Qərbin növbəti təhlükəli planı: Aİ-yə üzvlük vədi
Siyasət

Qərbin növbəti təhlükəli planı: Aİ-yə üzvlük vədi

Ermənistanın Avropa ittifaqına üzvlük məsələsi son günlərdə nəinki regionun, hətta digər xarici ölkələrin, Beynəlxalq qurumların diqqət mərkəzindədir. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyanın sözügedən məsələ ilə bağlı söylədikləri, eləcə də bununla Ermənistanın öz təhlükəsizliyini təmin edəcəyini vurğulaması siyasi aləmdə maraq doğurub. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinə Aİ-yə üzvlüklə bağlı vəd verib. Amma bunun da Hayastan liderinin xalqına söylədiyi növbəti yalan olacağı istisna deyil. Əslində Qərbin özünün belə Ermənistanın Avropa İttifaqına qoşulması ilə bağlı heç bir planı yoxdur. Brüsselin əsas məqsədi Ermənistanın Ukrayna kimi özünə “inteqrasiya” etməsinə nail olmaqdır. Amma Ukraynaya verilən vədin də nəticələri hər kəsə məlumdur. Vaxtikən rəsmi Kiyevə Avropa İttifaqına üzv olacağı barəsində verilən söz tutulmadı və Ukrayna meydanda təkbaşına qaldı. Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində isə ölkə ərazilərinin xeyli hissəsini itirdi. Hazırda müharibədən canını qurtarmış milyonlarla insan öz torpaqlarını tərk edərək Avropaya sığınıb. Qərbin “alovlandırıcı” mövqeyini nəzərə alsaq, müharibənin də tezliklə başa çatacağı gözlənilmir. Hazırda Qərbin Aİ-yə üzvlük məsələsini ortaya atması “Ukrayna ssenarisi”ni Ermənistan üçün də həyata keçirmək istəyi ilə əlaqəlidir.

Digər bir tərəfdən Qərb bu cür vədlər verməklə Hayastanla Rusiya arasındakı bağları tamamilə qırmaq istəyir. Nikol Paşinyan hakimiyyətinin də Qərbin oyunlarına uyaraq Kreml əleyhinə bəyanatları gücləndirməsinin cavabsız qalmayacağı aydındır. Gözləntilər arasında Ermənistanın yaxın gələcəkdə vəziyyətinin Ukraynadan daha ağır ola biləcəyi də yer alır. Hazırda İrəvanda Rusiya hərbi bazasının yerləşməsi vəziyyətin kritikliyini daha da artırır. Bununla yanaşı, Metsamor Atom Elektrik Stansiya ilə bağlı təhlükəli planların olduğu barədə məlumatlar da var. Bərbad və qəzalı vəziyyətdə olan Metsamorda hər an bədbəxt hadisə qeydə alına bilər. Bütün bunların müqabilində Ermənistan hakimiyyəti, eləcə də ölkə rəsmiləri Qərbin şirnikləndirici vədlərinin İrəvanı uçuruma sürüklədiyini dərk etmək istəmir.

Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinə gəldikdə isə bunun üçün Qərb İrəvanın qarşısına bir sıra şərtlər qoya bilər. Belə ki, ilkin mərhələdə Ermənistanın Rusiyanın dominant olduğu ittifaqlardan rəsmi olaraq çıxması tələb olunacaq. Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanın başqa hərbi bloka meyillənmək yolu tutduğu təqdirdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından istifadə edə bilməyəcəyini diqqətə çatdırıb. Nazirin fikirlərindən Aİİ-nin İrəvanla əlaqəni kəsəcəyi ehtimal edilir. Bu isə o anlama gəlir ki, Avrasiya bazarları da Ermənistan məhsullarına bağlanacaq. Ermənistana gəldiksə isə ölkə öz aləmində Aİ üzvləri ilə qarşılıqlı əlaqə qurmaq istəyir ki, həmin qurumdan çıxdığı təqdirdə yeni bazarlar əldə etsin.

Nəzrin ELDARQIZI,

“Respublika”.