Qobustan: Qrant müqaviləsi su sistemini təkmilləşdirəcək
Region

Qobustan: Qrant müqaviləsi su sistemini təkmilləşdirəcək

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Qobustan rayonu Qurbançı kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalandı.

Yaponiyanın Azərbaycandakı səfiri Vada və benefisiar təşkilat qismində çıxış edən Qobustan rayonu Qurbançı Bələdiyyəsi arasında imzalanan müqavilənin əsas məqsədi rayonun Qurbançı və Ərəbşahverdi kəndlərində 60 tonluq su hovuzu, su nasosu, Yapon şirkəti EBARA transformatoru, 5.500 metr su borusu, 5 bulaq ilə təmin olunmuş su sistemini inşa edərək, mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsidir.

Səfirliyin açıqlamasında bildirilir ki,  bu layihənin icrası nəticəsində kəndlərin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Layihənin icra olunması üçün Yaponiya hökuməti 90 min ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırmışdır.

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 284 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23 milyon 890 min ABŞ dollarını (39,500,000 AZN) keçir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.

M.QULUYEV,

“Respublika”.