Günümüzün rekonkista siyasəti – İslamofobiya
Siyasət

Günümüzün rekonkista siyasəti – İslamofobiya

XXI yüzillik geosiyasi mühitə yeniliklər dövrü kimi daxil olmuşdur. Qərb ilə müsəlman Şərqi arasında münasibətlər tarixən öz ziddiyyəti ilə seçilmişdir. Həm islam dünyasının intibah dövründə, həm də Qərbin inkişafının yüksək mərhələsində işğal, zorla dini qəbul etdirmə, müstəmləkə siyasəti üçün xarakterik olmuşdur. Lakin Şərq coğrafiyasında tarixən mövcud olan xristian icmalarına nisbətən tolerant münasibət də formalaşıb. Bunun nəticəsidir ki, xristianlığın beşiyi olan Yaxın Şərqdə xristian icmaları indi də öz mövcudluğunu saxlayır. Azərbaycan da daxil olmaqla digər müsəlman ölkələrində də min illərdir xristian dini daşıyıcıları yaşayırlar. Eyni tolerant yanaşmaya Qərbdə təəssüf ki, rast gəlmirik. 1492-ci ildə İspaniyanın sonuncu müsəlman əyaləti olan Qrenadanın süqutu ilə başlayan və 1610-cu ilədək davam edən qeyri-xristianların məhvinə yönəlmiş rekonkista (Avropada müsəlmanlara qarşı dini hərəkat) siyasəti Qərb sivilizasiyasının  tarixən digər dinlərə qarşı dözümsüzlüyünü bir daha təsdiq etdi. Beləliklə, tarixi rakursdan qiymətləndirdikdə Qərbdə islam dini daşıyıcılarına qarşı tolerantlıq heç vaxt müşahidə olunmamışdır.

Müasir dövrümüzdə vəziyyət  olduqca fərqlidir. Keçən əsrdə Qərb ölkələrinin ucuz işçi qüvvəsi kimi gətirdiyi müsəlman miqrantlar indi orada hadisələrə təsir göstərə biləcək qüvvəyə çevriliblər. Bu səbəbdən İslam dini Avropanın daxili faktoru kimi və günü-gündən də güclənməkdədir.

Demokratiya, insan haqları və azadlıqları kimi günümüzün aktual çağırışları isə Qərbin artıq bir dəfə təcrübədən çıxardığı rekonkista siyasətinə yenidən imkan vermir. Görünən odur ki, indi rekonkistanı islamofobiya əvəz edib. Avropanın bir sıra ölkələrində islam memarlığına qarşı qadağa, xüsusilə də təhqirlərlə dolu karikatura qalmaqalı, Qərb cəmiyyətində bu dinə qarşı digər mənfi münasibətlərin əks olunduğu hadisələr islamofobiya elementləridir. Lakin islam dəyərlərinə qarşı bu cür münasibət qlobal və universal dəyərlərin müdafiəçisi kimi çıxış edən Qərb üçün heç də yaxşı hal deyil.

Artıq Avropanın bütün ölkələrində müsəlmanlar yaşayır.  Avropa rəsmiləri uzun müddət güman edirdilər ki, xaricdən gələn miqrantlar öz ənənələrini unudacaq və Qərb dəyərlərinin daşıyıcısı olacaqlar. Bunun üçün də məşhur multikulturalizm nəzəriyyəsi ortaya atılmışdı. Lakin hadisələr bunun əksini göstərdi. Avropanın yeni sakinləri milli-dini dəyərlərinə sadiq qalaraq Avropanın çağırışlarına möhkəm ailə dəyərləri ilə cavab verdilər. Nəticədə aparıcı Avropa ölkələrinin rəsmiləri bir-birinin ardınca multikulturalizm siyasətinin özünü doğrultmadığını elan etdilər.

Hadisələrin belə axar almasının ən mühüm səbəblərindən biri ucuz işçi qüvvəsi olan bu miqrantların, onların ailəsinin və sonrakı nəslinin ilkin olaraq təhsil alması oldu. Miqrant ailələrin ali təhsil alması isə ümumiyyətlə heç kimin marağında deyildi. Məhz buna görə də Avropada multikulturalizm siyasətinin iflasa uğradığının bəyan edildiyinin şahidi oluruq. Çünki multikulturalizmin assimilyasiya metodu kimi tətbiq olunması onun mahiyyətini dəyişir.

Bu gün Avropanı silkələyən qaçqınlar problemi kimi, terrorla bağlı problemlərin də çoxalmasının səbəbkarı elə avropalıların özləridir. Bu problemlər onların digər ölkələrin daxili işlərinə qarışmalarının və bir çox terror təşkilatlarını dəstəkləmələrinin məntiqi nəticəsidir. Bu gün terrorçuların törətdikləri cinayətlərə görə məsuliyyət dünya birliyinin üzərinə düşür. Çünki dünya birliyinin önündə gedən iri dövlətlər, erməni terrorizmini vaxtilə dəstəkləmək əvəzinə onun məhvinə çalışsaydılar, bu gün dünyanın müxtəlif regionlarında terrorizm bu dərəcədə tüğyan etməzdi. Təəssüf ki, digər sahələrdə olduğu kimi, terrorizmlə bağlı ikili standartlar siyasəti, ayrı-seçkilik bu gün də davam etməkdədir. Bir tərəfdən dini nifrətin, islamofobiyanın, təhlükəli amillərin getdikcə artması, o biri tərəfdən iri dövlətlərin digər dövlətlərdə demokratiyanı, insan hüquqlarını bərqərar etmək adı altında dünyanı yenidən bölmək cəhdləri XX əsrin sonlarından başlayaraq dünyanın müxtəlif regionlarında hələ də alovlanmağa davam edən müharibə və münaqişə ocaqları yaratdı. Qərb isə ötən əsrlərdə olduğu kimi, bu gün də öz siyasi xəttini davam etdirərək sülhü dəstəkləmək əvəzinə, münaqişə tərəflərindən birinə təzyiq göstərərək onu daha da qızışdırmağa çalışır.

Hazırladı:

Aiza ŞABANOVA,

“Respublika”.