QURTULUŞ HƏRƏKATININ RƏHBƏRİ, MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BANİSİ
Siyasət

QURTULUŞ HƏRƏKATININ RƏHBƏRİ, MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BANİSİ

Azərbaycan xalqının qurtuluş hərəkatının rəhbəri olan Heydər Əliyevin ictimai-siyasi və dövlət quruculuğu sahəsindəki fəaliyyəti Azərbaycan gerçəkliyinin və mənliyinin canlı ensiklopediyasıdır. Heydər Əliyevin rəhbərliyi ilə başlanan qurtuluş hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

Heydər Əliyev XX əsrin nadir şəxsiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycanın bütün dünya ölkələri ilə strateji tərəfdaşlığının təməlini qoymuş, uğurlu və tarazlaşdırılmış siyasətin bünövrəsini yaratmış, beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərini hazırlamış, dövlətimizin gələcək inkişafının strategiyasını müəyyənləşdirmiş, güclü, idarə edilən dövlətin qüvvətli dayaqlarını və modern strukturlarını formalaşdırmış və bununla da XX əsrin reallıqlarında müstəqil və güclü Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olmuşdur.

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur". Milli dövlətçilik və azərbaycançılıq fəlsəfəsini Azərbaycan mentaliteti ilə birləşdirən Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində bütün mütərəqqi qüvvələri müstəqilliyin qorunması ətrafında cəsarətlə birləşdirə bilmiş, xalqın və dövlətin demokratik dəyərlər qanunu ilə idarə edilməsinin zəngin məktəbini yaratmışdır. Bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası daxili və xarici siyasətdə böyük nailiyyətlər qazanmış, sosial, iqtisadi, mədəni və beynəlxalq sahədə fundamental müvəffəqiyyətlərə nail olmuş, iqtisadi inkişaf sürətinə görə lider dövlətə çevrilmişdir. Heydər Əliyevin yaratdığı yeni dövlət qurumları, müəyyən etdiyi inkişaf strategiyası müstəqilliyimizin möhkəmlənməsini müəyyən edən başlıca istiqamətlərdir. Prezident İlham Əliyevin dediyi kimi, 1993-2003-cü illərdə 10 il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Məhz Heydər Əliyevin böyük fəaliyyəti nəticəsində Azərbaycan dövləti qurulmuş və dövlətçilik prinsipləri inkişaf etdirilmişdir.

Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmiş, Azərbaycan xalqının bütün yaradıcılıq potensialını müstəqillik ideyalarında birləşdirən və bu müstəqilliyi daha da möhkəmləndirən ümummilli lider səviyyəsinə yüksəlmişdir. Heydər Əliyev demişdir: "Müstəqilliyi qorumaq və onun möhkəmləndirilməsi, əbədi edilməsi hər birimizdən var qüvvəsini sərf etməyi tələb edir".

Bugünkü nailiyyətlərimizin kökündə Heydər Əliyev dövlətçiliyinin möhkəm təməl prinsipləri dayanır. Bu fundament üzərində müasir inkişaf strategiyası qərar tutur. Deməli, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni inkişafının bütün istiqamətləri elə müəyyənləşdirilmişdir ki, o, ancaq Azərbaycan xalqına xidmət etmək amalında bərqərar olur. Bununla da tarixi baxımdan bu inkişaf dialektikası sanki ardıcıl davam etdirilərək irsən daha yüksək nailiyyətlər qazanılır. Bu gün müstəqil Azərbaycanın daxili və beynəlxalq uğurları dediklərimizə sanballı sübut və dəlillərdir.

Son iki əsrin qovuşuğunda Azərbaycanda baş verən köklü dəyişikliklər ölkəmizin gələcək inkişafını müəyyənləşdirən başlıca amillərdən biri oldu. Bu illərdə Azərbaycan müstəqillik qazanmaqla yanaşı, özünün ərazi bütövlüyünü itirməklə də üz-üzə qaldı. Hələ 1988-ci ildən başlayaraq erməni millətçi şovinistlərinin uydurduğu Qarabağ problemi getdikcə dərinləşərək qanlı faciələrlə nəticələndi. Belə bir vaxtda erməni təcavüzünün qarşısını almaq üçün və müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı səkkiz milyonluq Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısına yeni tarixi vəzifələr qoydu. Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan xalqımız özünün azadlıq mübarizəsini daha da genişləndirdi və nəticədə dövlət müstəqilliyini bərpa edə bildi. Bu, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində qazandığı parlaq qələbə idi. Beləliklə, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz müstəqilliyini yenidən qazandı və əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir.

Azərbaycanın müstəqillik aktı qəbul edildikdən sonra qarşıda hələ çətin və mürəkkəb vəzifələr dururdu. Bir tərəfdən erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalq ağır itkilər verirdi. Azərbaycanın belə ağır vaxtında müxtəlif bölgələrdə yaranan silahlı qruplaşmalar ölkəni parçalamaq, hakimiyyəti ələ keçirmək niyyəti ilə çıxışlar etməyə başladılar. Azərbaycan çox çətin dilemma qarşısında qalmışdı. 90-cı illərin əvvəllərində ölkə iqtisadi, siyasi və hərbi böhran içərisində idi, dərinləşməkdə olan çəkişmələr və hakimiyyət böhranı ölkəni iflic vəziyyətə salmışdı. Dünya azərbaycanlılarının II qurultayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "bütövlükdə Azərbaycan dövlətinin taleyi sual altında idi".

Dövlət müstəqilliyini qazanan Azərbaycan xalqı iyirminci yüzilliyin 90-cı illərinin əvvəllərində ağır sosial-iqtisadi və siyasi problemlərlə üz-üzə qaldı. Azərbaycanda baş verən ciddi sosial-siyasi proseslər, Qarabağ problemi və Ermənistan-Azərbaycan müharibəsi respublikanın iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbə vurmuş, onu iflic vəziyyətinə salmışdı. Gündən-günə maddi nemətlər istehsalı azalır, iqtisadi tənəzzül dərinləşirdi. Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Şamaxıda, Şəkidə, Qubada, Şəmkirdə, Qazaxda, respublikanın bütün şəhərlərində zavodlar və fabriklər dağıdılır, onların avadanlıqları amansızcasına talan edilir, əsas istehsal vasitələri və maşınqayırma avadanlıqları, neft maşınqayırma zavodları işi dayandırır və böyük əksəriyyəti məhv edilirdi. Respublikanın aparıcı sənaye müəssisələri son dərəcə ağır vəziyyətə düşmüş, dərin iqtisadi böhran genişlənmişdi. İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi. Yalançı rəhbərlər və idarə müdirləri işə məsuliyyətsiz yanaşır, nəzarətsizlik artır və nəticədə iqtisadiyyata böyük ziyan dəyirdi. Respublika talanır, xalqın sərvəti dağıdılırdı. Müəssisələrin avadanlığı sökülüb xaricə daşınırdı. Hətta Bakı metrosunun ehtiyat kabelləri də oğurlanıb satılmışdı. Nadir ağaclar olan meşələrimiz talanır və qırılıb məhv edilirdi. 1992-ci ildə pambıq sahələrindən 100 min tondan çox məhsul yığılmamış, çoxlu üzüm bağlarda qalıb xarab olmuşdu.

Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı və sosial vəziyyəti sürətlə pisləşirdi. Ölkənin maliyyə sistemi bərbad vəziyyətə düşmüş, inflyasiya artmışdı. 1991-1993-cü illərdə respublikanın mövcud iqtisadi və mədəni potensialından, zavod və fabriklərdən, kommunikasiya vasitələrindən və yüksək ixtisaslı mütəxəssislərindən istifadə olunmurdu.

Beləliklə, ölkə iqtisadiyyatı ciddi sarsıntılara məruz qalmış, maddi nemətlər və ərzaq istehsalı xeyli geriləmişdi. Belə bir vaxtda respublikada tədricən yeni-yeni iqtisadi institutlar meydana gəlir, milli və beynəlxalq əmanət bankları, özəl banklar təşkil olunurdu. Dövlət, torpaq, əmlak komitələri yaradılmışdı. Milli valyuta - manat dövriyyəyə buraxılmışdı. Ancaq bu tədbirlərin heç biri mövcud vəziyyətdən çıxış yolu deyildi. Çünki ölkə iqtisadiyyatının bərpası və inkişafı üçün düşünülmüş və əsaslandırılmış Dövlət Proqramının hazırlanmasına kəskin ehtiyac var idi.

Azərbaycan xalqı ötən əsrin doxsanıncı illərinin əvvəlində ciddi imtahan qarşısında qalmışdı. Ölkədə dərin və təhlükəli ictimai, siyasi və iqtisadi böhran yaranmışdı. Həmin dövrün ətraflı təhlilini verən ümummilli lider Heydər Əliyev demişdir: "…Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "ölüm, ya olum" dilemması qarşısında qalmışdı". Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Azərbaycan ziyalılarının və Azərbaycan xalqının xahişi ilə, Ə.Elçibəyin dəvəti ilə müdrik el ağsaqqalı, zəngin dövlətçilik təcrübəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də Respublika Ali Sovetinin (indiki Milli Məclis) sədri seçildi. Həmin gün Azərbaycan xalqının şərəfli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan xalqının tarixində yeni bir dövr başlandı. Milli Məclisin 1997-ci il 27 iyun tarixli iclasında 15 iyun günü "Milli Qurtuluş Günü" elan edildi.

İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən bu dahi şəxsiyyət qısa zaman kəsiyində nəinki Azərbaycanı dünyaya tanıtdıra bildi, habelə ölkəmiz sivilizasiyalı dövlətlərin sırasına yüksələ bildi. İstər sovet dövründə və istərsə də müstəqillik illərində Azərbaycan sosial-iqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində fundamental nailiyyətlər qazandı, demokratik dəyərlərə malik yüksək göstəricilər əldə edə bildi. Prezident İlham Əliyev demişdir: "Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır".

Bugünkü nailiyyətlərimizin kökündə Heydər Əliyev dövlətçiliyinin möhkəm təməl prinsipləri dayanır. Bu fundament üzərində müasir inkişaf strategiyası qərar tutur. Deməli, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni inkişafının bütün istiqamətləri elə müəyyənləşdirilmişdir ki, o, ancaq Azərbaycan xalqına xidmət etmək amalında bərqərar olur. Bununla da tarixi baxımdan bu inkişaf dialektikası sanki ardıcıl davam etdirilərək irsən daha yüksək nailiyyətlər qazanılır. Bu gün müstəqil Azərbaycanın daxili və beynəlxalq uğurları dediklərimizə sanballı sübut və dəlillərdir.

Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olmuşdur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev özünün geniş fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz diqqətini əsirgəməmişdir. Əgər biz tarixə nəzər salsaq, onun ömür kitabını vərəqləsəq, onda görərik ki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı, görkəmli ictimai-siyasi dövlət xadimi, dünyanın tanınmış şəxsiyyəti və dövlət rəhbəri, ayrı-ayrı dünya ölkələrində siyasi və dövlət rəhbərləri içərisindən seçilmiş "İlin adamı" olmuşdur. Heydər Əliyevin bir sözü, bir müraciəti ilə milyonlarla insan ayağa qalxdı, hərəkətə gəldi, öz rəhbərinin arxasınca getməyə, onu ən çətin anlarda müdafiə etməyə, ona arxa olmağa, ona dəstək verməyə, onu şər qüvvələrdən qorumağa and içdi. "Heydər-xalq, xalq-Heydər" şüarı xalqımızın dilinin əzbəri oldu və nəğmələrə çevrilib yaddaşlara hopdu. Azərbaycan xalqının bugünkü firavan yaşaması, müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi məhz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləridir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamında deyildiyi kimi, 70-ci illərdə Ulu Öndərin "atdığı qətiyyətli addımlar müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir". Heydər Əliyev bəşər həyatının ən yüksək zirvəsindən insan azadlığını və müstəqilliyi Tanrı vergisi kimi müqəddəs bilmiş, ötən əsrin 70-ci illərində keçmişlə gələcəyi bir-birinə bağlayan və bir-birini tamamlayan qırılmaz vasitə kimi əlaqələndirmə körpüsü yaratmış və beləliklə, Azərbaycan xalqının vahidliyini düşünərək tarixi tərəqqinin inkişaf istiqamətlərini və müstəqillik yollarını müəyyən etmişdir. Əslində ürəyində olan arzu və ideyaların əməli işə çevrilməsi, təcrübədə onun təsdiqi dahi insanların ölməzliyi və sağlığında ikən əbədi məşələ çevrilməsidir. Bu arzu və ideyalarla yaşayan və dövlət vəzifələrini icra edən Heydər Əliyev hər bir Vətən övladının qəlbində özünə əbədi heykəl yarada bilmiş, xalqımızın sevgi dolu dövlət rəhbəri, layiqli vətən övladı olmağı sübut etmişdir.

Heydər Əliyev 1993-cü ilin oktyabrında 98,8 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimində çıxış edən Prezident Heydər Əliyev qarşıdakı böyük və mürəkkəb vəzifələrin dayandığını və onların həlli yollarının istiqamətlərini, bir sözlə, müstəqil dövlətimizin daxili və xarici siyasətinin konseptual vəzifələrini konkret müəyyənləşdirdi. Andiçmə mərasimində dedi: "Əlimi Azərbaycan Respublikasının Konstitusiyasına və Qurani-Kərimə basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm, xalqımızın milli-mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin bərqərar olmasına təminat yaradacağam".

Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə fundamental nailiyyətlər qazanıldı. Həmin illərdə respublikada 250-dən çox zavod, fabrik və digər sənaye müəssisələri, o cümlədən Mingəçevir və Şamxor SES-ləri, Bakı kondisioner zavodu, Sumqayıt kompressorlar zavodu, Gəncədə xalça, qənnadı, çini-saxsı qablar zavodları, Əli Bayramlı məişət cihazları zavodu, Bakıda neft emal zavodu, neft maşınqayırma zavodu, ELOU-AVT üzən qurğusu, Naxçıvanda, Balakəndə, Zaqatalada və Xankəndində aeroportlar, Bakıda yeni təyyarə limanı, Yevlax-Balakən və Ağdam-Xankəndi dəmir yolları, Bakı metrosunun 2-ci növbəsi, Bakıda 7 mikrorayon, Badamdar, Əhmədli, Hövsan yaşayış kompleksləri və digər sənaye müəssisələri tikilib istifadəyə verildi. Heydər Əliyevin göstərişi ilə Azərbaycanda 6 yeni ali məktəb, C.Naxçıvanski adına hərbi məktəb, çoxlu təhsil müəssisələri yaradıldı, milli yaddaş və milli özünüdərk ideyaları inkişaf etdirildi. Nizami, Nəsimi, Babək adına rayonlar yaradıldı.

1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında 15 sovet respublikaları içərisində yeganə olaraq bizim Əsas Qanunumuzda Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiyaya daxil edildi.

Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Aşıq Alı, Ü.Hacıbəyov, M.Moqamayev, H.Cavid və başqalarının təntənəli yubileyləri keçirildi. Taqanroqda, Sevostapolda milli diviziyaların şərəfinə abidələr ucaldıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan tarixində dönüş mərhələsi adlanır. Çünki həmin illərdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafda böyük nailiyyətlər qazanıldı.

Heydər Əliyev 1990-cı ilin iyununda Bakıya, oradan da Naxçıvana gəldi, 1991-ci ilin sentyabrından Azərbaycan xalqının qurtuluş hərəkatı başlandı və bu qurtuluş hərəkatına başçılıq etməyə başladı. Naxçıvana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin təşəbbüsü ilə əvvəla, muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı, ikincisi, "Ali Sovet", "Ali Məclis" adlandırıldı, üçüncüsü, ADR-in üçrəngli bayrağı ilk dəfə Naxçıvan MR-ın dövlət bayrağı kimi qəbul edildi, dördüncüsü, Kommunist partiyasının fəaliyyəti dayandırıldı, beşincisi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, altıncısı, 20 Yanvar faciəsinə ilk dəfə MR-da siyasi və hüquqi qiymət verildi, yeddincisi, Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar qəbul edildi. Bu cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxardı və Heydər Əliyevə ümumxalq məhəbbətini daha da artırdı. Bütün Azərbaycan xalqı aydın şəkildə başa düşdü və dərk etdi ki, ölkəni bu xaosdan qurtara bilən yeganə şəxsiyyət və dövlət rəhbəri ancaq və ancaq Heydər Əliyev ola bilər.

Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı, dövlətçiliyimizə qarşı törədilən qəsdlər ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəldilmiş qəsdlərin aradan qaldırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər bir daha real faktlarla sübut etdi ki, respublikamızda qiyam üçün heç bir sosial və siyasi baza yoxdur, xalq öz Prezidentini ürəkdən sevir, onun müdrik daxili və xarici siyasi xəttini bəyənir və dəstəkləyir.

Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət qurumlarının yaradılmasında və formalaşmasında Yeni Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, ədəbi olunmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı. Deməliyik ki, müstəqil dövlətimizin Konstitusiyası Heydər Əliyevin şah əsəridir. Ona görə ki, milli Konstitusiyasının hazırlanması və qəbul edilməsinin müəllifi məhz Heydər Əliyevdir.

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan "Əsrin müqaviləsi" sazişinin imzalanması Heydər Əliyev dühasının düşünülmüş və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin parlaq uğuru idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq əhəmiyyətə malik olan neft kontraktları haqqında 1994-cü il sentyabrın 20-də sazişlərin imzalanması müstəqil Azərbaycanı dünyanın nəhəng dövlətlərinin diqqət mərkəzinə gətirdi. İri dövlətlərin böyük neft şirkətləri tezliklə bu müqaviləyə qoşulmaq istədi. Azərbaycan neft sənayesi sürətlə inkişaf etməyə başladı. Heydər Əliyevin rəhbərliyi ilə tezliklə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri çəkilib istifadəyə verildi. Bakı nefti Rusiyaya və Avropaya nəql edilməyə başlandı. Bununla yanaşı, Prezident Heydər Əliyev daha böyük beynəlxalq layihələrə imza atdı.

Məhz Heydər Əliyevin fəal və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan transmilli layihələrə qoşuldu, qlobal və regional layihələrin, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılmasına nail olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Heydər Əliyev siyasətinin qələbəsidir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinə Heydər Əliyevin adının verilməsi xalqların və millətlərin ona olan böyük sevgisi və istəyidir.

Heydər Əliyev siyasətinin ən parlaq uğurlarından biri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dirçəlişi və qorunub saxlanılması, böyük cəsarətlə milli soykökümüzə, milli tariximizə, milli ədəbiyyatımıza və mədəniyyətimizə, ana dilimizə və Vətən tariximizə verilən böyük qiymət və dəyərdir. Məhz Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və müasir dövrümüzdə yeni-yeni müsbət keyfiyyətlərlə daha da zənginləşdirilməsində, ağıllı və dərin, düşünülmüş diplomatik siyasətin həyata keçirilməsində zəngin dövlətçilik təcrübəsinin böyük rolu olmuşdur. 1969-1982-ci illərdə və müstəqillik illərində bir çox elm və mədəniyyət xadimlərinə, ədəbiyyat və incəsənət işçilərinə fəxri adların verilməsi, onların yüksək səviyyədə qiymətləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir və bu, dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində mümkün olmuşudur. Azərbaycançılıq fəlsəfəsinin yeni və inkişaf istiqamətlərini yaradan, bununla da inkişaf dialektikasının əsasını qoyan Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında (noyabr, 2001) böyük qürur hissi ilə demişdir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Milli soykökümüzə qayıtmaq, milli şüurun və milli tariximizin "ağ" və "qara ləkələri"nin silinməsi, tarixi ədalətin bərpa olunması və obyektiv həqiqətlərin üzə çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyevin cəsarətli siyasəti və qəbul etdiyi qərarlar Azərbaycan tarixinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanlı əhalinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən doğma dədə-baba yurdlarından və torpaqlarından zorakılıqla deportasiya edilməsi haqqında 1997-ci il 18 dekabr tarixli və 31 Mart azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Heydər Əliyevin imzaladığı fərmanlar sözün əsl mənasında xalqımızın tarixinə olan qayğı, diqqət və hörmət, tarixi ədalətin və sovet imperiyası dövründə unudulmuş tariximizin və yaddaşımızın bərpası, o cinayətlərə verilən hüquqi-siyasi qiymətdir. Heydər Əliyev demişdir: "Bizim xalqımızın böyük və möhtəşəm tarixi var, böyük dövlətçilik tariximiz var. Biz tariximizlə fəxr edə bilərik".

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, dərinləşməkdə olan Qarabağ hadisələrini ədalətlə həll etmək, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı azad etmək üçün müasir standartlara cavab verə bilən güclü Silahlı Qüvvələr lazımdır. Bu məqsədlə ordu quruculuğunda köklü islahatların aparılması zəruri idi. 90-cı illərin əvvəllərində isə Azərbaycan Ordusu pərakəndə halda və könüllü hərbi birləşmələrdən ibarət idi və mərkəzə bəzən tabe olmurdu. Belə bir şəraitdə könüllü hərbi birləşmələri buraxmaq, mərkəzləşdirilmiş ordu yaratmaq və onu komplektləşdirmək, əlbəttə çox çətin idi və vaxt tələb edirdi. Ancaq böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və dəmir iradəyə malik olan ümummilli liderimiz qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası ilə və müasir döyüş silahları ilə təchiz və təmin olunmasına, siyasi və təşkilat cəhətdən möhkəmləndirilməsinə nail oldu. Şəxsən özünün diqqətində və nəzarətində saxladığı ordu quruculuğu məsələsi ilə əlaqədar hərbi hissələrə getdi, döyüş cəbhələrində oldu, əsgər və zabitlərlə görüşdü, generalları dinlədi, mütəxəssis təkliflərini bəyəndi və dünya təcrübəsindən istifadə edərək NATO və Türkiyə Silahlı Qüvvələrinin nümunəsində güclü ordusunu yarada bildi ki, bu gün biz öz milli ordumuzla fəxr edə bilərik. Danılmaz faktdır ki, müasir Azərbaycan ordusunun yaradılmasının və formalaşdırılmasının memarı ümummilli lider Heydər Əliyevdir.

Prezident İlham Əliyevin dediyi kimi, "müasir Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır". Məhz güclü Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı parlaq Qələbə ilə 30 illik işğala son qoydu. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Çağdaş tariximizin ictimai-siyasi və dövlətçilik tarixinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bir çox problemlər Prezident İlham Əliyev tərəfindən uğurla həll edilmiş, Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş köklü islahatlar kursu qətiyyətlə davam etdirilmişdir. Müstəqil Azərbaycanın daxili və xarici siyasət kursunda qazanılmış fundamental uğurlar dediklərimizə əsaslı arqumentlərdir.

Nuru MƏMMƏDOV,

tarix elmləri doktoru,

BDU-nun professoru,

əməkdar müəllim.