Qərb qonşumuz yeni himayədarının göstərişini gözləyir
Siyasət

Qərb qonşumuz yeni himayədarının göstərişini gözləyir

Son bir ildə Qərb öz qapısını bağlayıb və gəlib şərqdə oturub. Dəvətsiz qonaq utanmazcasına bütün məsələlərə müdaxilə edir. Buna isə şərait yaradan məhz ev sahibi, yəni Ermənistandır. Yalnız o qalıb ki, referendum keçirilsin və ölkə rəsmən Qərbin tərkibinə qatılsın. Görünür, başı bəlalar çəkmiş Cənubi Qafqaz yaxın zamanda buna da şahid olacaq. Maraqlısı odur ki, "Ermənistanın uzaq ellərdəki doğması", - deyəndə ağlımıza ilk Fransa gələrdi. Nədənsə, son dönəmlər rəsmi Paris yalan olub, Ağ Ev isə gerçək...

Hazırda ABŞ-ın ştatlarının sayı 50-dir. Hər birinin öz bayrağı, adətləri, hətta dil qaydaları var. Ermənistan isə faktiki olaraq 51-ci ştatdır. Hətta münaqişələrin davam etdiyi Texasla Ermənistanın yerini dəyişmək də olar. Texas bu gün öz haqlarını tələb edir və ABŞ üçün maneələr törədir, işini ləngidir. Buna görə də, Ağ Ev indidən özünə yeni "övlad" seçib. Qərb qonşumuzun Texasın yerini alması üçün tək əngəli əgər "stan"dırsa, o zaman bir-iki hərfin yerini dəyişib, Ermənistanı "Ermas" edərlər. Yüksək səviyyədə araşdırmalar edən erməni alimləri də çıxıb deyər ki, əslində filanıncı illərdə oralarda erməni əsilli əhali yaşayıb, lakin onlara qarşı "soyqırımı" törədilib deyə köçüb gəliblər Şərqə. Bu da "Ermas"ın "qədim" tarixi.

Bu ssenari heç də absurd deyil. ABŞ-Ermənistan hökumətlərarası məsləhətləşmələrində əldə edilmiş razılaşmalar bunları deməyə əsas verir. Vaşinqtonun himayəsinə keçən Paşinyan hakimiyyətinin isə qərbpərəst olduğu çoxdan bəlli idi. Bütün bunlar İrəvanın siyasi elitasının lap ürəyindəndir. Hazırda baş verənləri əsas götürsək deyə bilərik ki, İrəvan nəinki anti-Rusiya kursunu davam etdirir, hətta bu kursun perspektivi baxımından son dərəcə ciddi impuls qazanır. Əlbəttə, buradakı əsas məqam Qərb qonşumuzun Birləşmiş Ştatlardan qazandığı dividenddən Azərbaycan əleyhinə bəhrələnməsidir. Buna görə təhlillər edib, yeni nəzəriyyələr irəli sürməyə ehtiyac yoxdur. Görünən kəndə bələdçi lazım deyil. Təəssüf ki, nə Ermənistan hakimiyyəti, nə də cəmiyyəti o təfəkkürdə deyil ki, Azərbaycanla, o cümlədən digər qonşularla normal münasibət saxlasın. Avropalaşmaq arzusu ilə alovlananlar xoşbəxtliyi uzaqlarda axtarır. Hələ bu bəs deyilmiş kimi, sözün əsl mənasında Qərbin sözü ilə oturub-durur.

Hətta Ağ Ev bölgədə olan "fransız ətrinin" qoxusunu da ortadan yox etməyə çalışır. Axı, ABŞ Makron administrasiyasının təəssübkeşliyindəki boşluğun yerini əməli addımlarla doldurmaq əzmini nümayiş etdirir. Vaşinqton təzə ştatını Fransanın "güllü ətəyindən" götürüb öz qucağına qoyur. Belə ki, fransalı siyasiləri görməyə adət etdiyimiz Ermənistan torpaqları bu gün ABŞ rəsmiləri üçün açıq karvansara olub. Nikol Paşinyan iki aydan da az bir müddətdə İrəvanda ABŞ səfiri Kristina Kuin ilə ikinci dəfə bir araya gəlib. Hər zaman olduğu kimi, rəsmi məlumatda görüşdə sadəcə "əməkdaşlıq məsələlərinin müzakirə olunduğu" qeyd edilib. Paşinyan isə açıqlama verməkdə gecikməyib və vurğulayıb ki, bu görüşlər ikitərəfli əlaqələri inkişaf etdirir. Buna görə də, tez-tez görüşmək zəruridir. Həmçinin qeyd edib ki, Ermənistanda "demokratik islahatların" həyata keçirilməsində ABŞ-ın rolu xüsusi yerə malikdir.

Buradan da rəsmi İrəvanın sülh müqaviləsinə niyə yaxın durmadığı bəlli olur. Yeni himayədarının göstərişini gözləyən Paşinyan bəyan edib ki, İrəvan ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində səylərini və regionda sabitliyin bərqərar olması istiqamətində atdığı addımları yüksək qiymətləndirir. Görüşdə həmsöhbətlər, Cənubi Qafqazda gedən proseslər və regional kommunikasiyaların blokadadan çıxarılması imkanları ətrafında da fikir mübadiləsi aparıblar. Lakin burada bəzi məqamlar şübhəlidir. Reallıq budur ki, K.Kuin Paşinyanın yaxın gələcəkdə edəcəklərini bir-bir söyləyib, "çalışqan şagird" də bütün deyilənləri olduğu kimi qeyd edib. Görünür, Paşinyan dərsi yaxşı anlamayıb. Çünki ABŞ rəsmisi görüşdən dərhal sonra baş nazirin müavini Mqer Qriqoryanın qəbuluna yazılıb. Eyni söhbəti nazirin müavini ilə bir də təkrar edən Amerika rəsmisi xüsusi vurğulayıb ki, ABŞ biznesi mütləq Ermənistanda olmalıdır. Bu kontekstdə Mqer Qriqoryan da heç gecikmədən ölkələrindəki investisiya mühitinin təmin edilməsi üzrə görülən işləri təqdim edib. O budaqdan bu budağa qonan haylar əllərinə düşən fürsətdən ən yaxşı formada istifadə etməyə çalışırlar. Himayədarlarına zəli kimi yapışır, bütün qanını sömürürlər. ABŞ isə bundan xəbərdardır. Dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistanda olan Ağ Ev heç də bütün bunları əbəs yerə etmir. Rusiyanı bölgədən çıxarıb, İrəvanı özündən tamamilə asılı vəziyyətə salmaq istəyir. Əslində, görüşdə iqtisadi məsələlərin ön planda olması da bundan qaynaqlanır. Ermənistanın Moskva ilə qurduğu ticari əlaqələr bu gün onlara ayaqbağı olur. İndi Paşinyan nə qədər anti-Rusiya fikirləri səsləndirsə də, nəticədə yenə Moskvadan aslıdır. Buna görə də, mövcud ipləri əlinə almaq istəyən ABŞ bütün düymələrə eyni anda basır. Əlindən gəldiyi qədər ticari, elmi (Ağ Evin qısa müddətdə Ermənistanda laboratoriyalar açması) cəhətdən özünə bağlayır. Bayden adminstrasiyasının bu hiyləgər illüziyası isə görünür, Paşinyanın gözlərini kor edib, həqiqətləri görməsinə əngəl törədir. Buna görə də Ermənistana artıq "Ermas" desək, daha düzgün olar.

Töhfə SƏMƏDOVA,

"Respublika".