QHT nümayəndələrindən ibarət ikinci qrup Şuşada səfərdə olub
Digər xəbərlər

QHT nümayəndələrindən ibarət ikinci qrup Şuşada səfərdə olub

Dekabrın 29-da Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət ikinci qrup Şuşada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə 100-dək QHT təmsilçisi iştirak edib.

QHT nümayəndələri əvvəlcə Şuşanın ən görməli və mənzərəli məkanlarında olan, vaxtilə cıdır yarışlarının, Novruz şənliklərinin keçirildiyi Cıdır düzündə olublar.

Sonra qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat erməni vandalları tərəfindən məhv edilib. Məqbərə yenidən təmir və bərpa edilərək bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Daha sonra QHT nümayəndələri Yuxarı Gövhər Ağa məscidində namaz qılıb, dua ediblər.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda sürətlə aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri ilə də tanış olublar.

AZƏRTAC