Selə qarşı mübarizə tədbirləri həmişə aktualdır
Ekologiya

Selə qarşı mübarizə tədbirləri həmişə aktualdır

Sel və su daşqınları şəhərlərə, kəndlərə, bütövlükdə infrastruktura ciddi ziyan vurur, hətta bəzən insan tələfatına səbəb olur. Buna görə də sel və su daşqınları ilə mübarizə həmişə aktualdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2023-cü il üçün təsdiqlənmiş istismar tədbirləri planına uyğun Zaqatala Suvarma Sistemləri İdarəsi cari il ərzində rayon ərazisindən axan çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar çay yataqlarının, suvarma kanalların lildən təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsi davam edir. İlin əvvəlindən Muxax çay sistemi üzrə 287 min kubmetr, Tala çayda 272, Bəkməz çayda 64 min, Micqar çayda 17 min, Qara çayda isə 7 min kubmetr məcratəmizləmə işləri həyata keçirilib. Ümumilikdə Zaqatala rayonu ərazisindən axan çaylarda 647 min kubmetrdən artıq iş görülüb. Tala çayın sol sahilində Meşleş kənd avtomobil körpüsünü mühafizə edən 1 ədəd, Muxax çayın sağ sahilində Yuxarı Çardaxlar kəndini mühafizə edən 1 ədəd daş-beton bənd təmir edilib. Ümumi olaraq 235,2 kubmetr daş-beton bəndlərin təmiri həyata keçirilib. Hazırda idarə tərəfindən bütün çay sistemlərində bu işlər davam edir.

Zaqatala Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə tədbirləri ilə bərabər, suvarma suyunun əkin sahələrinə itkisiz olaraq çatdırılması vəzifəsini də həyata keçirir. Bu il suvarma kanallarında 228 min kubmetr lildən təmizlənmə işləri görülüb və suyun maneəsiz axını təmin olunub. Bundan başqa, mənbəyi Muxax çaydan götürülən Zəyəm arx suvarma kanalının 90 metr hissəsinin, Pərzivan suvarma kanalının isə 40 metrinin beton üzlüyə alınması yerinə yetirilib.

Digər dağlıq və dağətəyi rayonlarda da sel və su daşqınları ilə mübarizə diqqətdə saxlanılır.

Nəriman CAVADOV,

"Respublika".