Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxarılması qarşılıqlı razılığa əsaslanır
Siyasət

Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxarılması qarşılıqlı razılığa əsaslanır

Qarabağ iqtisadi regionunda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq başlanılıb. Sözügedən məsələni Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təsdiqləyib. O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Sosial mediada həmin proseslə bağlı yayılan videogörüntülərdə sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarından keçdiyi əks olunub. Sülhməramlı kontingent Kəlbəcərin Xudavəng monastırındakı postu tərk edərək, memarlıq abidəsinin mühafizəsini Azərbaycan polisinə təhvil verib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Üçtərəfli Bəyanata imza atıblar. Həmin sənədin 3-cü bəndinə əsasən Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent Qarabağ ərazisində yerləşdirilib. Bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etmədiyi təqdirdə, müddətin avtomatik olaraq növbəti dəfə 5 ilə uzadılması göstərilib.

Lakin 2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirilən uğurlu antiterror tədbirlərində qondarma rejimin ləğvi və ermənilərin könüllü olaraq ərazini tərk etməsindən sonra həm Ermənistan faktiki olaraq prosesdən kənarda qaldı, həm də sülhməramlıların missiyası de-fakto bitmiş hesab olunurdu. Bununla da sülhməramlı kontingentin aqibətinin necə olacağı yalnız rəsmi Bakı ilə Moskva arasında müzakirə predmetinə çevrilib. Rusiya rəsmiləri də dəfələrlə bu barədə danışarkən bildiriblər ki, sülhməramlıların Qarabağdakı taleyinin Ermənistana heç bir aidiyyəti yoxdur. Bu ilin yanvar ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında qeyd etmişdi: "Qarabağı hər kəs Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmlənməsində müsbət rol oynayır".

44 günlük Vətən müharibəsini qalib başa vuran Azərbaycana sülhməramlıların gəlməsi və bundan sonra Qarabağdakı fəaliyyəti müəyyən qədər ictimai narazılığa səbəb olmuşdu. Lakin bu gün baş verən hadisələrə nəzər saldıqda dövlət başçımızın "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrinin nə dərəcədə mühüm olduğu bir daha öz təsdiqini tapır. İlk növbədə Azərbaycanın Rusiya sülhməramlılarının Qarabağa gəlişinə razılıq verməsi, Ermənistanla münaqişənin bitməsi, qələbənin təsdiqlənməsinə hesablanmış addım idi. Əgər müharibə aparmış iki ölkə ordusu arasında sülhməramlılar olmasaydı, müharibə bitsə belə münaqişənin bitmədiyi görüntüsü verərdi. Azərbaycan bu gedişi etməklə həm də Qarabağ məsələsində xüsusi "canfəşanlıq" göstərən ABŞ və Fransanın müdaxilə cəhdinin qarşısını ala bildi. Dövlət başçımızın səbir və təmkinlə verdiyi qərarların Azərbaycanın taleyində nə dərəcədə mühüm rol oynadığının şahidi oluruq. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmiz postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacarmış yeganə dövlətdir. 2020-ci ildə Vətən müharibəsinin başlanması və lazımi yerdə başa çatması, eləcə də 2023-cü ilin payızında antiterror tədbirlərinə vaxtında start verilməsi atılan bütün addımların vahid plan əsasında olmasından xəbər verir. Hələ Üçtərəfli Bəyanatdan dərhal sonra ölkə daxilində və xaricində bəzi şəxslər əsasız fikirlər irəli sürüb, müxtəlif "proqnozlar" verirdilər. Həmin iddialarda guya Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin Azərbaycandan qoparılması və sülhməramlı kontingentin əbədi olaraq bu torpaqlarda qalması fikirləri xüsusi yer alırdı. Ötən ilin oktyabr ayında dövlət başçısının Xankəndidə Azərbaycan bayrağını ucaltması həmin iddiaların nə qədər cılız və qərəzli yanaşmalardan yarandığını sübut etdi. O cümlədən Rusiya sülhməramlı kontingentinin də Azərbaycanı tərk etməyə başlaması atılan böhtanların növbəti dəfə iflasa uğramasıdır. Hansı ki, həmin qüvvələr sülhməramlıların ərazilərimizdən çıxarılması məsələsində iki ölkənin fikir ayrılığı yaşayacağını gözləyirdilər. Sülhməramlı kontingentin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər.

Musa BAĞIRLI,

"Respublika".