Şanlı səhifələrin müəllifi
Siyasət

Şanlı səhifələrin müəllifi

Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsində mümkün olur. Təkrarsız və bənzərsiz şəxsiyyətlər demək olar ki, 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır,  yaradır, xalqına, dövlətinə, ümumilikdə bəşəriyyətə  əvəzsiz töhfələr verirlər.  Birmənalı şəkildə demək olar ki, dövlətimizin, xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş, xalqımızın taleyində silinməz izlər qoymuşdur. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Məhz güclü rəqabətin qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır.

Artıq Azərbaycan da bu qlobal dünyanın bir üzvünə çevrilib. Bu baxımdan, təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar,  qəbul edilmiş qərarlar, təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində də özünü göstərir.

Azərbaycan təhsilinin uğurlu inkişafı ulu öndərin adı ilə bağlıdır. Bu gün biz gündəlik həyat və fəaliyyətimizdə bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev  Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır. Gənclərimiz ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunur, onlara böyük etimad göstərilir. Gənclərə bu cür dövlət dəstəyi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır.

1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gəncləri "Azərbaycanın gələcəyi" adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən ulu öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri var. 1997-ci il fevralın 2-nin Azərbaycanda "Gənclər Günü" elan olunması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. Ulu öndər Heydər Əliyev hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğulayırdı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır.  Heydər Əliyev bütün həyatı dövründə Azərbaycanın milli maraqlarını uca tutmuşdur. Ölkəmizin uğurlu inkişafını davam etdirmək, insanların rifahını daha da yüksəltmək üçün xalqımız  Heydər Əliyevi Prezident seçdi. Ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsasları qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Xalq Heydər Əliyevə inanırdı və bilirdi ki, məhz Heydər Əliyev zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apara bilər.

Ulu öndər Heydər Əliyev  milli dövlətçilik ənənələrini də bərpa etdi. Azərbaycan Xalq  Cümhuriyyətinin üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi.  Heydər Əliyev Prezident seçildikdən sonra bütün silahlı dəstələri bir komandanlıq altında birləşdirdi. Heydər Əliyevin başçılığı ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Hərbi uğursuzluqla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994-cü ilin mayında atəşkəs haqqında protokola imza atdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadi,  siyasi, hərbi sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.  1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin memarı olduğu,  XX əsrin  ən böyük iqtisadi layihələrindən biri olan, Azərbaycan Dövlət Neft Şirkəti ilə 8 ölkənin 14 nəhəng neft şirkəti arasında bağlanan "Əsrin müqaviləsi" respublikamızın gələcək iqtisadi inkişafına, ölkəmizin siyasi nüfuzunun artmasına şərait yaratdı. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft yataqlarının Avropanın böyük dövlətlərinin neft şirkətləri ilə  birgə istismarı həyata keçirildi və hasil olunan neft dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan dünya iqtisadiyatında mühüm rol oynamağa başladı. Azərbaycan neftinin dünya bazarına çıxarılması nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilməyə başladı. O zamanlar "Əsrin müqaviləsi"nin reallaşmasına bir sıra böyük dövlətlər mane olmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin dahiliyi, siyasi iradəsi nəticəsində Azərbaycanın tarixində qızıl dövr başlandı.

Əslində müstəqilliyimizin ilk günlərindən Azərbaycan xalqı bu dövlətin rəhbərinin  Heydər Əliyevin olmasını arzulayırdı. Azərbaycan xalqı öz canı, qanı bahasına müstəqillik qazandıqdan sonra çox zülmlərə, əzab-əziyyətlərə məruz qaldı.   Respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın rayonlarına köçməyə məcbur oldular. Bu o zaman idi ki, Xankəndidə erməni millətçi və separatçıların fəallaşması və Qarabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər. Hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını almaqda aciz idilər. Hakimiyyətdə olan AXC-Müsavat  cütlüyü özlərində cəsarət tapıb güclü və qətiyyətli siyasətçi, dövlət idarəçiliyini mükəmməl bilən, dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etmədilər. Həmin dövrdə  Heydər Əliyev hakimiyyətdə olsaydı ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməz, ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi.

Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və daha da güclənməsi üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, imzasını imzalar işində tanıtdı. Həyatını  daim Azərbaycana və xalqına həsr edən ulu öndər xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir.  Onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. Heç təsadüfi deyil ki,  Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri hesab edir. Dünyada Heydər Əliyev kimi siyasətçilərə nadir hallarda rast gəlinir. Ulu öndər güclü və cəsarətli siyasətçi olmaqla yanaşı, fenomenal yaddaşa, hərtərəfli biliyə, mükəmməl natiqlik qabiliyyətinə malik şəxsiyyət idi. Dünya siyasətçiləri ulu öndəri "siyasət nəhəngi", "siyasət qrossmeysteri" adlandırırdılar. Heydər Əliyev, eyni zamanda siyasi uzaqgörənliyi ilə də dünya siyasətçilərindən seçilirdi. Ulu öndər apardığı siyasətin on  illərdən sonra hansı töhfələr verəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin ən böyük gücü onun dərin və unikal biliyə, tükənməz səbrə, müdrikliyə, ən əsası həmsöhbətinə təsiretmə gücünə malik olmasında idi.

