Qərəzli addımlar davam etdirilir
Digər xəbərlər

Qərəzli addımlar davam etdirilir

Avqustun 29-da Xankəndidə yaşayan erməni sakinlərinə yardım məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) içərisində 40 ton un olan 2 yük maşınını Bakıdan yola salıb. Ağdam-Xankəndi yolu vasitəsilə hərəkəti planlaşdırılan yük maşınları yolun başlanğıcında dayanıb. Lakin haylar etiraz aksiyası keçirərək yük maşınlarının keçidinə icazə verməyib. Ardınca "böyük bacı" Fransanın meri Ann İdalqonun Laçın sərhədinə doğru provokativ siyasət güdərək göndərdiyi yük maşınları da elə oradaca qalıb. Haylar rejimin "başçısı" Araik Arutyunyanın istefa verməsi üçün əlindən gələni etdilər və bu avqustun 31-də baş tutdu. Daha öz şoularından bezən Araik istefa verdiyini açıqladı.

Xankəndidə baş verən bu çaxnaşma orada yaşayan ermənilərin vəziyyətini sual altında qoyur. AzQAC-ın göndərdiyi tırlar artıq 6 gündür ki, sərhəddə gözləyir. İlk gündən "Bloomberg", "BBC" və "Gettyimages" kimi məşhur informasiya agentliklərinin Azərbaycandakı nümayəndələri buraya gələrək vəziyyəti daha yaxından izləyiblər. Daha sonra avqustun 31-də diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Həmçinin, 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər əraziyə baxış keçiriblər.

Bütün bunlar onu göstərir ki, xarici qurumlar da artıq hayların şousuna inanmaq istəmir. Lakin Cənubi Qafqazda sabitliyin tərəfdarı olmayan bəzi ünsürlər də var.  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal BƏŞirli də bu nüansa toxunub: "Artıq təkcə biz deyil, bütün dünya bilir ki, Cənubi Qafqazda, o cümlədən də Qarabağ ərazisində hansı proseslər baş verir. Azərbaycan təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi istiqamətində müharibədən sonra, xüsusilə üç ilə yaxındır ki, təşəbbüslər irəli sürür, bütün addımları atır. Ermənistanın bütün təxribatlarına, məkrli və hiyləgər oyunlarına və ona dəstək göstərən qüvvələrin planlarına rəğmən Azərbaycan sülh təşəbbüslərindən əl çəkmir. Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu özünün həm fikir və bəyanatlarında, həm də eyni zamanda əməlində sübut edir. Bununla bağlı Prezident İlham Əliyevin dəfələrlə çıxışları olub. Azərbaycan Prezidenti həmişə sülh təşəbbüsləri ilə çıxış edən lider kimi fərqlənib. Baxmayaraq ki, biz qalib tərəfik və Ermənistan isə kapitulyasiyaya uğramış məğlub tərəfdir. Amma hər bir halda biz Ermənistan tərəfinin və ona dəstək göstərən qüvvələrin təxribatlarının da arasının kəsilmədiyinin şahidi oluruq. Düşünürəm ki, ən son "humanitar yardım" adı altında şounun göstərilməsi və bu şouya beynəlxalq ictimaiyyətin dəstəyi, Azərbaycana qarşı ittihamların səsləndirilməsi əsassızdır. Sanki Azərbaycan Laçın yolunu blokadaya alıb və Xankəndidə humanitar böhranın yaranmasına şərait yaradıb. Təbii ki, bütün bunları səsləndirən, bu məsələdə Azərbaycana qarşı çağırışlar edənlər ikiüzlü, ədalətsiz və qərəzli yanaşan tərəflərdir və onlar ümumilikdə Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlı deyillər. Digər bir məqam kimi, Azərbaycan bu humanitar böhran, o cümlədən də blokada şousuna cavabı olaraq alternativ kimi Ağdam-Xankəndi yolunu təklif etdi. Artıq bəzi qüvvələr də başa düşürlər ki, Xankəndidə aclıq və yoxsulluq yoxdur. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasındakı iclası zamanı Azərbaycan nümayəndəsi göstərdi ki, Xankəndidə insanlar özlərinin toylarını, şənliklərini, bayramlarını və ad günlərini qeyd edirlər. Təbii ki, əgər böhran varsa, belə bir görüntü olmazdı. Biz Ağdam-Xankəndi yolunu alternativ kimi, eyni zamanda humanitar yardım da təklif etdik. Amma təbii ki, buna da yox deyilir. Elə buna yox deyilməsi özü-özlüyündə planın ifşa olunması deməkdir. Çünki heç bir humanitar böhran yoxdur. Əgər həqiqətən də belə bir şey vardısa və eyni zamanda humanitar böhran deyə deyib dünyaya car çəkən tərəflər bu humanitar böhran məsələsində səmimi idilərsə, onları ciddi şəkildə narahat edən məqam oradakı mülki insanların çətin vəziyyəti idisə, bu halda onlar bu yardıma yox deməməli idilər. Amma təbii ki, bu da bir şoudur. Bu da məkrli və hiyləgər bir oyundur. Bu oyunun arxasında Ermənistanın və ona dəstək göstərən qüvvələrin xəbis planları durur.

QHT sədri, həmçinin qeyd edib ki, hayların provokativ addımlarının  əvvəldən şahidi olmuşuq. Xarici qurumların isə ermənilərə "yazıq" münasibəti haqq-ədalət işinə tərs-mütənasibdir: "Biz ermənilərin təxribatçılığını, hiyləgərliyini həmişə görmüşük və hiss etmişik. Bizi ciddi şəkildə narahat edən məsələ beynəlxalq ictimaiyyətin belə saxta və o cümlədən də hiyləgər planlara inanmaları və eyni zamanda, bu məsələdə Ermənistana dəstək nümayiş etdirmələri, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmələri ilə bağlıdır. Düşünürəm ki, əgər həqiqətən də beynəlxalq qurumlar və dövlətlər İkinci Qarabağ müharibəsinə qədər olan dövrdən fərqli olaraq səmimidirlərsə, bu halda onlar bu prosesdə fərqli münasibət göstərməlidilər. Cənubi Qafqazda bu gün Avropa İttifaqı Şurası tərəfindən, o cümlədən ABŞ keçmiş münaqişədən sonra mövcud olan problemlərin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək nümayiş etdirmək istəyirlərsə və Cənubi Qafqazda sülhün və əmin-amanlığın, təhlükəsizliyin birdəfəlik olaraq bərqərar olmasına  tərəfdardırlarsa, o zaman onlar bu məsələdə fərqli mövqe göstərməli və Azərbaycana deyil, Ermənistana çağırışlar etməlidirlər. Onlar Xankəndidə yaşayan mülki insanların Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini həyata keçirməsini təqdir etməlidir. Ermənistanın Xankəndi ilə bağlı məkrli və hiyləgər oyunlarından əl çəkməsi üçün təsir və təzyiq edilməlidir. Təbii ki, əgər bu addımlar olmayacaqsa, rəsmi Bakı postmünaqişə dövründə mövcud olan problemlərin həlli istiqamətində beynəlxalq subyektlərin addımlarına  müsbət yanaşmayacaq və daha bu tip subyektlərə etimad və etibar göstərməyəcək".

Tacir SADIQOV,

"Respublika".