SƏHİYYƏ SAHƏSİNDƏ İSLAHATLAR BƏHRƏ VERİR
Səhiyyə

SƏHİYYƏ SAHƏSİNDƏ İSLAHATLAR BƏHRƏ VERİR

"Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir", - deyən ümummilli lider Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında prioritet sahə kimi qiymətləndirirdi. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması diqqət mərkəzində saxlanıldı.

Səhiyyənin inkişafı üzrə tədbirlər planına mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi də daxil idi. 1970-1980-ci illərdə respublikada bir çox səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırıldı. Bir neçə yeni səhiyyə müəssisələri istifadəyə verildi. Uroloji Kliniki Xəstəxana, Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikildi.

Azərbaycan səhiyyəsi bu gün inkişaf yolundadır. Tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin sosial öhdəlikləri sırasında mühüm yer tutur. Ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də layiqincə davam etdirir. Ölkə səhiyyəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilir, infrastruktur yeniləşdirilir. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Ölkə başçısının da dediyi kimi: "Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır".

Ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırır, ixrac imkanları genişlənir. Bu baxımdan, dövlət başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" MMC və "Diamed Co" MMC artıq fəaliyyətə başlayıb. Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCI 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunur. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litr təşkil edir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur. Bu da səhiyyənin inkişafı ilə bərabər, ölkə iqtisadiyyatına da öz töhfəsini verir.

Son illər Azərbaycanda bütün sahələr, o cümlədən səhiyyə sahəsi də dinamik inkişaf edir. Bu inkişafın təməlində dayanan başlıca amillərdən biri də səhiyyə ilə bağlı qəbul olunmuş mühüm Dövlət proqramlarıdır. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, icbari tibbi sığortanın tətbiqi sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.

Bu gün səhiyyə sahəsində ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır.

Nurəngiz ADİLQIZI,

"Respublika".