Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili hələ də Bərdədə gözləyir
Sosial həyat

Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili hələ də Bərdədə gözləyir

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük ikinci gündür Bərdə şəhərində gözləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR-ın Bərdə-Ağdam, Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulsa da, yük avtomobili hələ də Bərdədən yola düşməyib.

Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin sentyabrın 10-da Ağdama çatması nəzərdə tutulurdu. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiqi nəticəsində humanitar yük Bərdə şəhərində ləngiyib. Bu isə o deməkdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə onu əngəlləyir və Rusiyanın Qırmızı Xaç Komitəsinə təzyiqlər göstərir.