AŞPA-nın qərəzli mövqeyi çirkin niyyətindən xəbər verir
Siyasət

AŞPA-nın qərəzli mövqeyi çirkin niyyətindən xəbər verir

44 günlük İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərə "hörmət edən" bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını açıb göstərdi. Onların məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi-nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən yanaşdıqları bir daha bəlli oldu. Suverenliyini bərpa edən, separatizmə son qoyan Azərbaycanın əldə etdiyi qələbələrə görə ona qarşı qərəzli mövqelərin sayı artdı. Fransa başda olmaqla bir sıra Qərb ölkələri saxta ermənipərəstlik mövqelərini ortaya qoydular.

Fransanın sərsəm "rəhbərliyi" ilə başladılan kampaniya günbəgün daha çirkin və qərəzli xarakter alır. Anti-Azərbaycan təbliğatına insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsipləri elan edən təşkilatların cəlb edilməsi isə riyakarlığın pik həddidir. Azərbaycan öz uğurlu xarici siyasəti ilə Fransanın yüz illərdir həyata keçirdiyi kolonist siyasəti ifşa etdi. Nəticədə Fransa atdığı addımlara görə artıq beynəlxalq siyasətin oyunçusu kimi nüfuzunu itirib, belə olduqda onlar anti-Azərbaycan siyasətini həyata keçirmək üçün digər Avropa ölkələrini prosessə cəlb etməyə çalışırlar.

Bu çirkin siyasətdə isə Fransa və digər Qərb ölkələri beynəlxalq tribuna kimi Avropa Şurası, onun bir qolu hesab edilən Avropa Şurası Parlament Assambleyasından istifadə edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı sərgilədiyi ikili standartlar bu təşkilatın məqsəd və prinsiplərindən tam kənara çıxdığını, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarını göstərir. Azərbaycanın bu təşkilata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüzkar siyasətinə qarşı addımların atılmasını tələb etməsinə baxmayaraq, Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd etmiş, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənmişdi.

Təşkilatın həyasızlığı o həddə çatıb ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü ilə çıxış edib. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyukturaya uyğun davranmaq qərarına gəlib, Avropa Parlamentinin ardınca anti-Azərbaycan mövqe ortaya qoyub.

Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. Baş verən proseslərə nəzərə salaq: ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, eləcə də AŞPA dəfələrlə sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin "blokadada yaşaması"nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət olunmaması, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, əsas səbəb Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışmamaq, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Bütün bunlar onu deməyə əsas verir ki, AŞPA da Avropa Parlamenti kimi Fransanın alətinə çevrilib. Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırır. AŞPA-nın bu qərarı və Qərbdə ölkəmizə qarşı baş verən proseslər Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini qəbul edə bilməməsi ilə bağlıdır.

Məhz bu səbəblərə görə 24 yanvar tarixində Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq haqqında qərar verdi. Son olaraq qeyd edək ki, heç kəs Azərbaycanla təhdid dilində danışa və diktə edə bilməz.

Bəxtiyar NƏBİYEV,

YAP Yasamal rayon

təşkilatının sədri.