Səssizlik, yoxsa etiraz edəcək güc tapmamaq?..
Siyasət

Səssizlik, yoxsa etiraz edəcək güc tapmamaq?..

Erməni diasporunun təsiri altında fəaliyyət göstərən, eyni zamanda Azərbaycanın sürətli inkişafından narahat olan bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün hər yola əl atırlar. Bu gün bir sıra Qərb ölkələrinin Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını əks etdirir. Son dövrlərdə Ermənistanın Rusiyanın siyasi orbitindən uzaqlaşaraq Qərbə inteqrasiyasının şahidi oluruq. Bu yaxınlaşma Rusiya və Ermənistan arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradır.

"Ermənistana ticari-iqtisadi yardım məqsədilə" aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Qərb Hayastana ticari-iqtisadi yardım pərdəsi arxasında Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Çünki uzunmüddətli sülh Qərbin iqtisadi və siyasi maraqlarına uyğun gəlmir və gərginlik yaratmaq üçün bütün güclərini səfərbər edir. Bir sözlə, Qərb Ermənistanda güclənmək və bunun üçün də alət kimi seçdiyi Hayastanı Rusiyadan qoparmaq istəyir.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi ənənəvi brifinqdə qeyd edib ki, Ermənistan bütün dünyanın gözü qarşısında erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Bu cür hadisələr Rusiyanı da son dərəcə narahat edir. Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunub ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. İstər Rusiya, istər qardaş Türkiyə Brüssel görüşü ilə bağlı ilk gündən mövqelərini ortaya qoyaraq məsələyə etirazlarını bildiriblər.

Qərbin Ermənistanda güclənməsinə Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətti" elan edən İranın səssiz qalması maraq doğurur. ABŞ-ın İran sərhədlərinə bu qədər yaxın olması Tehranda heç bir həyəcan yaratmadı. Regiona aid məsələləri region ölkələrinin özlərinin həll etməsinin vacibliyini dəfələrlə vurğulayan İranın bu yanaşması, bəlkə də o qədər təəccüblü olmamalıdı. Çünki Azərbaycan torpaqlarının təxminən 30 il davam edən işğalına göz yuman ölkələrdən biri də cənub qonşumuz İran idi. Gizlin formada Ermənistana silah ixrac etməklə, əməl və davranışları ilə onları dəstəkləyirdi. İran daima Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirib.

Aİ və ABŞ-ın Ermənistana qarşı mövqeyi rəsmi Tehranın maraqlarına uyğun deyil. 2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Ermənistanda fəaliyyətə başlayan və hazırda sayı 209 nəfər olan Avropa İttifaqının mülki müşahidə missiyasının həm də İranla bağlı məlumatlar topladığı iddia edilir. Ancaq Tehran buna da mövqesiz qalır. Əslində mövqe sərgiləməmək elə razılıq əlamətidir. İran hər zaman müsəlman həmrəyliyindən danışsa və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, əməlləri ilə bunu təkzib edib. Belə ki, o müasir, müstəqil Azərbaycan Respublikasının varlığından həmişə qorxub. Sırf bu qorxusu üzündən də İkinci Qarabağ müharibəsindən sonra Ermənistana hərbi yardım edir. Cari il martın 29-dan İran hava yollarına məxsus "Boeing" tipli yük təyyarələri ilə Ermənistana davamlı olaraq silah daşındığı da məlum olub. Lakin onun Azərbaycanı hər zaman zəif, gücsüz görmək arzusu ürəyində qalacaq.

Əslində Qərblə birbaşa münaqişə vəziyyətində olan İran fərqinə varmalıdır ki, yaranmış bu vəziyyət onun üçün risklidir. Həmin risklər İranın maraqlarına ziddir. Rusiya vəziyyətdən yayınmağa çalışsa da İran səssizliyini qoruyur. ABŞ-ı həmişə "şeytan ölkə" adlandıran İran öz dostu Ermənistanın ABŞ-ın əlində alət olduğunu görür və buna etiraz edəcək gücü özündə tapmır. Zəngilandakı fermanı hansısa ölkənin "hərbi bazası" hesab edən İran indi Aİ-nin sərhədində yerləşməsinə susur. Böyük ehtimal ABŞ İranın nüvə proqramına mane olmur, o da öz növbəsində Qərbə bəzi güzəştlər vəd edib. Cənubi Qafqazda baş verən proseslərdə isə İran Fransa ilə razılığa gəlmiş kimi görünür.

Ən xırda məsələdə Azərbaycanı təhdid edən İranın bugünkü susqunluğu gülüncdür.

Röya RÜSTƏMLİ,

"Respublika".