Fermerlərin yaz qayğıları
Region

Fermerlərin yaz qayğıları

Barlı-bərəkətli Xaçmaz torpağı yenə yaz libasına bürünüb. Şaftalı, ərik, zoğal, alça ağaclarının ağ, sarı, çəhrayı ləçəkləri, boyu bir qarış uzanan zəmilər, torpaqdan yenicə baş qaldıran tərəvəz şitilləri adamın üzünə gülür. Qadir insan əlləri bu gözəlliyə əlavə bir rəng, gözəllik qatır. Hər yerdə zəhmət qaynar bulaq kimi çağlayır. Əkin-biçin  adamlarının işi başından aşır. Meyvə bağlarında, taxıl-tərəvəz sahələrində qızğın iş gedir. Təsərrüfatın bütün sahələrində aqrotexniki tədbirlər həyata keçirilir.

Görülən yaz-tarla işləri barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Altay Hacəliyev bir qədər ətraflı məlumat verərək bildirir ki, rayonumuzda kənd təsərrüfatı əsasən bağçılıq, taxılçılıq və tərəvəzçilik istiqamətində ixtisaslaşıb. Son illər meyvəçilik inkişaf etmiş, bağların ümumi sahəsi 25.946 hektara çatmışdır. Müasir texnologiyalara maraq göstərən fermerlərimiz intensiv bağçılığa daha çox üstünlük verirlər. İndi bu bağların sahəsi 4 min hektara yaxındır. Təkcə bu mövsümdə 624 hektar yeni intensiv meyvə bağı salınmışdır. Hazırda bütün meyvə bağlarında yaz becərmə işləri gedir. Bağlar suvarılır, cərgə araları şumlanır, budama, dərmanlama işləri görülür.

Taxıl zəmilərində də işlər qənaətbəxşdir. Məlumat üçün deyim ki, rayonda cari ilin məhsulu üçün 18.942 hektarda taxıl əkilib. Bunun 12.029 hektarı buğda, 6.913 hektarı arpadır. Cari ilin bol məhsulu üçün yaxşı zəmin yaradılır. Zəmilərdə birinci  vegetativ  suvarma işləri aparılır, torpağa yemləmə gübrəsi verilir.

Rayonda 3000 hektarda yazlıq bitkilərin əkilməsi nəzərdə tutulur. Bu məqsədlə sahələr əkinə vaxtında hazırlanmış, şitilliklər salınmışdır. Yaxın vaxtlarda şitillərin sahələrə köçürülməsinə başlanacaq.

Rayonumuzda yaz-tarla işlərinin vaxtında və keyfiyyətlə görülməsində fermerlərimizin heç bir çətinliyi yoxdur. Kanallarda kifayət qədər suvarma suyu vardır. Gübrə təminatı da fermerləri razı salır. "Aqroservis" ASC-nin Xaçmaz regional nümayəndəliyi tərəfindən ehtiyac duyulan ərazilərdə gübrələrin səyyar satışı təşkil olunur. Bundan əlavə, gübrə və dərmanların satışı ilə məşğul olan şirkətlərin yerlərdə 6 məntəqəsi fəaliyyət göstərir.

Fermerlərə kömək məqsədilə DAİM-in mütəxəssisləri də tez-tez yerlərdə olur, məhsul istehsalçılarına lazımi məsləhət və tövsiyələr verirlər. Subsidiyaların vaxtında verilməsi üçün DAİM tərəfindən bəyanlar operativ qeydə alınır.

Əbilyataq kəndindən olan fermer Zahid Əbdürrəhmanov uzun illərdir ki, taxılçılıqla məşğuldur. Hər il hektarlarla sahədə məhsul yetişdirir. Təcrübəli əkinçi bu il 200 hektar taxıl sahəsinə qulluq göstərir. Fermer deyir ki, əsasən yerli toxum sortlarından istifadə edir. Bu sortların məhsuldarlığı yüksəkdir və zəmilər bol məhsuldan xəbər verir. Bütün aqrotexniki becərmə işlərini vaxtında görmüşük. Hazırda torpağa yemləmə gübrəsi verir,  ziyanvericilərə qarşı dərmanlama aparırıq.

Fermer razılıq hissilə qeyd edir ki, bu işləri görmək üçün hər bir imkanımız var. Dövlət dəstəyindən lazımınca yararlanırıq.  Aqroservis xəttilə 2 ədəd taxılbiçən kombayn, 2 ədəd şum traktoru  və hər cür aqreqatlar almışıq. Subsidiyalar da vaxtında verilir. Mən fürsətdən istifadə edib kənd əməkçilərinə göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə fermerlərimizin adından öz dərin təşəkkürümü bildirirəm.

Xaçmazlı fermerlərin yaz qayğıları davam edir. Çəkilən zəhmət heç vaxt hədər getmir. Torpaq heç kəsə borclu qalmır və bol məhsulu ilə əkinçini sevindirir. Onun əkinçidən istəyi yalnız budur: "öldür məni, dirildim səni".

Ziyafəddin Bayramov,

"Respublika".