Quba xəbərləri: DOST Mərkəzi tikilir
Region

Quba xəbərləri: DOST Mərkəzi tikilir

Artıq bir neçə aydır ki, Quba şəhərinin mərkəzində - Fətəlixan küçəsində Regional DOST Mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin tikintisi gedir. İki mərtəbədən ibarət 0,73 hektar torpaq sahəsində inşa olunan Mərkəz binasının ümumi sahəsi 3 min kvadratmetrdən çoxdur. Mərkəzdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah və sairə üzrə 154 növ xidmət nəzərdə tutulub. Burada şəhid  ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərinə xidmətlər göstərən vahid əlaqələndirmə mərkəzi də fəaliyyət göstərəcəkdir.

 

Kənddə tibb məntəqəsi inşa olunub

Quba rayonu Talabıqışlaq kəndində Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə tibb məntəqəsi inşa olunub. 6 otaqdan ibarət məntəqə müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Həkim, tibb bacısı, yataq və peyvənd otaqlarında zəruri tibbi ləvazimatlar qoyulmuş, ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edək ki, məntəqə 3 min nəfərdən çox əhalisi olan Talabı, Talabıqışlaq, Xaroşa və Küçeyi kəndlərinin sakinlərinə tibbi xidmət göstərəcəkdir.

Bu günlərdə Talabıqışlaq kəndində vətəndaşlarla səyyar qəbul keçirən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev həmin məntəqədə yaradılan şəraitlə  tanış olmuşdur.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.