Qərbi Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub
Mədəniyyət

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub

Qərbi Azərbaycan İcmasında turizm obyektlərinin təmsilçilərinin məlumatlandırma sessiyası keçirilib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, məlumatlandırma sessiyasında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətləri barədə danışıb, İcmanın yaradılması, strukturu, fəaliyyəti və qarşıda duran məqsədlərlə bağlı məlumat verib.

İdarə Heyətinin sədri bildirib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır. Əziz Ələkbərli bu istiqamətdə İcma ilə turizm obyektlərinin təmsilçilərinin görə biləcəyi birgə işlərə toxunub.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair istiqamətlərin turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə atılacaq addımları dilə gətirib.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bələdçisi Şahnaz Hümbətova və digərləri də çıxış edərək turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri, eləcə də tarixi və mədəniyyəti ilə bağlı elementlərin yer almasının önəmini vurğulayıblar.

İcma rəsmiləri və məlumatlandırma sessiyasının iştirakçıları Qərbi Azərbaycan, onun tarixi, mədəniyyəti, eləcə də qeyri-maddi mədəni irsi, mətbəxi və ənənələri barədə məlumatların turizm sektoru vasitəsilə təbliğ edilməsinin yolları barədə müzakirələr aparıblar.

Tədbirdə səsləndirilən bütün təkliflər sonda bir araya gətirilərək qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb.

Daha sonra turizm obyektlərinin təmsilçiləri Qərbi Azərbaycan İcmasının binası ilə tanış olublar.