Qərb niyə yenidən
Siyasət

Qərb niyə yenidən "sülh quşu"na çevrildi?

Birləşmiş Ştatlar Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək. Bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter açıqlama verib. O qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasını istəyir: "Son bir il ərzində biz rəsmi Bakı və İrəvan arasında bir sıra danışıqları dəstəkləmişik. Dövlət katibi Blinken regionda münasibətlərin normallaşmasına, açıq ünsiyyətə və ticarətə yol açacaq sülh sazişinin imzalanması səylərində şəxsən iştirak edib ki, bu da Cənubi Qafqaz ölkələrinin maraqlarına uyğundur".

Karpenter onu da bildirib ki, Ağ Ev bundan sonra da tərəflər arasında görüşlərin keçirilməsi üçün təkliflər verməyə davam edəcək. Bu açıqlamanın fonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Antoni Blinken Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşüblər. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş verən son hadisələri müzakirə ediblər.

Məlumdur ki, rəsmi Bakı Vaşinqtondan verilən qərəzli açıqlamalara görə bu platformada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən imtina etmişdi. Bundan sonra Ağ Evin riyakarlığı bir müddət də davam etdi, xüsusilə USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisinə çevrilərək Cənubi Qafqazdakı reallığı təhrif etdi. Amma sonra Birləşmiş Ştatlar Azərbaycanın strateji mövqedə yerləşməsi reallığı ilə barışaraq geri addım atmağa məcbur oldu. Nəhayət, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı Vaşinqton rəsmisi münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Dövlət başçımız həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Sözsüz ki, bu addım səbəbsiz ola bilməzdi. Hazırda müxtəlif amerikalı rəsmilərin verdiyi açıqlamalar onu sübut edir ki, Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın sülh sazişinə dair təkliflərindən qaynaqlanır. Ağ Evdə anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə "təmas strategiyasına" qayıtdılar. Vaşinqtonun sülh təkliflərini də ölkəmizə Ceyms O`Brayn gətirəcək.

Birləşmiş Ştatlar üçün Bakı ilə İrəvan arasındakı sülhün Moskvanın çətirindən kənarda imzalanması kritik əhəmiyyətə malikdir. Çünki Ağ Evi Cənubi Qafqazdakı sülh maraqlandırmır, sadəcə olaraq, bu məsələ onun böyük planının tərkib hissəsidir. Belə ki, ABŞ Mərkəzi Asiyadan başlayıb Azərbaycandan keçərək Türkiyəyə, oradan da Avropaya gedən ticarət yolunun açılmasında maraqlıdır. O, bununla Orta Dəhlizi nəzarətə götürə biləcək. Bu isə Çini prosesdən kənarlaşdırmaq deməkdir. Çünki Orta Dəhliz Pekinin planına uyğun reallaşarsa, bu, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər. Eyni zamanda Çinin Vaşinqtonun əsas strateji düşməni olduğunu nəzərə alsaq, bu məsələnin nə dərəcə vacib olduğu aydınlaşır. Ağ Ev bu planına marionet ölkəsi olan Ermənistanı da daxil edir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın "15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər" açıqlaması da bununla bağlıdır.

Amma rəsmi Bakı hələlik proseslərin inkişafını müşahidə edir. Çünki Azərbaycan da Ermənistan kimi düşünülməmiş siyasət yürütsə, Cənubi Qafqaz ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasının meydanına çevrilə bilər. Buradan da o nəticə çıxır ki, ölkə başçımızın yürütdüyü siyasət regionun böyük güclərin siyasi alətinə çevrilməsinə imkan verməyəcək. Əgər Birləşmiş Ştatlar həqiqətən Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasını və özünün bu prosesdə vasitəçilik missiyasını yerinə yetirməyini istəyirsə, o zaman şəxsi mənafeyini kənara qoyub, ədalətli yanaşma sərgiləməlidir. Unutmamalıdır ki, regionda sülhün imzalanması ilk növbədə İrəvan və kollektiv qərb üçün kritik əhəmiyyətə malikdir. Odur ki, əgər bu gün ölkəmiz ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında bağlanacaq sülhə hazır olduğunu bəyan edirsə, Ermənistan və ağaları da bu tarixi fürsəti əldən qaçırmamalıdırlar.

Jalə QASIMZADƏ,

"Respublika".