Heydər Əliyev  xarizmatik şəxsiyyət, nadir diplomat, güclü sərkərdə idi, eyni zamanda öz xalqının tarixini gözəl bilən, onun adət-ənənələrinə hörmət edən və yaşadan dövlət başçısı idi. Milli ideologiyanın yaranması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası tək respublikamızda yaşayan azərbaycanlıları deyil, bütün dünyada yaşayan həmyerlilərimizi bu ideologiya ətrafında birləşdirir. Bunun nəticəsidir ki, indi dünyada yaşayan bütün azərbaycanlılar harada doğulmaqlarından asılı olmayaraq Azərbaycan dövlətini öz vətənləri hesab edirlər. Ulu öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı, ona ciddi diqqət yetirirlər. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.  Ölkəmizdə və eləcə də dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu  müdrik fikrin müəllifi ümummilli lider, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm vermişdir. İqtisadiyyatın inkişafı bütün sahələrdə istənilən nəticənin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ən yeni dövrün reallıqları bunu bir daha sübut edir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin iqtisadi və siyasi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artdı. Geostrateji məkanda yerləşməsi, zəngin karbohidrogen ehtiyatları ilə ölkəmiz dünya birliyi üçün böyük maraq kəsb edir. Son dövrlərdə Azərbaycan Respublikasının sürətlə inkişaf edən iqtisadiyyatı, enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi və bölgədə əsas söz sahibi olması bu marağı daha da artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi qlobal enerji layihəsini reallaşdırmaqla dünya neft bazarına daxil olan Azərbaycanla artıq Cənubi Qafqazda yerləşən adi bir dövlət kimi deyil, strateji tərəfdaş kimi münasibətlər quruldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası da uğurla başa çatdırıldıqdan sonra Azərbaycan tək bölgədə deyil, dünyada əsas söz sahibi olan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi isə bütün problemlərin həllinə təkan verir.

Azərbaycanda qadınların siyasi aləmə inteqrasiyası da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Böyük siyasətçi siyasətdə qadın hərəkatının inkişafına, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında yer almalarına böyük önəm verirdi. Bu gün ulu öndərin siyasi ideologiyasından dərs alan,  bu siyasi kursun davamçıları olan Azərbaycan xanımları istər siyasətdə, istərsə ictimai həyatda önəmli yer tuturlar. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı bütün fərman və sərəncamlar qadın hüquqlarının reallaşmasına xidmət edir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunu dərindən öyrəndikcə bu dahi şəxsiyyətin öz xalqına və dövlətinə göstərdiyi xidmətə görə hər zaman ona ehtiram göstərəcək. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin ölməz ideyaları da onunla yaşayacaq. Azərbaycançılıq, soy-kökümüz, milli mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hissləri həmişə ulu öndərin  ürəyində olub.

Onu da qeyd etmək lazımdır ki, Ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan ümummilli lider ana dilinə münasibəti ilə hər kəsə örnək idi. Ulu öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı: "Azərbaycan SSR-in dövlət dili - Azərbaycan dilidir" Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndər  Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün səfərbər olmağa çağırır, dilçi alimlərimizə böyük qayğı göstərir, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi. Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən ulu öndər başqalarına da nümunə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. Heydər Əliyev bu gün ən yüksək zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev  də qəlbimizdə, ürəyimizdə yaşayacaq.

Ulu öndərin daha bir xidməti ondan ibarətdir ki, bugünkü güclü Azərbaycan Ordusunun əsası onun tərəfindən qoyulmuşdur. 1971-ci ildə Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi məktəbin  yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış Fərman hərbi zabitlərin yetişdirilməsində böyük addım oldu.

Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu, ölkəmizdə vətəndaş həmrəyliyinin, azərbaycançılıq ideologiyasının yaradıcısı, xalqının, dövlətinin xilaskarı kimi adını əbədi olaraq Azərbaycan dövlətinin tarixinə yazmışdır. Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə ümummilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mücadiləsini zəfərlə başa çatdırdı. Azərbaycan Respublikasının müasir inkişaf tarixi  də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.

Beləliklə,  Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü. O, tarixə düşməklə yanaşı, həm də şərəfli bir tarix yazdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. Şərəfli, mənalı ömür yolu keçdi. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. O, təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist,  qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanındı.  "Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm", - deyən ulu öndər Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu öndərə həm də ona görə minnətdarıq ki, böyük zəhmətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı. Bugünkü azad, demokratik, güclü və qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  xalqının xilaskarı, ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor.