Paşinyanın reallıqdan uzaq təşəbbüsü -
Siyasət

Paşinyanın reallıqdan uzaq təşəbbüsü - "sülh kəsişməsi"

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan sülh üçün tezislərini səsləndirib.

İrəvan rəsmisi "Sülhün kəsişməsi" adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib: "Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni və insan əlaqələrilə bağlıdır, bütün məsələlərin diplomatik və dialoq yolu ilə həlli üzrə təcrübə və ənənələr toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır".

Bu məqamda yaxşı deyiblər, "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa!". Amma biz baş nazirin üç illik fəaliyyətinə baxsaq görərik ki, o, daha çox populist və daxili auditoriyaya istiqamətlənmiş siyasəti ilə önə çıxıb. Nikolun Tbilisidə "sülh kəsişməsi" adı altında təqdim etdiyi layihəni də bu qəbildən hesab etmək olar. Çünki indiyədək Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayıb - Naxçıvan blokadada saxlanılıb, 44 günlük müharibədən sonra üzərinə götürdüyü Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən də boyun qaçırıb. İndi birdən-birə bu layihənin hamını qəbul edəcəyini hansı haqla gözləyir? Üstəlik, Paşinyan Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir.

Digər tərəfdən, sözügedən planın icrası üçün yüz kilometrlərlə yolun çəkilməsi lazım gəlir. Amma məlumdur ki, Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib. Uzun illərdir Tehrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən İrəvan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Onu da vurğulamaq lazımdır ki, Ermənistan müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib - sərhədləri və təhlükəsizliyi bir ölkə qoruyur, uzun illər silah-sursat pulsuz alınır, maliyyə axını xaricdəki diaspor xətti ilə təmin olunur, ən kiçik layihə də ayrı-ayrı diaspor üzvləri hesabına reallaşır. Odur ki, indiyədək nəinki qlobal, heç regional layihə də həyata keçirməmiş Ermənistanın indi qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən belə layihə irəli sürməsi utopiyadan başqa bir şey deyil.

Paşinyanın bu təklifinin altında bəzi siyasi məqsədlər də yatır. Belə ki, baş nazirin Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq təklif Rusiyanı kənara qoyur. Halbuki, regionda Moskvanın iştirakı olmadan belə təşəbbüslərin reallaşması çətindir. Üstəlik, Paşinyan bunu Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda deyirsə, bu, başqa oyunçuları Kremlə qarşı qoymaq cəhdidir. Bu isə ona işarə edir ki, Paşinyanın yeni təşəbbüsü öz beyninin məhsulu deyil, Qərbdən gələn tapşırıqdır. Onun irəli sürdüyü təşəbbüsləri Azərbaycan üç ildir ki, gündəmə gətirsə də, Ermənistan hakimiyyəti bir dəfə də olsun ona reaksiya verməyib. Paşinyan hakimiyyəti anlamalıdır ki, regionda əmin-amanlıq və əməkdaşlıq sülh sazişindən keçir.

Jalə QASIMZADƏ,

"Respublika".