Qürurla anırıq: Naiq Yusifov
Sosial həyat

Qürurla anırıq: Naiq Yusifov

Birinci Qarabağ savaşında erməni vandalları torpaqlarımıza göz dikəndə daşnaklar havadarlarının köməyi ilə öz mənfur niyyətlərini həyata keçirəndə, vətənin taleyi təhlükədə olanda, müxtəlif döyüş əməliyyatlarında düşmənə sarsıdıcı  zərbələr endirilməsində Tovuz rayonunun  neçə-neçə cəsur, igid oğulları ölüm-dirim savaşına qoşulmuş hərb meydanında düşmənə əl-qol açmağa  imkan verməmişlər. Odlu səngərlərdə daşnakların  başına od ələyən, onların bütün döyüş planlarını alt-üst edən igid Azərbaycan oğullarından biri də Naiq Yusifov olmuşdur.

Naiq Nəsir oğlu Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya göz açmışdır.

Atalar məsəli var: “Niyyətin hara, mənzilin ora”. Hələ orta məktəbin yuxarı sinfində təhsil alarkən qəlbindən  süzülüb gələn bir arzunu Naiq həmişə sinif yoldaşlarına deyərdi: “Mən gələcəkdə hərbçi olmaq istəyirəm, Vətənə, xalqa layiq bir oğul olacağam”.

Naiq uşaqlıq illərində qəhrəmanlara həsr olunmuş müxtəlif kitabları həvəslə mütaliə edər, xüsusilə “Uzaq sahillərdə” filminə baxmaqdan heç vaxt yorulmazdı.

Naiq Yusifov 1988-ci ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmış, xidmət dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmiş, dəfələrlə komandanlıq tərəfindən mükafatlara layiq  görülmüşdür.

Naiq əsgəri xidməti Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa vurmuş və 1990-cı ilin mayında vətənə dönmüşdür. Həmin vaxtlarda erməni daşnaklarının Azərbaycan torpaqlarına  təcavüzü müşahidə olunur, daşnaklar hər vasitə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Vətənin başını qara  buludlar alanda ərənlərimizi güllələr dənləyəndə, arzularımızı düşmən qılıncı biçəndə Naiq özünümüdafiə dəstəsinə qoşuldu. Söz verdi ki, son damla qanınadək erməni quldurlarına qarşı mərdliklə vuruşacaq. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə oldu. Bir dəstə erməni yaraqlıları Ağdam kəndinə tərəf irəliləyirdi. Bu vaxt döyüş dostları onun köməyinə çatır. Güclü maqavimətə rast gələn ermənilər pərən-pərənə düşərək geri çəkilməyə məcbur olurlar. Dörd bir yanda leş-leşə söykənən erməni yaraqlılarının cəsədi diqqəti cəlb edirdi.

24 mart 1992-ci il... Erməni quldurları Tovuz rayonunun Koxa-Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. Hamı həyəcan içində idi. Naiq belə bir çətin anda  qumbaraatanı düşmən istiqamətinə tuşladı. Bir an içərisində  düşmənin maşınını alov bürüdü. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün irəliyə cumdu. Lakin amansız ölüm onu haqladı. Qumbara qəlpəsi onu yerə yıxdı. Ayağa qalxmağa cəhd göstərdi. Lakin bacarmadı. Ona yaxınlaşan erməni yaraqlılarına avtomatdan atəş açdı. Son gülləsi qalıncaya qədər vuruşdu. Düşmənin əlinə keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxdı. Özü ilə bərabər ona yaxın erməni qulduru da məhv oldu.

Naiqin son mənzli Tovuzun Ağdam  kəndindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Naiq Yusifov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Vaxtilə təhsil aldığı orta məktəb qəhrəman döyüşçü Naiq Yusifovun adını daşıyır.

Qədir ASLAN,

“Respublika”.