Böyük Zəfərin ayaq səsləri
Sosial həyat

Böyük Zəfərin ayaq səsləri

"Aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq". 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sözləri  Ermənistana vacib bir mesaj idi. Azərbaycanın 44 günlük müharibədəki böyük zəfərinin ayaq səsləri hələ 2016-cı ildə eşidildi. Ölkəmiz qələbəyə gedən yolun təməlini məhz Aprel döyüşləri zamanı atdı.

2016-cı il aprelin 2-də Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. Aprel ayının 1-dən 2-nə keçən gecə ölkəmizin ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Atəş nəticəsində 2 dinc sakin həlak oldu, 10 nəfər isə yaralandı. Həmçinin, infrastruktur obyektləri zədələndi, əhalinin şəxsi təsərrüfatına, əmlakına ziyan vuruldu. Təxirəsalınmaz cavab tədbirləri keçirən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni ağır məğlubiyyətə düçar etdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətindəki bəzi mövqelər düşmən işğalından azad edildi. Əsgərlərimiz çətinliklər qarşısında sarsılmaz qətiyyət və cəsarət nümayiş etdirdi. Ordumuz döyüş meydanında innovativ taktikası və uyğunlaşma qabiliyyəti ilə gözlənilməz çətinlikləri qələbə üçün fürsətə çevirdi.

Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə aprelin 4-də cəbhənin Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış yerlərini atəşə tutdu. Lakin qəhrəman Azərbaycan əsgərinin qətiyyəti sayəsində düşmən öz hədəfinə çata bilmədi. Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələri istiqamətində hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən məhv edildi. Nəticədə şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi.

1994-cü ildə düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Prezident İlham Əliyev 2017-ci il yanvarın 24-də "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" Sərəncam imzaladı. Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına lazımi şərait yaradıldı. Bərpa-quruculuq işlərindən sonra Cocuq Mərcanlı öz sakinlərini qarşıladı, Böyük Qayıdışın başlanğıcı olan kənd kimi tarixə düşdü.

Böyük Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən səkkiz il ötür. Azərbaycanın təxribatlara cavab olaraq həyata keçirdiyi əks-həmlə əməliyyatı bir daha sübut edib ki, ölkəmiz təxribatçıları yerinə oturtmağa qadirdir. Aprel qələbəsi ilə Ermənistanın siyasi-hərbi rəhbərliyi gördü ki, işğalçılıq siyasəti nəticəsiz qalacaq.

Qızğın döyüşlərdə əsgərlərimizin Əlif Hacıyev, Albert, Mübarizdən ruhlanaraq nümayiş etdirdiyi fədakarlıq gələcək Cəbrayılları, Xudayarları və s. cəsarətləndirdi. Əsgərlərimiz arasındakı birliyi xüsusi vurğulamaq lazımdır. Onlar təkcə qələbə üçün deyil, həm də bir-birilərini qoruyub, döyüşün qızğın vaxtında öz aralarında qırılmaz qardaşlıq bağı yaradıblar. Aprel döyüşlərinin iştirakçılarından biri də Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandan müavini və qərargah rəisi vəzifələrində çalışmış azərbaycanlı zabit, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov olub. Ona Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə mənzil hədiyyə edilib. Kirayə mənzildə yaşamasına baxmayaraq, Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayıb. Bu da əsgərlərimizin necə bir-birinə bağlı olmasının, fədakarlığının və qəhrəmanlığının sübutudur. Aprel zəfəri əsgərlərimizin döyüş əzminin, ordu ilə xalq birliyinin şanlı nümunəsidir. Onların qəhrəmanlığı tarix boyu xatırlanacaq.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini göstərdi və xalqımız işğalla heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Qələbəmizin davamı olan İkinci Qarabağ müharibəsi bizi Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlayan şanlı yol Şuşada böyük Zəfərlə yekunlaşdı.

Nurcan SÜLEYMANOVA,

"Respublika".