Qlobal ərzaq qıtlığının yaratdığı fəsadlar
İQTİSADİYYAT

Qlobal ərzaq qıtlığının yaratdığı fəsadlar

Dünyada baş verən proseslər səbəbindən ərzaqlıq buğdaya tələbatın artması qiymətlərin nəzarətdə saxlanmasını məhdudlaşdırır

Dünya yeni ərzaq böhranı qarşısındadır. Bu gün əksər ekspertlər, beynəlxalq təşkilatlar, siyasətçilər, hökumətlər dünyanın qlobal ərzaq böhranının astanasında olması ilə bağlı həyəcan təbili çalırlar. Son iki ildə baş verən proseslər, hazırda da davam edən münaqişələr və iqlim dəyişikliyi, heç kimin gözləmədiyi halda XXI  əsrin əvvəlində planetdə ərzaq təhlükəsi yaradıb. Problemin yaranmasının səbəbləri müxtəlif olsa da, nəticələri demək olar ki, bütün ölkələr üçün eynidir.

Hələ iki  il əvvəl "COVID-19" pandemiyasından sonra zədələnmiş dünya ərzaq təchizatı zənciri 2021-ci ildə iqlim dəyişiklikləri, 2022-ci ildə isə Ukraynadakı vəziyyət səbəbindən böyük zərbə alıb. Hazırda dünyanın ərzaq bazarında indiyədək görünməmiş proseslər gedir, qiymətlər sürətlə artır, hökumətlər isə ərzaq ixracını məhdudlaşdırırlar. Rusiya, Ukrayna və Qazaxıstandan sonra Hindistan da taxıl ixracını qadağan edən qərar qəbul edib. Qeyd etmək lazımdır ki, dünyada ən böyük buğda istehsalçıları Çin və Hindistandır. Üçüncü yerdə Rusiya Federasiyası, ondan sonra isə ABŞ gəlir.  Rusiya-Ukrayna müharibəsi kontekstində daha da aktuallaşan qlobal aclıq təhlükəsi Böyük Yeddilik (G7) ölkələrinin də diqqətindən kənarda qalmayıb. G7 ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət tətbiq edən Rusiyadan taxıl alan Azərbaycan bu qurumun üzvü olmadığı üçün birbaşa idxal məhdudiyyəti ilə üzləşməyib. Ancaq bəzi təhlilçilər Rusiyaya tətbiq olunan genişmiqyaslı sanksiyalardan sonra bunun belə davam edəcəyinə şübhə ilə yanaşırlar. Rusiya isə taxılın ixrac rüsumunu yüksəldib və satışını məhdudlaşdırıb. Hindistan isə quraqlıq səbəbindən daha az taxıl istehsal edib ki, bu da yalnız onun öz tələbatını ödəmək üçün yetərlidir. Eyni vəziyyət digər taxıl istehsalçısı olan nümunəvi taxıl ölkələrində də müşahidə olunur. Bununla yanaşı, Avropanın şərqində aylardır davam edən savaş bütün daşınmaları, logistikanı məhv edib. Dünyadakı ərzaq kataklizmləri çətin proseslərlə nəticələnəcək. Çünki ərzaq böhranı zəncirvaridir.

Siyasi gərginliyin artması, yeni qütblərin formalaşdırılması istiqamətində aparılan savaşlar, dünya coğrafiyasının yenidən qurulması istiqamətində edilən cəhdlər iqtisadiyyata da təsirsiz ötüşmür. Bu cür xoşagəlməz proseslərin geniş vüsət alması qlobal qida zəncirində neqativ həyəcanlanmaları qaçılmaz edir. Dövlətlərin aldığı məsuliyyətsiz qərarlar təəssüf ki, eyni coğrafiyanın areallarını aşaraq daha geniş spektrdə bədbin situasiyalarla nəticələnəcək proseslərlə bizi üz-üzə qoyur. Necə ki, Ukrayna-Rusiya müharibəsi qlobal ərzaq qiymətlərində qlobal "partlayışa" səbəb olub. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya bazarında taxıl qıtlığı hökm sürür. Bəzi ölkələr öz taxıl ehtiyaclarını daxili imkanlar hesabına həll etsə də, elə ölkələr var ki, bu imkandan məhrumdur. Vəziyyətin belə davam edəcəyi halda bu ölkələrdə əsl aclıq hökm sürəcəyi qaçılmazdır.  BMT bu il 2 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağını bəyan edib. Buğda qıtlığı ilə yanaşı, dünya bazarında qiymətlərdə də artım davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu o deməkdir ki, savaş başladıqdan bəri dünya bazarında buğdanın qiyməti 47 faiz artıb. Artım qlobal bazarda buğda qıtlığı ilə müşahidə olunur. Mütəxəssislər yaxın illər üçün yeni idxal mənbələrinin tapılmasının vacib olduğunu söyləyirlər.

Artıq əksər beynəlxalq qurumlar qlobal iqtisadiyyat üzrə artım proqnozlarına endirim istiqamətində dəyişiklik edirlər. Dünya Bankının ardınca İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da qlobal ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozunu 2021-ci ilin dekabr ayında dərc edilən hesabatı ilə müqayisədə 1,5 faiz bəndi azaldaraq 3 faizə endirib. Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını aktuallaşdırıb. Baş verən proseslər Azərbaycana da təsirini göstərməyə başlayıb.  Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. Rəsmi statistikaya görə, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir. Azərbaycanın illik buğda tələbatı 3.5 milyon tondur. Ölkəmizdə buğdaya olan tələbin 40%-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya 90 faiz olmaqla Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə az çəkiyə malikdir. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Dünya bazarında ərzaq məhsullarının, o cümlədən taxılın bahalaşması Azərbaycanın xaricdən aldığı buğdanın qiymətinə də təsirini göstərib. Son bir ildə Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti sürətlə artıb. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308043 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min dollar ödənilib. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7  dollar olub. Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib. Başqa sözlə, son bir ildə buğdanın 1 tonu 87 dollar (150 manat) və ya 34% bahalaşıb. Buğdanın qiymətinin artması qarğıdalının qiymətinin artması ilə də əlaqələndirilir. Bildirilir ki, buğdanın qiymətinin artması Ukrayna münaqişəsi və limanların bağlanmasının nəticəsidir. Kiyevin dünyanın 5-ci buğda ixracatçısı olduğu və planetin ixracatının 12 faizinin bu ölkənin payına düşdüyü göstərilir.

Reallıq budur ki, taxılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək. Ekspertlər ciddi narahatlığa əsas olmadığına, əhalini ajiotaja düşməməyə çağırsalar da, özləri də etiraf edirlər ki, dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir. Bunun da obyektiv iqtisadi səbəbləri var.  İlk öncə məlumat üçün bildirək ki, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir. Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. Ona görə də  bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcburdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər. İndiyədək dövlət subsidiya hesabına  taxılın, unun qiymətində artımın qarşısını alır, amma bunun da yetərli olmayacağı ehtimal edilir. Ukraynada müharibənin uzanması, proseslərin davam  etməsi, gec-tez qiymətə təsir edəcək. Belə vəziyyətdə Azərbaycanın taxıl tələbatını daxili imkanları hesabına ödəməyə çalışması vacibdir. Mütəxəssislərin dediklərinə istinad etsək, Azərbaycanda məhsuldarlıqda elə bir ciddi azalma yoxdur. Amma hazırda dünya taxıl bazarında ajiotaj böyüyür və taxılın qiyməti durmadan artmaqda davam edir.

Mustafa KAMAL,

"Respublika".