Revanşistlərin
Siyasət

Revanşistlərin "Paşinyan planı"

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbə Ermənistan hakimiyyətinin xalqı qarşısında çətin vəziyyətdə qalmasına səbəb olub. 30 il ərzində saxta "Artsax" yalanı ilə ictimaiyyətin qulağını dolduran Ermənistan tarixi ədalət qarşısında aciz qaldı. 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra erməni cəmiyyətində revanşist əhvali-ruhiyyə müşahidə edilir.

Məğlubiyyətini hələ də həzm edə bilməyən qüvvələr hər gün "özlərindən Amerika kəşf edir" və sərsəm təkliflərlə çıxış edirlər. Daha dəqiq desək, Paşinyan hakimiyyətinin əleyhdarları özlərinə yeni "lider" axtarışındadırlar. Belə ki, Ermənistanda son dövrlərdə daha çox aktivləşən revanşistlər keçmiş müdafiə naziri Arşak Karapetyanı hakimiyyətə gətirmək istəyirlər. Xatırlatmaq yerinə düşər ki, Karapetyan 2016-cı ildə baş verən Aprel döyüşlərində rəzil fəaliyyəti ilə yadda qalıb. Təsadüfi deyil ki, həmin döyüşlərdən bir neçə gün sonra ozamankı prezident Serj Sarkisyanın əmri ilə silahlı qüvvələrin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilib. Ermənistan mediasında iddia edilən məlumatlara görə, Karapetyanın işdən uzaqlaşdırılmasına əsas səbəb rəhbərlik etdiyi kəşfiyyat idarəsinin öz vəzifəsini yerinə yetirməkdə səhlənkarlığa yol verməsi olub. Ermənistan tərəfinin 2016-cı ildə Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməməsinin günahkarı da məhz Karapetyan hesab edilir. Paşinyanın "inqilabçı" komandasına qoşulmaqla özünü bir növ Nikolun gözündə yüksəldən Karapetyanı Ermənistan baş naziri 2021-ci ildə baş qərargah rəisinin birinci müavini, sonra isə müdafiə naziri vəzifəsinə təyin edib. Amma bundan bir il sonra Karapetyan tutduğu vəzifəsindən azad edilib. Əslində bütün bunlar Ermənistanda hökm sürən daxili vəziyyətin göstəcisidir: Kimisi küçədən hakimiyyətə gətirilir, kimisi "vəzifələrin ətrafında çevrə çəkir", kimisi də özünü "prezident" adlandırır…

Karapetyan separatçıların ordusunun məhv edilməsinin əsas səbəbkarının Paşinyan olduğunu iddia edir. Ermənistanın keçmiş müdafiə nazirinin sosial şəbəkələrdə yerləşdirdiyi videolara diqqət yetirsək, onun Paşinyana açıq təhqirlərinin şahidi olarıq. Belə ki, Karapetyan paylaşdığı videosunda əvvəlcə vəzifəsindən qovulması məsələsinə toxunub. O, bunu Qarabağa səfər etməsi ilə əlaqələndirib. Karapetyan qeyd edib ki, bu zaman hakimiyyət məqsədli şəkildə Qarabağdakı silahlı qüvvələrinin zəiflədilməsinə çalışıb. Sabiq nazirin fikrincə, Paşinyan hakimiyyəti diletantlardan, qorxaqlardan ibarətdir. Bu səbəbdən Karapetyan baş naziri və onun lehinə çıxan hakimiyyət nümayəndələrini istefaya çağırıb. O, bütün dünya ermənilərinə müraciət edərək yeni siyasi qüvvə yaratdığını bəyan etməklə Paşinyanı hədələyib.

Karapetyanın fikirlərində daha bir diqqətçəkən məqam isə onun birbaşa diasporaya çağırış etməsidir. Ola bilsin ki, vaxtilə müdafiə naziri olan bu şəxs Hayastan ordusunun daxilindəki vəziyyətdən xəbərdardır. Arşak başa düşür ki, əvvəllər rəhbəri olduğu ordu heç bir zaman qüdrətli ölkəmiz üzərində qələbə qazanmaq iqtidarında olmayıb. Bu zaman eks-nazirin bu cür fikirlər səsləndirməkdə sadəcə bir məqsədi üzə çıxır - sələflərinin yolu ilə gedərək prosesə erməni lobbisini cəlb etməklə onun ayıracağı maliyyədən yararlanmaqdır. Nə qədər təəccüblü görünsə də, Karapetyanın fikirlərindədə Rusiya amili qabardılır. Belə ki, Karapetyanın videodakı mesajını rus dilində yayması, eləcə də hakimiyyəti erməni xalqını Rusiyaya qarşı qızışdırmaqda ittiham etməsi bunu təsdiqləyir. Hətta keçmiş müdafiə naziri Rusiya rəhbərliyini erməni xalqını və "dövlətçiliyini" məhv edən Paşinyanın qarşısını almağa səsləyib. Maraqlıdır, görəsən hansı "dövlətçilikdən" söhbət gedir? Axı Ermənistanın dövlətçilik barədə anlayışı olsa idi, özgə torpaqlarına göz dikməzdi.

Nəzrin ELDARQIZI,

"Respublika".