Qürurla anırıq: Allahverdi Bağırov
Sosial həyat

Qürurla anırıq: Allahverdi Bağırov

Ağdam həmişə Qarabağın tacı adlanıb, turizm diyarı kimi tanınıb, iqtisadi qüdrəti ilbəil yüksəlib. İstər Birinci Qarabağ savaşı, istərsə də 44 günlük Vətən müharibəsində Ağdam rayonu erməni quldurlarına qarşı ölüm-dirim savaşında böyük itkilər verib, qəhrəman oğulları əlil olub, ərazi bütövlüyümüz uğrunda canlarından keçərək Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülüb, adları Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılıb.

İstər mətbuatda, istər televiziya kanallarında müxtəlif vaxtlarda Allahverdi Bağırov haqqında geniş reportaj və yazılar verilib, onun rəşadətli döyüş yolundan söhbət açılıb.

Məktəblərdə şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlər Allahverdinin rəşadətli döyüş yolundan qürurla söhbət açır, gənclərə Vətəni, torpağı onun kimi qorumağı tövsiyə edirlər. Allahverdi Bağırov Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş, bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün əbədiyyətə qovuşmuşdu.

Allahverdi Bağırov 1946-cı ildə Ağdam şəhərində dünyaya göz açmışdır. O, 1965-ci ildə 1 saylı Ağdam şəhər orta məktəbini bitirmiş, uşaq yaşlarından idmana böyük həvəs göstərmiş, yüngül atletika, voleybol və futbolla müntəzəm məşğul olmuşdu.

1966-cı ildən 1983-cü ilədək Ağdam Uşaq Gənclər idman məktəbində məşqçi işləməklə yanaşı, “Qarabağ” futbol komandasının üzvü olmuşdu.

Allahverdi Bağırov 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən xalq hərəkatına qoşulur və onun fəallarından olur. 20 Yanvar faciəsi onun düşmənə qəzəbini daha da şiddətləndirir. Ağdamın bir sıra kəndlərinin müdafiəsində bu batalyonun döyüşçüləri mərdliklə vuruşmuşlar. “Vətən oğulları” dəstəsinin keçirdiyi ən uğurlu əməliyyatlardan biri də Qarakənd kəndinin yaxınlığında olmuşdur. Həmişəki kimi, bu əməliyyata da Allahverdi başçılıq edirdi. Dəstə erməni postlarını dəf edərək düşmən yuvasına çevrilmiş Qarakənd kəndini atəşə tutur. Elə həmin andaca quldurların bir neçə dayaq məntəqələri məhv edilir. Düşmən əlavə qüvvə göndərməyə məcbur olur. Lakin döyüşçülərimiz bu qüvvələrin də qarşısını müvəffəqiyyətlə alırlar.

1992-ci ildə Allahverdi bəlkə də ömrünün ən həyəcanlı, ən narahat günlərini yaşayırdı. Mühasirədə olan kəndlərə kömək etmək, ərzaq çatdırmaq heç də asan deyildi. O, var gücü ilə həmin kəndləri azad etməyə çalışırdı.

1992-ci ilin fevralında Xocalı faciəsi zamanı Allahverdi Bağırovun batalyonu Əskəran yaxınlığında yüzlərlə soydaşlarımızı xilas edə bilmişdi.

...1992-ci il iyun ayının 12-si. Allahverdi Bağırovun başçılıq etdiyi dəstənin şücaəti nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Murkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdı ki, tezliklə müharibə bitəcək, qoşunlarımız Xankəndiyə üçrəngli bayrağımızı sancacaqlar. Lakin komandir bu arzusuna çata bilmədi. Gözətçi məntəqələrini yoxlayıb qərargaha dönərkən sürücü ilə birlikdə minaya düşdü.

Qəhrəman döyüşçünün yurdunda bir oğlu, iki qızı qaldı. Son mənzili Ağdam rayonundakı Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 4765 saylı Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,
“Respublika”.