Qərbi Azərbaycan deyəndə nənəmin çöhrəsi göz önümə gəlir
Sosial həyat

Qərbi Azərbaycan deyəndə nənəmin çöhrəsi göz önümə gəlir

XX əsrin bəlası - Deportasiya

Türkiyə

Ermənistan adlandırılan dövlət Azərbaycan ərazilərində yaradılmışdır. Tarixin müxtəlif dövrlərində, xüsusilə XIX və XX əsrlərdə ermənilər bu ərazilərə köçürülmüşlər. Onlar burada möhkəmləndikcə yerli azərbaycanlıları öz tarixi torpaqlarından çıxarmağa çalışmışlar. Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur.

XIX əsrin əvvəllərində Rusiyanın Qacarlar İranı və Osmanlı dövlətləri ilə apardığı müharibədən sonra ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmüşdür. Türkmənçay müqaviləsindən sonra çar hökumətinin himayəsi altında Türkiyə və İrandan ermənilərin Zəngəzura köçürülməsinə başlanılmış, beləliklə qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti aparılmışdır.

Zəngəzur qədim və tarixi Azərbaycan ərazisidir. "Zəngəzur" toponimi bu torpaqlarda yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən "zəngi" tayfalarının adı ilə bağlıdır. Zəngi tayfaları tarixdə məharətli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur.

1917-ci ilin statistik məlumatlarına görə, Zəngəzur qəzasında azərbaycanlılar 55 faiz, ermənilər isə 44,3 faiz təşkil edib. 1918-ci ildə Zəngəzur qəzasındakı 222 yaşayış məntəqəsindən 116-sı azərbaycanlılara məxsus olub. Daşnaklar hakimiyyətə gəldikdən sonra azərbaycanlılara qarşı soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirilib. Andranikin, Dronun quldur dəstələrinin Zəngəzura basqınları 1918-ci ildə 115 Azərbaycan kəndinin viran qoyulmasına və yandırılmasına, yüz minlərlə insanın qətlə yetirilməsinə, 40 min nəfərdən artıq dinc sakinin öz doğma yurdunu tərk etməsinə səbəb olub. Ermənistan hökuməti tərəfindən ruhlandırılan, maliyyələşdirilən Andranik və onun quldur dəstəsi Zəngəzurda özbaşınalıq və vəhşiliklər törədib. Andranikin quldur dəstələrinin Zəngəzurdakı "etnik təmizləmə" fəaliyyəti 1918-ci ilin noyabr ayında başlayıb. Quldur dəstələrinin Zəngəzur qəzasının mərkəzi olan Gorusa soxulması, qəzanın kəndlərini viran etməsi, əhaliyə divan tutması nəticəsində 30-dan çox azərbaycanlı kəndi dağılıb. Bu qətliamlar zamanı boşaldılan kəndlərə Andranik özü ilə Bitlis və Vandan gətirdiyi erməniləri yerləşdirib. Andranikin bu siyasəti "Zəngəzurun bir erməni torpağına çevrilməsi" prosesinin başlanğıcı idi.

Beləliklə, Ermənistan ərazisindəki tarixi mahallarımızda yaşayan yüz minlərlə Azərbaycan türkü "özümə yer eyləyim, gör sənə neylərəm" niyyəti ilə rusların yeritdiyi "Qafqazda etibarlı bastion qurmaq" siyasətinin qurbanı olmuş, öz əzəli torpaqlarından deportasiya edilmişlər.

1918-ci ildə İrəvanın Zəngəzur mahalından amansızcasına deportasiya edilən insanlardan biri də psixoloq Banu Yıldızın nənəsi Ayifer Yıldırım olub. B.Yıldız nənəsinin dilindən eşitdiklərini bizimlə bölüşüb:

"6 yaşım vardı. Bir gün qapını döymədən nənəmin yataq otağına girdim. Nənəm məni görəndə tez otaqdan çıxmağımı istədi. O zaman nənəmin sinəsindəki xaç damğasını gördüm. Nənəm bu damğanı hər kəsdən gizlin saxlayır və kimsənin onu görməsini istəmirdi. "Bu niyə belədi", - deyə soruşanda nənəm ağladı. "Bu mənim uşaqlığıma, gəncliyimə, xoşbəxtliyimə vurulan bir damğadır", - deyib hönkürdü və mənə yaşadıqlarını belə anlatdı:

''Ailənin sonbeşiyi mən olmuşam. 5 bacım vardı. Əslində 4 qardaşım da doğulub. Amma hər biri xəstəxanadan ölü olaraq təhvil verilib anama. Atam etirazını bildirərək xəstəxanaya gedəndə erməni həkim: "Mən siz türklərə əsgər verəcək qədər ağılsız deyiləm", - deyib. Və o ərəfədə doğulan oğlan uşaqlarının hamısı xəstəxanada öldürülüb. Sonradan qadınlar qorxularından evlərdə uşaq dünyaya gətirmək məcburiyyətində qalıblar.

1918-ci ilin soyuq qış aylarından biri idi. Bir gün atam evə gələndə anama dedi ki, qonşumuz Armen kişi ailəni və qızlarını kənddən çıxar deyə xəbərdarlıq edib. Çünki erməni daşnaklarının kəndə basqın etmək planları var. Anam da bura mənim öz torpağım, öz vətənimdir deyərək, kənddən çıxacaq bir insan varsa o da ermənilərdir dedi. Atam anamı razı salmağa çalışsa da anam yola gəlmədi. Atam və bacılarım fermada işləyirdilər. Son günlər atam bacılarımı işə getməyə qoymurdu. Çünki qorxurdu. Bir gecə səhərə yaxın səs-küyə oyandıq. Daşnaklar kəndə basqın etmişdilər. Evləri yandırır, qızları, gəlinləri əsir götürürdülər. Atam anamı, bacılarımı və məni qorumaq üçün silahını götürüb həyətə çıxdı. Onu gözümüzün önündə vurdular. Anamı, bacılarımı və bütün kəndin qız-gəlinlərini əsir götürüb kənddən kənar bir yerdəki tövləyə gətirdilər. 3 gün tövlədə ac-susuz saxladılar bizi. O vaxt mənim 12, böyük bacımın 19 yaşı var idi. Çox işgəncə verirdilər qadınlara. Xaçı qızdırıb hamımızın sinəmizə damğa vurdular. Bir gün axşam tövləni yandırdılar. Biz hamımız - təxmini 50 qadın olardı, çığırmağa başladıq. O zaman ermənilər kənardan yanğını izləyərək gülürdülər. Anam, 3 bacım və qadınların çoxu yanaraq öldülər. Ermənilər içəridə hər kəsin öldüyünü zənn edərək tövlədən uzaqlaşdılar. Onların getdiyini görən kimi böyük bacım, mən və bir neçə qadın yanan pəncərədən çıxaraq canımızı qurtardıq. Hamımızın yanıq yaralarımız vardı. Hava çox şaxtalı idi. Yolda soyuqdan donaraq ölənlər də oldu. Çox çətin bir şəraitdə yalın ayaqlarla İğdıra gəldik. İğdırda bir ailə bacıma və mənə sahib çıxaraq bizi böyütdü''.

Nənəmin sinəsindəki o damğanın çox acılı sirri bu imiş. Nənəm Vətən deyərək dünyasını dəyişdi. Sinəsi dağlı, qəlbi kövrək, nisgili böyük!

Arzu edirəm Vətən həsrəti çəkən insanlar tezliklə yurd yerlərinə, doğma ocaqlarına qovuşsunlar. Mən əminəm ki, o gün gələcək və Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.