Azərbaycan-ABŞ əməkdaşlığında yeni yol xəritəsi
Siyasət

Azərbaycan-ABŞ əməkdaşlığında yeni yol xəritəsi

Qərb qüvvələri hazırda Azərbaycanla münasibətləri bərpa etməyə və ya daha da yaxşılaşdırmağa çalışır. Bu yaxınlarda ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Azərbaycana səfər edib.

Ceyms O`Brayn Konqresdəki nitqi ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Diplomatın anti-Azərbaycan çıxışından sonra isə sözün əsl mənasında güclü rəqabət yaranmışdı. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən, rəsmi Bakı isə Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi. Şübhəsiz ki, Azərbaycanla əməkdaşlığa vurulan bu zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd addım idi.

Münasibətlərin gərginləşdiyi bu dönəmdə ABŞ dövlət katibi Antoni Blinkenin Bakıya zəng edərək Prezident İlham Əliyevdən Ceyms O`Braynın Bakıda qəbulunu xahiş etməsi isə münasibətlər üçün yeni yol xəritəsinin təməli oldu. Bu dönəmdə ABŞ-dan daha bir müsbət impuls gəldi. Belə ki, ABŞ Dövlət Departamentin mətbuat katibi Metyu Miller "biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı" açıqlamasını səsləndirdi.

Bundan sonra dekabrın 6-da ölkə başçımız ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynı qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu layihələrin həyata keçirildiyini bildirib. Belə ki, bu il iyunun 1-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazovla Azərbaycanın ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparılıb. Bu zaman Xəzərdən "yaşıl enerji" istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev Ceyms O`Braynla görüşündə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini bildirib. Həmçinin Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.

Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Azərbaycanın artıq suverenliyini tam şəkildə bərpa etdiyi üçün sülhün bərqərar olmasına tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini bildirib. Vaşinqton rəsmisi isə öz növbəsində ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib. Prezident İlham Əliyevin sözlərini təsdiqləyən Ceyms O`Brayn iki ölkə arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını qeyd edib. Vaşinqton rəsmisi, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin də Ağ Ev tərəfindən dəstəkləndiyini vurğulayıb. Onun konsepsiyanın inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta Dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək niyyətinə işarə edir. Hədəfinə çatmaq üçün Azərbaycana ehtiyacı olan ABŞ nəhayət, ölkəmizin əleyhinə iddialar səsləndirmək əvəzinə, doğru yolla getməyə qərar verdi. Buna əsasən ölkə başçısı mövzuya öz yanaşmasını ortaya qoyub. Bakı Orta Dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır. Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms O`Brayn danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu Prezident İlham Əliyevin diqqətinə çatdırıb. Yəni Vaşinqton yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə də töhfə verə bilər.

Beləliklə, Ceyms O`Brayn Konqresdəki çıxışından imtina etdi. Nəticə etibarilə onu deyə bilərik ki, atılan bu addımlar Azərbaycan və ABŞ arasında münasibətlərin bundan sonrakı yol xəritəsini müəyyənləşdirmək xarakteri daşıyacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".