmaq üçün Rusiya ilə ittifaq qurmağın zəruriliyini bəyan etmişdi. Onun sözlərinə görə, bir zamanlar prezident Nikson Çinlə ittifaq quraraq SSRİ-ni təklədiyi kimi, Ramasvami də Rusiya ilə yaxınlaşıb Çini "boğmaq" niyyətindədir. Əslində elə buradan prezidentliyə namizəd olan şəxsin biyabırçılığı özünü büruzə verir. Bu cür səriştəsiz şəxsin belə xətalarla ölkəni uçuruma aparacağı gözləniləndir.

Nəzrin ELDARQIZI,

"Respublika".