QÜDRƏTLİ AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞININ LAÇINDA DALĞALANMASI MÜHÜM TARİXİ HADİSƏDİR
Siyasət

QÜDRƏTLİ AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞININ LAÇINDA DALĞALANMASI MÜHÜM TARİXİ HADİSƏDİR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Ulu öndər xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ordu quruculuğu prosesinə start verildi. Şübhəsiz, istənilən dövlətin iqtisadiyyatını inkişaf etdirmədən, iqtisadi imkanları artırmadan güclü ordu qurmaq mümkün deyildi. Ümummilli lider bu sahədə mühüm islahatlar həyata keçirdi, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxardı. Dahi Heydər Əliyevin ərsəyə gətirdiyi müdrik və uzaqgörən inkişaf strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daha da gücləndirilir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər bu prosesin ən mühüm, tarixi uğuru oldu.

"Bu bayraq burada əbədi dalğalanacaq!" - Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Laçında söylədiyi bu fikir səfərin mühüm mahiyyətini ifadə edir. Ölkə başçısı qədim, tarixi Azərbaycan torpağında dövlət bayrağını qaldıraraq həm keçmişdən, həm indiki vəziyyətdən, həm də gələcək perspektivlərdən bəhs etdi.

30 ilə yaxın erməni faşistlərinin işğalı altında qalmış torpaqlarımız azad olunub, Azərbaycan öz suveren hüquqlarını və ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərdə bərpa-quruculuq işləri həyata keçirilir, artıq Böyük Qayıdışın ilk mərhələsi başlayıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarında əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdırlar.

Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və məsələnin dinc yolla və ədalətli şəkildə həll edilməsinə çalışıb. Lakin bütün bu keçən dövr ərzində Ermənistan həmişə olduğu kimi, müxtəlif bəhanələr və şərtlər, təxribatlar törətməklə prosesə maneə yaradıb. Vaxtı ilə Prezident cənab İlham Əliyevin dediyi kimi, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq, sülh təklif edir. Çünki Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun. Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür. Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişdir. Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülhyaratma və münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması üzrə komissiyaların işinə formal olaraq başlansa da, reallıqda Ermənistan prosesi heç bir əməli nəticəyə gətirmir. Və həqiqətən nəyisə anlamaq istəyən dünya ictimaiyyəti Azərbaycana sual verməzdən əvvəl birbaşa Ermənistana üz tutmalı və sual etməlidir: niyə Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini, xüsusən də nə silahlı birləşmələrin Qarabağdan çıxarılmasına dair 4-cü, nə də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasına, o cümlədən Zəngəzur dəhlizinin inşasına dair 9-cu bəndi yerinə yetirmir? Lakin Prezident İlham Əliyevin təkidi ilə Bəyanatda təsbit olunan altrenativ yolun çəkilməsi ilə bağlı Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliyi qısa müddət ərzində yerinə yetirdi. 1 il 8 aydan sonra yeni yol hazır oldu. Buna baxmayaraq, Prezidentin qeyd etdiyi kimi, bu gün Ermənistan tərəfi nəinki razılaşdırılmış yolu açmayıb, hətta Zəngəzur dəhlizinin marşrutu belə Bakıya təqdim edilməyib. Eyni zamanda, Azərbaycan ən çətin dağlıq şəraitdə işlərini davam etdirir, kommunikasiyalar qurur, böyük sərmayələr qoyur. Ölkə başçısı cənab İlham Əliyev çox aydın şəkildə bəyan edir ki, Azərbaycanın Ermənistandan öhdəliklərinin yerinə yetirilməməsinin səbəblərini göstərməyi tələb etmək, lazım gələrsə, buna məcbur etmək hüququ var.

Cənab Prezidentin "Delimitasiyadan əvvəl heç kim Azərbaycanı günahlandıra bilməz" tezisi dövlətimizi nədəsə, xüsusən də hansısa absurd "təcavüz"ə və başqa məsələlərə görə "qınayanların" hamısına layiqi cavab oldu. Bu, açıq-aşkar ermənipərəst mövqe tutan və anti-Azərbaycan münasibətlər nümayiş etdirən bəzi təşkilatlara, qurumlara və ölkələrə aiddir.

"Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir" - cənab Prezidentin dediyi kimi, Azərbaycan sülh, delimitasiya və demarkasiya prosesinə başlamağı təklif etmişdir. Lakin qarşı tərəf bu təklifi müxtəlif bəhanələrlə uzadaraq vaxt qazanmağa çalışır. Hazırda bu proses başlasa da, sırf formal xarakter daşıyır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Ölkə başçısı Laçına səfəri zamanı qeyd etdi ki, "Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır". Ermənilərin bu məsələni uzatması bir daha göstərir ki, onlar sülh istəmir, revanşist xəyallarla yaşayırlar. Hərbi-siyasi təxribatlar törətməklə, prosesə əngəl olmaq istəyirlər. Lakin bu gün Azərbaycanın hərbi və siyasi gücünü hər kəs görür. Bununla bağlı cənab Prezident bir daha vurğuladı ki, "əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar…". Bu fikir həm Ermənistan hərbi-siyasi rəhbərliyinə, Ermənistan cəmiyyətinə, həm də ona havadarlıq edən erməni diaspor və havadarlarına qətiyyətli bir mesajdır.

Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın uzatdığı əli görməmiş kimi davranır və bu, onun hələ də apardığı ikiüzlü siyasətdən xəbər verir. Görünür, İrəvan nəyəsə ümid edir. Ancaq Ermənistan dərk etməlidir ki, bu gün dünyada gedən geosiyasi proseslərdə ondan müəyyən maraqlar üçün istifadə olunur. Bu isə Ermənistan dövlətinə və xalqına heç nə verməyəcək. Bədnam qonşularımız anlamalıdırlar ki, bu gün düşdüyü ağır vəziyyətdən onları yalnız imzalayacağı sülh müqaviləsi xilas edə bilər. Bu da bir həqiqətdir ki, artıq vəziyyət əvvəlkindən fərqlidir və erməni revanşizmi Azərbaycanın tam nəzarəti altındadır. Hadisələrin gedişi göstərir ki, Ermənistan silahlı təxribatlarını davam etdirərsə, sülh razılaşmasına nail olmaq üçün eyni dərəcədə effektiv "B" variantından istifadə oluna bilər. Artıq Yerevanın illüziyalarından qurtulmasının vaxtı çatıb. Beləliklə, İlham Əliyevin xəbərdarlıq etdiyi kimi, "biz heç kimin çağırışı, heç bir bəyanatı, heç bir təşəbbüsü ilə dayanmayacağıq".

Hazırda bir reallıq var: Azərbaycan torpaqlarını 30 illik erməni işğalından azad edib. Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işləri aparılır, erməni terroruna məruz qalmış şəhər və kəndlərimiz yenidən qurulur. Və bütün dünya kimin dağıdıcı, kimin isə qurucu dövlət olduğunu görür. Ölkə başçısı İlham Əliyevin Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməsi, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olması, həmçinin, "Laçın şəhəri 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" sərəncamların imzalanması bir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, quruculuq işlərini aparırıq. Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də region üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına öz layiqli töhfəsini verir.

Emin QASIMOV,

"Respublika".