Rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazanılan uğurlar
İqtisadiyyat

Rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazanılan uğurlar

Ötən il Astronavtika Konqresinin Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə göstərilən etimadın əyani ifadəsidir

Aparılan islahatlar ənənəvi sahələrin, innovativ inkişafına da müsbət təsir göstərir. Qeyd edək ki, Azərbaycan kosmosda özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Bu istiqamətdə respublikanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Kosmik texnologiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimaddan irəli gəlir.

Konqresin açılış mərasimində çıxışında Azərbaycanın 10 ildən artıq bir müddətdə beynəlxalq kosmos klubunda təmsilçiliyini, həmçinin 45 ölkəyə xidmət göstərən 2 telekommunikasiya və 1 Yer səthinin müşahidəsi peykinə sahib olması faktını qeyd edən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, bütün bu proseslər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Həm də dövlət başçımızın sözləri dünyanın aparıcı güclərinə, həmçinin Azərbaycanın dostlarına və düşmənlərinə ünvanlanmış siyasi mesaj idi. Prezident İlham Əliyev Bakıda ikinci dəfə astronavtika üzrə bu mötəbər konqresin keçirilməsinin ölkəmiz üçün qürurverici hadisə olduğunu deyib: "Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır".

İlk dəfə 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyırdı. Bu, ölkəmizə müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq təzahürüdür. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradır. Hesablamalara görə gələcəkdə ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sektorundan əldə etdiyi gəlirlərin neft gəlirlərini üstələyəcəyi gözlənilir. Respublikada regional kosmik sənaye mərkəzinə çevrilməsi üçün böyük potensial var.

Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra "soyuq müharibə" dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1950-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin iclası kimi tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var və Azərbaycan 2003-cü ildən həmin qurumun üzvüdür.

Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilir. İqtisadi qüdrətin artmağa başladığı mərhələdə - 2000-ci illərdə kosmik sahəyə yenidən diqqət ayrıldı və peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəf idi və uzun müddət hazırlıq işləri həyata keçirildi. Prezident İlham Əliyev 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Sərəncam imzaladı. Bu, artıq kosmik sənaye sahəsində ikinci və daha keyfiyyətli mərhələnin başlanması demək idi. 2013-cü ildə "Azerspace-1" telekommunikasiya peyki orbitə buraxılıb. Çox keçmədi ki, Azərbaycanın ikinci peyki kosmik fəzada göründü. 2014-cü ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peykləri orbitə çıxarıldı.

Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və həmin xidmətlərin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə bərabər, onun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz sahibi kimi tanınır. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi, kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü ilə dünyada tanınır.

Bakıda keçirilən konqresin işinə 101 ölkədən 5 mindən çox nümayəndənin qatılması tədbirin beynəlxalq əhəmiyyətindən xəbər verirdi. Onların sırasında qlobal kosmik ictimaiyyətin nüfuzlu nümayəndələri ABŞ, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, İtaliya, Böyük Britaniya, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstanın kosmik agentliklərinin, şirkətlərinin təmsilçiləri, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri, BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) rəhbər heyəti, həmçinin Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar olunub. Ölkəmizin kosmik sənaye sahəsində əldə etdiyi uğurlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Bu konqres dünyanın kosmik sahədə beyin mərkəzləri, aparıcı agentlikləri, elm təsisatları və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək, eləcə də yeni çağırışlar, təhdidlər, problemləri müzakirə etmək və həlli yollarını müəyyən etmək imkanı əldə edirlər. Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqreslərindən üstün olub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə -- 214 olub. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr - ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.

Təqdirəlayiq haldır ki, hazırda Azərbaycan həm də innovativ məhsulların, o cümlədən də kosmik xidmətlərin ixracını həyata keçirir. Hazırda "Azərkosmos"un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar.

Mustafa KAMAL,

"Respublika".